“Birlikdə uğurlara imza atacağıq” Siyasət

“Birlikdə uğurlara imza atacağıq”

Aydın Hüseynov: "Son illər türk dövlətləri arasında münasibətlər daha da irəliyə aparılıb"

"Türkdilli dövlətlərin əməkdaşlıq şurasının zirvə toplantısı ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni əlaqələrin genişləndirilməsi ilə yanaşı həm də xalqlarımız arasında mənəvi bağlılığın gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir".
Bunu BayMedia-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şura üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib. Onun sözlərinə görə, son illər türk dövlətləri arasında münasibətlər daha da irəliyə aparılıb: "Azərbaycan türk dövlətləri arasında əlaqələrin inkişafına xüsusi önəm verir və bu istiqamətdə onun fəaliyyətinin uğurlu nəticələri göz qabağındadır. Eləcə də digər qardaş türk dövlətləri münasibətlərimizin daha da irəliyə aparılmasında maraqlıdırlar".
A.Hüseynov onu da əlavə etdi ki, artıq türk dövlət başçıları erməni təcavüzü nəticəsində yaranan Dağlıq Qarabağ probleminin Orta Asiyada təhlükəsizliyə daim təhdid olduğunu bəyan edirlər və Azərbaycanın yanında olduqlarını açıq formada göstərirlər: "Qazaxıstan prezidenti Nursultan Nazarbayevin son addımını da bu baxımdan təqdirəlayiqdir. Hesab edirəm ki, bundan sonra da münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edəcək və biz, birlikdə uğurlara imza atacağıq".