“Qadın və seçki hüququ” mövzusunda konfrans keçirilib Siyasət

“Qadın və seçki hüququ” mövzusunda konfrans keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura "Qadın və seçki hüququ" mövzusunda konfrans keçirib.
Konfransda ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında fəallıq göstərən qadınlar iştirak edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Rəna Mirzəzadə bildirib ki, konfransın keçirilməsində məqsəd 1918-ci il mayın 28-də qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən əvvəl qadınlara seçki hüququnun verilməsinin 100 illiyinin qeyd olunmasıdır.
Şura sədrinin sözlərinə görə, məqsəd eyni zamanda aprelin 11-də keçiriləcək prezident seçkilərində qadınları fəal iştiraka dəvət etməkdir.
"Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva cümhuriyyət dövründə qadınların təhsil alması, maariflənməsi üçün atılan addımlardan danışıb, müstəqil Azərbaycan dövlətinin və Azərbaycan Xalq Cümhuriyyətinin qadın siyasəti arasında paralellər aparıb. S. Vəliyeva qeyd edib ki, Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu gündən-günə artır və qadın siyasəti Azərbaycan dövlətinin prioritet istiqamətini təşkil edir. O vurğulayıb ki, qadınlar aprelin 11-də keçiriləcək seçkilərdə öz səslərini dövlətin sabitliyini və inkişafını təmin edən prezident İlham Əliyevə verəcəklər.
Tədbirdə digər çıxış edənlər qadın və seçki hüququ mövzusunda fikirlərini bildirib, qadınları seçkilərdə fəal olmağa çağırıblar.