“Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində” Siyasət

“Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində”

Aytən Mustafayeva: "Ermənilər qədim Azərbaycan dövləti olan Albaniya ilə bağlı bütün faktları saxtalaşdırırlar"
PA rəsmisi: "Azərbaycan erməni xalqını İrəvandakı rejimin ona sırıdığı yalanlardan xilas edəcək"

Ötən gün Bakıda "Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində" mövzusuna həsr olunmuş beynəlxalq konfrans öz işinə başlayıb.
Qeyd edək ki, Konfrans Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun birgə təşkilatçılığı, YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin dəstəyi ilə keçirilir. Bu gün də davam edəcək konfransda Rusiya, Polşa, Gürcüstan, Litva, Ukrayna, Belarus və Qazaxıstandan dəvət edilmiş alimlər də iştirak edir.
Tədbirin açılışında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Qafqaz Albaniyası mövzusu üzrə hüquqi, dini və mədəni irs aspektlərini əhatə edən konfransın keçirilməsində əsas məqsəd Azərbaycanın Qafqaz Albaniyası irsinin mənəvi varisi olması və onun təbliği ilə bağlı fəaliyyət perspektivlərinə stimul verilməsi, gələcəkdə bu istiqamətdə nəzərdə tutulan tədbirlərin görülməsi ilə bağlı müzakirələrin aparılmasıdır. Onun sözlərinə görə, Azərbaycanda abidələrin qorunub saxlanması istiqamətində mühüm işlər görülür. Nazir qeyd edib ki, Qafqaz Albaniyasının tarixi və mədəni irsinin qorunması ilə bağlı araşdırmalar davam etdiriləcək.
AMEA-nın İnsan Hüquqları və Konfliktologiya İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva bildirib ki, mədəni irs nümunələri hansı ölkədə olmasından asılı olmayaraq, bütün insanlıq üçün böyük əhəmiyyət daşıdığından qorunub saxlanmalı, gələcək nəsillərə necə varsa, elə də ötürülməlidir. Onun sözlərinə görə, münaqişə yaradan və digər dövlətin ərazisini işğal edən ölkələr beynəlxalq hüquq normalarını pozaraq, eləcə də dünyanın əksər ölkələrinin qoşulduğu müvafiq konvensiyanın tələblərinə məhəl qoymayaraq, tarixi və mədəni irs nümunələrini məhv edir və ya özününküləşdirərək oğurlayırlar: "Erməni işğalı nəticəsində Azərbaycana dəyən humanitar, mədəni və tarixi zərərin miqyasları çox böyükdür. Ermənilər işğal etdikləri ərazilərdə Azərbaycanın mədəni irsini təmsil edən obyektləri xüsusi həyasızlıqla məhv ediblər.
A.Mustafayeva bildirib ki, erməni işğalçılarının Azərbaycanın Dağlıq Qarabağ regionundakı milli-mədəni sərvətlərinə vurduğu zərər heç bir ölçüyə sığmır. Belə ki, qarət olunmuş və məhv edilmiş əşyalar təkcə Azərbaycanın deyil, bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir: "Azərbaycan ərazisində mövcud olan qədim dövlətlərdən biri Albaniyadır. Məlum olduğu kimi, Qafqaz Albaniyası eramızdan əvvəl IV-III əsrlərdən bizim eranın VIII əsrinə qədər, yəni ərəb xilafəti tərəfindən işğal edilənə qədər mövcud olub. Paytaxtı əvvəllər Qəbələ, daha sonra isə Bərdə şəhərləri olan bu dövlətin ən mühüm vilayətlərindən biri indiki Dağlıq Qarabağ ərazisi olub. Qafqaz Albaniyası çoxmillətli, tolerant münasibətin bərqərar olduğu bir ölkə