“İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yol” kitabının təqdimatı olub Siyasət

“İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yol” kitabının təqdimatı olub

Zoltan Hernyeş: "Cümhuriyyət dövründə qadınlara seçki hüququnun verilməsi, mətbuat azadlığı ilə bağlı qərarın qəbul olunması mühüm addımlardan idi"

Beynəlxalq Mətbuat Mərkəzində "İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yol" kitabının təqdimatı keçirilib.
Bəxtiyar Qaraca və Akif Aşırlının müəllifliyi, filologiya üzrə fəlsəfə doktoru, "Kaspi" qəzeti və "Kaspi Təhsil Mərkəzi"nin təsisçisi Sona Vəliyeva və Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun ön sözü ilə işıq üzü görən kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.
Əflatun Amaşov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində kitabın çap olunmasını yüksək qiymətləndirib. O bildirib ki, son iki əsrdə milli məfkurəni, özünüdərki, azadlıq ideyasını, istiqlal hərəkatını formalaşdıran, proseslərə liderlik edən şəxsiyyətlərin həyat və fəaliyyəti, bütöv dövrün ayrı-ayrı mərhələləri kitabda əksini tapıb. Elmi-publisistik, tarixi oçerklər toplusu olan əsərin əsas ana xətti istiqlal məfkurəsinin daha geniş təbliği, yayılması və mühafizəsidir.
Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyeş deyib ki, Cümhuriyyət dövründə qadınlara seçki hüququnun verilməsi, mətbuat azadlığı, parlamentdə həmkarlar ittifaqlarının təmsil olunması ilə bağlı qərarın qəbul olunması mühüm addımlardan idi: "Bugünkü kitab Azərbaycan xalqına bir töhfədir. Avropa Şurasının Bakı nümayəndəliyi adından kitabın müəlliflərinə dərin təşəkkürümü bildirirəm. Hesab edirəm ki, bu kitab təkcə Azərbaycan xalqının yaddaşının təzələnməsi baxımından deyil, bir sıra ölkələrdə demokratik dəyərlərin təşviqi baxımından da çox dəyərlidir".
"Kaspi" qəzeti və "Kaspi Təhsil Mərkəzi"nin təsisçisi Sona Vəliyeva Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik tarixindəki yeri haqqında danışıb, kitabın dövlətçilik tariximizə böyük töhfə olduğunu deyib: "Hər sətrində tarix yatan "İstiqlal düşüncələri" kitabının müəllifləri Cümhuriyyət dövrünün əksər mərhələlərini elmi yanaşmadan çox, bədii salnamə dilinə çevirə bilib. Bəxtiyar Qaraca və Akif Aşırlının təqdimatında yer alan publisistik qeydlər kitabın adına uyğun olaraq ardıcıllıqla oxucuya çatdırılır. Maraq doğuran cəhətlərdən biri də odur ki, müəlliflər siyasi rejimlərin, dövlət idarəçilik formalarının dəyişikliyinə fərq qoymadan Azərbaycan Xalq Cümhuriyyəti faktına bütöv bir istiqlal epoxası kimi yanaşır".
Professor Cahangir Məmmədli, millət vəkili Elman Nəsirli, xalq artisti Nurəddin Mehdixanlı, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu və başqaları kitab haqqında fikirlərini bölüşüb, onun bədii və publisistik məziyyətlərindən danışıblar. Qeyd olunub ki, kitab Azərbaycan prezidenti İlham Əliyevin 16 may 2017-ci il tarixli sərəncamına uyğun dövlətçilik tariximizin şanlı səhifəsi olan Xalq Cümhuriyyətinə həsr olunub.
Kitabın müəllifləri Bəxtiyar Qaraca və Akif Aşırlı təqdimat mərasimində çıxış edən, kitab haqqında fikrini bölüşən insanlara təşəkkür ediblər.
Qeyd edək ki, yeni nəşrin ideya müəllifi İlham Məmmədov, elmi redaktoru Anar İsgəndərovdur.