“Proseslərin gedişində bəlli oldu ki, münaqişənin həllində əsas fiqur kimi məhz Rusiya çıxış edir” Siyasət

“Proseslərin gedişində bəlli oldu ki, münaqişənin həllində əsas fiqur kimi məhz Rusiya çıxış edir”

Arzu Nağıyev: "Avropa Birliyi ilk dəfə Azərbaycanın ərazi bütövlüyü məsələsini rəsmi sənədlə təsdiqləyərək dəstəklədi"

"Gələn il artıq 30 ildir davam edən Dağlıq Qarabağ probleminin həllində hansısa ciddi irəliləyişin olacağı inandırıcı deyil". Bunu politoloq Arzu Nağıyev bildirib. Onun sözlərinə görə, son illər Dağlıq Qarabağ məsələsində proseslərə təkan verən ən böyük hadisə 2016-cı ilin aprel döyüşləri, Lələtəpə və Talışdakı hərbi əməliyyatlar olub: "Bu əməliyyatlar problemin həlli istiqamətində aparılan danışıqlarda bir dönüş yaratdı. Məhz bundan sonra Ermənistan rəhbərliyi hiss etdi ki, bu hadisələr hər an böyük müharibəyə çevrilə və Azərbaycan hərbi yolla öz torpaqlarını işğalçılardan azad edə bilər. Təsadüfi deyil ki, həmin əməliyyatlardan dərhal sonra Ermənistan ordusunda ardıcıl istefalar, yüksək vəzifəlilərin qovulması baş verdi. Onlar erməni ordusunun daha zəif olduğunu əməli olaraq hiss elədilər. Daha sonra Rusiya dərhal bu məsələyə müdaxilə etdi və guya vasitəçi, əslində isə, Ermənistanın müttəfiqi kimi baş rolda çıxış etməyə başladı. Proseslərin gedişində bəlli oldu ki, münaqişənin həllində əsas fiqur kimi məhz Rusiya çıxış edir. 2017-ci ildə isə bu istiqamətdəki proseslər diplomatiya, diaspora və QHT-lər müstəvisində davam etdi. Ən əsas məqamlardan biri odur ki, Avropa Birliyi ilk dəfə Azərbaycanın ərazi bütövlüyü məsələsini rəsmi sənədlə təsdiqləyərək dəstəklədi və bu məsələnin həllini Azərbaycanın suverenliyi çərçivəsində gördüyünü bəyan etdi. Bu isə bizim üçün böyük qələbə idi". A.Nağıyev qeyd edib ki, təəssüf doğuran məsələ odur ki, ATƏT-in Minsk qrupunun həmsədrləri yenə də deklarativ bəyanatlardan bircə addım da olsun irəli getməyiblər: "Yenə də super güclərin maraqları hiss olundu. Bütün Qərb bilir ki, Rusiya bu məsələni necə qabardıbsa, o şəkildə də həll etməlidir. Rusiya da öz nüfuzunu bərpa etmək bir neçə varianta əl atdı. Münaqişənin həlli ilə bağlı Kazan protokollarının, Sankt-Peterburq, Vyana, İsveçrə danışıqlarının olmasına baxmayaraq, Ermənistana təzyiq mexanizmləri işlənmədi. Ermənistan prezidenti isə öz hakimiyyətini qoruyub saxlamaq üçün bir sıra siyasi gedişlər etdi. Belə ki, Serj Sarkisyanın danışıqlarda prezidentlərin görüşündən dərhal sonra işğal olunmuş Dağlıq Qarabağ ərazisinə gəlməsi, hərbi təlimlərdə iştirak etməsi birmənalı olaraq göstərdi ki, o hakimiyyətdə olduğu müddətdə bu problemin həllinin istəmir, əksinə, bunun əleyhinədir. Bu amil Ermənistanda ictimai-siyasi vəziyyətə təsir edən əsas məsələlərdən biridir". Ekspert əlavə edib ki, son zamanlar Qarabağ məsələsinin həllində həm diplomatik, həm də hərbi müstəvidə baş verənlər, o cümlədən Azərbaycan, Rusiya və Ermənistanda keçiriləcək prezident seçkiləri mühüm amil kimi ortaya atılıb: "Rusiya təbii ki, regional münaqişələrin həllində rolunu qabartmağa can atacaq. Ermənistan nəyin bahasına olursa olsun, Dağlıq Qarabağ probleminin həll olunmamasına çalışacaq, çünki radikal separatçılar, müharibə tərəfdarları buna heç imkan da verməyəcək. Azərbaycan isə prioritet olaraq Dağlıq Qarabağ probleminin həllini və işğal olunmuş ərazilərin qaytarılmasını 1 nömrəli məsələ kimi qarşıya qoyub. Ona görə də istər hərbi, istərsə də diplomatik yolla işğalçı erməni ordusunu Azərbaycan torpaqlarından çıxarmağa çalışacaq. Amma 2018-ci il ərzində Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı çərçivə sazişinin imzalanması və ya qərarın veriləcəyi inandırıcı görünmür. Ən azından Ermənistanda seçki prosesi bitməyincə bununla bağlı ciddi addım atacağını gözləmək olmaz".