olub. Burada kifayət qədər inkişaf etmiş hüquq sistemi var olub. 498-ci ildə Aquen dini yığıncağı dövlət və kilsə hüququna dair bir sıra normalar müəyyən edib. Aquen qanunları da sübut edir ki, Albaniyada əhalinin müxtəlif təbəqələri arasında hüquqi münasibətlər yüksək səviyyədə tənzimlənirdi. Tarixi faktlara və əldə edilmiş tədqiqat materiallarına əsasən, Albaniya dövlətinin varisi bu gün məhz Azərbaycan Respublikasıdır. Bu gün Azərbaycanda yaşayan udinlər, avarlar, xınalıqlar və digər tayfalar albanların nəslindəndir. Təəssüflər olsun ki, hazırda işğal altında olan Qarabağ torpaqlarında və indiki Ermənistan ərazilərində çoxsaylı Alban məbədləri və digər tarixi-memarlıq abidələri qalıb. Alban kilsə, məbəd və monastrları özünün bir çox xüsusiyyətlərinə görə, xristianlığın digər müvafiq abidələrindən və ibadət yerlərindən fərqlənir. Terroru və işğalçılığı dövlət siyasəti səviyyəsinə qaldıran və türk, Azərbaycan və alban tarixi və mədəniyyəti ilə bağlı hər bir şeyi görünməmiş şəkildə mənimsəyən ermənilər tərəfindən bu abidələr tamamilə erməniləşdirilib və ya məhv edilib".
Millət vəkili qeyd edib ki, erməni millətçiləri öz işğal siyasətlərinə haqq qazandıraraq bütün qədim Alban abidələrinin "Erməni abidələri" olduğunu bildirirlər: "Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində hazırda erməni separatçılarının dövriyyəyə buraxdığı pul vahidlərinin üstündə də qədim alban məbədi təsvir olunub. Qafqaz regionuna gəlmə xalq olan ermənilərin antik alban mədəniyyəti ilə heç bir tarixi, hüquqi bağlılığı yoxdur. Ermənilər qədim Azərbaycan dövləti olan Albaniya ilə bağlı bütün faktları saxtalaşdırırlar".
YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının I katibi Günay Əfəndiyeva qeyd edib ki, Qafqaz Albaniyasının tarixinin, etnoqrafiyasının, mədəniyyətinin, sosial münasibətlərinin araşdırılması böyük əhəmiyyət kəsb edir. Çünki söhbət Azərbaycanın keçmişindən, bu günədək miras olaraq qalmış zəngin mədəni irsimizdən gedir.
O qeyd edib ki, ermənilər işğal etdikləri Azərbaycan ərazilərinə YUNESKO-nun texniki missiyasının göndərilməsinə imkan vermirlər: "Qafqaz Albaniyası mövzusu YUNESKO üçün çox önəmlidir. Çünki belə mövzular elmi, mədəni cəhətdən prioritetdir. Bu baxımdan Qafqaz Albaniyasının tarixi bir nümunə kimi göstərilə bilər. Azərbaycanda mədəni irs, mədəni dəyərlər, onların qorunub saxlanmasına böyük önəm verilir. Heydər Əliyev Fondunun bu sahədə fəaliyyəti təkcə ölkənin sərhədləri ilə məhdudlaşmır. Fond tərəfindən xaricdə də mədəni, dini, tarixi abidələr bərpa olunur, onların qorunub saxlanmasına, mühafizəsinə maliyyə dəstəyi verilir. Lakin bu qədər dünya mədəni irsinə önəm verən Azərbaycan təəssüflər olsun ki, özünün bəzi ərazilərində bunu etməkdən məhrumdur. Söhbət Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindən gedir. Azərbaycan uzun illərdir ki, müxtəlif beynəlxalq kürsülərdən həmin ərazilərə texniki missiyaların göndərilməsinə çağırır. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində bunu həyata keçirmək mümkün deyil".
