“Paşinyanın hər üç səfəri iflasa uğradı” Siyasət

“Paşinyanın hər üç səfəri iflasa uğradı”

Nəzakət Məmmədova: "Rusiya onu Qərbin yeni vassalı olan baş nazir kimi qəbul etdi"

"Son günlərdə Ermənistanda və Dağlıq Qarabağda Qarabağ klanı ilə qarşıdurma dərinləşib. Paşinyan ilk səfərini Azərbaycan torpaqlarına, sonra Gürcüstana etdi. Baxmayaraq ki, bundan əvvəl də elə ən birinci Soçiyə getdi və Putinlə görüşdü, lakin bu, rəsmi səfər statusu daşımırdı.Lakin əminliklə demək olar ki, Paşinyanın hər üç səfəri iflasa uğradı". Bu fikirləri politoloq Nəzakət Məmmədova səsləndirib. Onun fikrincə, Putinlə görüşdə Rusiya onu Qərbin yeni vassalı olan baş nazir olaraq qəbul etdi: "Bu, ona bənzəyirdi ki, Rusiyanın bir quberniyasının başçısını Putinin iradəsi əleyhinə dəyişib, yerinə başqasını qoyublar. Bu görüşdə heç bir qarşılıqlı etimad formalaşmadı, olması mümkün də deyildi. Paşinyan Putini Rusiyaya münasibətdə Ermənistanın əvvəlki mövqeyində qalacağına inandıra bilmədi".
Politoloq deyir ki, Dağlıq Qarabağa olan icazəsiz səfər də oradakı separatçı ermənilərə əslən buradan olan Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılmasına baxmayaraq, Ermənistanın onlara dayaq duracağına inandırmaq idi: "Bu səfər də iflasa uğradı. Gördüyümüz kimi, Paşinyan oradan qayıtdıqdan sonra qarşıdurma yarandı. Bu da Paşinyanın istədiyinə - Qarabağ və Ermənistan erməniləri arasında həmrəyliyə nail ola bilmədiyini göstərir. O, əlbəttə ki, Sarkisyanın əlaltısı, Rusiya hərbi kəşfiyyatının agenti Saakyanın özünə yaxın olan şəxslə əvəzlənməsinə çalışır. Çünki faktiki olaraq 30 ildir ki, Qarabağ və Ermənistan vahid sistem halına gəlib. Dövlət idarəetməsində Qarabağ bir mühüm qoldur.
Ermənistanın xaricdəki səfirliklərində ən azı Qarabağın bir separatçı nümayəndəsi əyləşir. Hakimiyyətin qanunlarından biri idarəetmənin monolitliyinin təmin olunmasıdır. Orada kiçik bir çat böyük fəsadlara yol aça bilər. Görünür ki, Paşinyan da öz himayəçilərindən göstəriş alıb ki, Rusiyanın agenti və Sarkisyanın əlaltısı Saakyan hakimiyyətdən uzaqlaşdırılsın. Qərb Qarabağ məsələsini yeni, özünə uyğun formata keçirmək istəyə bilər. Paşinyanın Qarabağ separatçı icmasını danışıqlarda tərəf kimi tanıtmaq istəməsi, Rusiya XİN rəsmisinin mətbuat konfransında bununla bağlı suala emosional cavab verməsi buna verilən reaksiyanın təzahürüdür. ABŞ prezidenti Trampın prezident Əliyevə yazdığı məktubda münaqişənin yaxın aylarda həllinə olan inamını ifadə etməsi də diqqətəlayiqdir. Bütün bunlar onu göstərir ki, Qərb danışıqlar prosesini öz nəzarətinə almağa, onu yeni formatda, Rusiyadan daha az asılı şəkildə həll etməyə çalışa bilər. Paşinyan da fürsətdən istifadə edərək Qarabağ icmasını danışıqlara qoşmaq, Saakyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyir. Dağlıq Qarabağ ermənilərinə danışıqlarda tərəf kimi çıxış etməyin müqabilində Saakyandan qurtulmaq təklif olunur. Son iğtişaşlar da bununla bağlı ola bilər". Ekspert -Ermənistan baş nazirinin Gürcüstana səfərini də şərh edib: "Paşinyan Gürcüstana da səfər etdi, separatçı Axalkalakiyə baş çəkdi. Yəni o, baş nazirliyinin ilk səfərlərini iki qonşu ölkə - Azərbaycan və Gürcüstandakı separatçı ermənilərə baş çəkməklə onlarla həmrəylik nümayiş etdirdi. Lakin bu səfərlərdə istədiyinə nail ola bilmədi. Abxaziya dəmir yolunun bərpası vasitəsilə ölkəsini blokadadan çıxarmağa nail ola bilmədi. Onun bu diplomatik uğursuzluqları Qarabağ danışıqlarında da zəif durumda olacağını güman etməyə əsas verir.
Hər bir halda danışıqların yeni formata keçirilməsi uzun illərdir irəliləyiş olmayan bu sahədə dinamika yarada bilər. Lakin bu yeni formata keçid baş verərsə, bunun ölkəmizin xeyrinə olan şərtlər daxilində həll olunması ən vacib məsələdir".