Gürcüstanın Ermənistana vermək istədiyi “nəfəs” kəsildi... Siyasət

Gürcüstanın Ermənistana vermək istədiyi “nəfəs” kəsildi...

Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin müsahibəsində 2011-ci ildə Rusiya ilə Gürcüstan arasında imzalanmış müqavilənin reallaşmasına imkanlarından, bunun Ermənistana təsir perspektivindən danışıb.
Qeyd edək ki, Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin erməni mallarının fors-major hallarında Abxaziya və Cənubi Osetiya vasitəsilə nəqliyyat dəhlizlərindən keçməsinin mümkünlüyü barədə bəyanatı Gürcüstan müxalifətində güclü reaksiya doğurmuşdu və qalmaqala səbəb olmuşdu. Bu məsələ Azərbaycanda da etirazla qarşılanmışdı.
Bu dəhlizlər 2011-ci ildə Gürcüstanla Rusiya arasında imzalanmış "Gömrük idarəetməsi və malların monitorinqinin əsas prinsipləri haqqında" sazişlə müəyyən edilib. Saziş çərçivəsində 2017-ci ilin dekabr ayının 19-da Berndə Gürcüstan Gəlirlər Xidməti (ölkənin Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərir) İsveçrənin SGS şirkəti ilə malların monitorinqi üzrə müqavilə bağlayıb.
Müqavilədə Ermənistan tərəfindən bu dəhlizlərdən Rusiyaya malların təchizi məqsədilə istifadəsi barədə məsələ yer alıb.
"Tərəfimizdən imzalanmış müqavilənin heç bir bəndi dövlətimizin maraqlarının əleyhinə deyil. Mən təkrar edirəm, söhbət ancaq fors-major situasiyadan gedir, yəni qar yağanda, yaxud Yuxarı Lars keçidi istiqamətində qar uçqunu, sürüşmə baş verəndə. Vurğulayıram ki, fors-major hallarında Tsxinvaldan keçən (Rok tuneli vasitəsilə) dəhlizdən Türkiyə, Ermənistan və ölkənin tranzit statusundan istifadə edən digər dövlətlər yararlana bilərlər" - Kvirikaşvili belə demişdi.
Qriqori Karasin isə bu yaxınlarda bildirdi ki, bu müqavilə Rusiya ilə Gürcüstan arasında gərgin olan münasibətlərin normallaşmasına yönəlib.
Gürcüstanın müxalif "Vahid Milli Hərəkat" Partiyasının üzvü, ekspert David Darçiaşvili Ermənistan mətbuatına deyib ki, bu yollar açılsa, Ermənistan üçün xeyirli olacaq.
Lakin əsas düyün tranzit ərazilərin statusu məsələdir – söhbət Abxaziya və Cənubi Osetiyadan gedir.
O, Gürcüstanın bu məsələdə mövqeyinin dəyişəcəyinə ümid etmədiyini bildirib. Qeyd edib ki, əgər Gürcüstan Rusiyaya güzəştə gedərək Abxaziya və Cənubi Osetiyanı tranzit kimi istifadəyə versə, bu, Tbilisinin Moskvanın işğal faktına məhəl qoymaması anlamına gələcək.
"Bu yol açılsa, ondan hamı istifadə edə bilər, lakin prioritet həmin ərazilərin statusu məsələsidir. Hüquqi status Gürcüstan üçün çox önəmli məsələdir. Yollar açılsa, onlardan hər kəs istifadə edə bilər, lakin bu yollara nəzarət və statusu müəyyən etmək lazımdır. Çünki bu əraziləri Rusiya işğal edib. Bu isə nəqliyyat və iqtisadi məsələlərin həllində əngəl daşıdır " – Darçiaşvili bildirib.
Əslində bekə düşünmək olar ki, Rusiyanın xarici işlər naziri Karasin mətnaltı olaraq Ermənistanın Rusiyanın xeyrinə bu ərazilərin statusunu tanımalı olduğuna işarə edib. Rusiya Avrasiya İttifaqının lokomitivdir və Kreml mümkün olan hər şeyi edir ki, Ermənistan rəhbərliyini bu təşkilatdan xeyir qazana biləcəyinə inandırsın.
Qərbin tətbiq etdiyi sanksiyalar fonunda düşünmək olar ki, Rusiya Abxaziya və Cənubi Osetiya kartından istifadə etməklə Ermənistandan dividentlər qazanmağa çalışır. Üstəgəl öz müttəfiqini də təcrid vəziyyətindən qismən qurtarmağa çalışır.
Digər ekspert Alik Eroyan qeyd edib ki, Rusiya özünün Cənubi Qafqaz strategiyasında belə siyasi məzmunu saxlamağa meyllidir.
Onun sözlərinə görə, Moskvanın belə mövqeyi Ermənistan üçün xeyirlidir, çünki Ermənistan nəqliyyat dəhlizlərindən istifadə edə bilər.
Bu arada, Gürcüstan rəsmi şəkildə bəyan edib ki, Rusiyadan daha qaz almayacaq və tələbatını Azərbaycan qazı hesabına təmin edəcək.
Tbilisinin Rusiya qazından tam imtina edəndən cəmi bir gün sonra - yanvarın 31-də Rusiya parlamenti Gürcüstanın qanuni ərazilərinin işğalını rəsmiləşdirmək yönündə növbəti addım atıb: Federasiya Şurası "Cənubi Osetiya hərbi birləşmələrinin Rusiya ordusu tərkibinə daxil olması qaydaları haqda" ikitərəfli sazişi ratifikasiya edib. Bu da gözlənildiyi kimi, Gürcüstanın hiddətinə səbəb olub.
Gürcüstan baş nazirinin Moskva ilə əlaqələrə dair xüsusi nümayəndəsi Zurab Abaşidze Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə Cenevrədə keçirdiyi görüşə diqqət çəkərək qeyd edib: "Bildiyiniz kimi, bizim format işğal altındakı ərazilərlə bağlı məsələləri özündə ehtiva eləmir. Ancaq buna baxmayaraq, görüşün əvvəlində mən diqqəti son vaxtlar Abxaziya və Cənubi Osetiyada gedən fitnəkar proseslərə yönəltdim. O cümlədən Tsinxval regionundakı qanunsuz silahlı birləşmələrin Rusiya ordusu tərkibinə daxil edilməsi barədə anlaşmanın Rusiya Duması tərəfindən ratifikasiya edilməsinə yönəltdim. Həmçinin diqqəti Axalqoridə qanunsuz gömrük məntəqəsinin açılmasına çəkdim".
Proseslərin belə məcraya yönəlməsi isə Ermənistan üçün bəlaya çevriləcək. Çünki, Gürcüstan Rusiya ilə münasibətlərin normallaşması fonunda Ermənistana "nəfəslik" vermək istəyirdi, lakin Tbilisinin son addımları Rusiyanı qəzəbləndirib, Moskvanın isə adekvat təxribatçı tədbirləri Gürcüstanın hiddətinə səbəb olub.
Belə olan halda isə Ermənistan üçün alternativ nəqliyyat dəhlizləri məsələsi arzu olaraq qalacaq.