Elmar Məmmədyarov AŞ PA sədri ilə görüşüb Siyasət

Elmar Məmmədyarov AŞ PA sədri ilə görüşüb

XİN rəhbəri: "Xanım Ann Brassörlə Azərbaycanın Nazirlər Komitəsində sədrliyinin prioritetləri barədə müzakirə apardıq"

Avropa Şurası Parlament Assambleyasının yay sessiyasının ilk iş günündə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov AŞPA-nın sədri, xanım Ann Brassör ilə görüşüb.
E. Məmmədyarov APA-ya eksklüziv açıqlamasında AŞPA sədri ilə görüşündə əsasən Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsindəki sədrliyi ərzində ölkənin prioritetləri barədə müzakirə apardıqlarını söyləyib: "Xanım Ann Brassör ilə çox faydalı görüş keçirdik. Mən bu görüşdə Azərbaycanın 6 aylıq sədrlik dövrü üçün əsas prioritetləri və bu dövr ərzində təsdiq olunmuş proqramımız haqda məlumat verdim. Ümumiyyətlə, biz düşünürük ki, Azərbaycanla Avropa Şurası arasındakı əməkdaşlıq daha da genişləndirilməlidir və biz inanırıq ki, buna böyük imkanlar var. Eyni zamanda, Azərbaycan həmişə açıq şəkildə öz mövqeyini həm AŞPA-ya, həm də üzv ölkələrə çatdırıb. Biz bu istiqamətdə öz işimizi davam etdiririk. Bəzi nöqsanlar, neqativ hallar əlbəttə var və biz bunları anlayırıq. Bu məsələlərin arxasında bəzi qüvvələr var, bunlar da bəzən qonşu ölkələrdən, bəzən Avropadan gəlir. Amma biz bundan qorxmuruq və öz işimizi qurmalıyıq, ilk növbədə Azərbaycanın müstəqilliyini qorumalıyıq. Azərbaycanın müstəqilliyi əbədi olmalıdır və inkişaf etdirilməlidir".
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının ilk plenar iclasında qurumun Bürosu və Daimi Komitəsinin fəaliyyətinə dair müzakirələr keçirilib.
Müzakirələrdə irlandiyalı deputat Mikael Mcnamara tərəfindən hazırlanmış "Azərbaycanda siyasi məhbuslarla bağlı qətnaməyə təklif" adlı sənəd müzakirə olunaraq səsə qoyulub. Assambleya üzvlərindən 37 nəfər lehinə, 32 nəfər əleyhinə, 10 nəfər bitərəf olmaqla sənədin AŞPA-nın İnsan hüquqları və hüquqi məsələlər üzrə Komitəsinə təhvil verilməsi qərara alınıb.