Ermənilərin Qafqaz regionuna gəlmə xalq olduqlarını deyən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov isə beynəlxalq konransda diqqəti Ermənistanın işğalçı siyasətini tarixi gerçəkləri təhrif etməklə ört-basdır etməsi faktına yönəldib: "Azərbaycan erməni xalqını İrəvandakı rejimin ona sırıdığı yalanlardan xilas edəcək. Ermənistan hakimiyyəti Azərbaycan prezidenti İlham Əliyevin indiki Ermənistan dövlətinin İrəvan, Göyçə, Zəngəzur kimi əzəli Azərbaycan torpaqlarında yaradılması barədə bəyanatlarına qeyri-adekvat reaksiya verir. Ermənistan rejiminin cinayətlərindən biri də yalanlar uyduraraq öz xalqını cəhalət içində saxlamağa çalışmasıdır. İş o yerə çatıb ki, hətta erməni mənşəli xarici alimlər belə şikayətlənirlər ki, rəsmi İrəvan onların öz tarixlərini araşdırmasına imkan vermir".
Sektor müdirinin sözlərinə görə, bununla bağlı artıq onun "Saxtakarlıqları ifşa edənlər" kitabının iki cildi çapdan çıxıb, hazırda üçüncü cild üzərində iş gedir. Eyni zamanda, bu mövzuda daha bir sənədli film hazırlanır.
F.Axundov deyib ki, mayın 28-də Azərbaycan özünün Respublika Gününü qeyd edərkən Ermənistanda Azərbaycan əleyhinə iki film nümayiş etdirilib. Bu, Ermənistanın Mədəniyyət Nazirliyi və İrəvan şəhər meriyasının dəstəyi ilə çəkilmiş "Tarixin saxtalaşdırılması: Azərbaycan" və "Romadan qədim şəhər" adlı filmlərdir. Həmin filmlər prezident İlham Əliyevin hazırkı Ermənistan Respublikasının əzəli Azərbaycan torpaqlarında yaradılması barədə bəyanatlarına özünəməxsus cavab cəhdidir. İrəvan şəhərinin guya hələ İrəvan qalası tikilməzdən əvvəl mövcud olmasını sübut etmək məqsədilə erməni saxtakarları filmdə 14-15-ci əsrlərə aid pul sikkələri nümayiş etdirir və iddia edirlər ki, onlar İrəvanda hazırlanıb. Lakin apardığımız araşdırma zamanı müəyyən olunub ki, Şirvanşahlar dövlətinə aid bu sikkənin üzərində İrəvan deyil, İran Kürdüstanında yerləşən Marivan şəhərinin adı qeyd olunub".
PA rəsmisinin sözlərinə görə, bu, çoxsaylı saxtakarlıq faktlarından yalnız biridir və təkcə adıçəkilən erməni filmlərində belə uydurmalar kifayət qədərdir.
F. Axundov hesab edir ki, erməni tərəfinin belə davranmasının səbəbləri məlumdur. Onlar sonradan ermənilərin məskunlaşdırıldığı bütün ərazilərdən Azərbaycan sivilizasiyasının izlərini silməyə çalışır. Eyni aqibəti hazırkı Ermənistan ərazisində və işğal altında olan Azərbaycan torpaqlarında yerləşən alban xristian abidələri də yaşayır və bunun bariz nümunəsi Qanzasar monastır kompleksidir.
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov isə onların Azərbaycan tarixini saxtalaşdırmaq, onun mədəni irsini özünüküləşdirmək cəhdlərindən danışıb.
Digər natiqlər isə Qafqaz Albaniyasının tarixi, onun qorunması və digər məsələlər barədə məruzə ilə çıxış ediblər.
Açılış mərasimindən sonra konfrans Qafqaz Albaniyasının mədəni irs nümunələrinin milli və beynəlxalq səviyyədə qorunması, tədqiqi və təbliği mövzularını əhatə edən plenar iclas və sessiyalarla işini davam etdirib.
Tədbir çərçivəsində beynəlxalq konfransın iştirakçıları üçün Qəbələ və Şəki rayonlarına infoturların təşkil edilməsi də nəzərdə tutulub.

TURQUT