Ordun varsa yurdun var Siyasət

Ordun varsa yurdun var

Aqil Kəngərli: "Azərbaycan Ordusunun yaranması fikri 1918-ci il may ayın 28-də elan olunmuş İstiqlal Bəyannaməsində göstərilirdi"

Azərbaycan xalqının vətənin müdafiəsi uğrunda hərbi qəhrəmanlığının qədim və zəngin tarixi var. Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan, Cavanşir və Babək, Uzun Həsən və Şah İsmayıl Xətai kimi hərbi sərkərdələr müstəqilliyimiz uğrunda mübarizələrdə xalqa xidmət ediblər.
Şimali Azərbaycanın Çar Rusiyası tərkibində olduğu 90 il (1828-1917) ərzində Rusiya çarlığı xalqımızı hərbi xidmətdən məhrum edib, müsəlman azərbaycanlılar orduda xidmət əvəzinə müxtəlif cür vergilər ödəyiblər. Yalnız xalqın yüksək zadəgan və ziyalı zümrəsi içərisindən ayrı-ayrı şəxslər öz övladlarını Rusiyanın hərbi məktəblərinə göndərə biliblər və bu hesabdan göstərilən dövrdə müəyyən miqdarda azərbaycanlı zabit heyəti yaranıb ki, onlar döyüş cəbhələrində yüksək sərkərdəlik nümunələri göstəriblər...
XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycan xalqını təmsil edən onlarla görkəmli hərbi sərkərdələr yetişib. Bakıda Bakıxanovlar, Qazaxda Şıxlinskilər və Vəkilovlar, Qarabağda Cavanşirlər, Naxçıvanda Kəngərlilər, Gəncədə Cavadxanlar və digər bölgələrdə yaşayan nəsillər içərisindən çıxmış generallar Azərbaycan xalqının şan-şöhrətini bütün dünyaya yayıb.
Azərbaycanda milli ordunun yaradılması haqqında ilk təklif Rusiya çarizmi dağıldıqdan sonra, 1917-ci ilin mayında keçirilən Qafqaz Müsəlmanları Qurultayında edilib və bu qurultayda müsəlman alayları yaradılmasına başlamaq üçün xüsusi büronun təşkili haqda qərar qəbul edilib. Bundan az sonra həmin ilin oktyabrında Azərbaycan Türk Demokratik Federalistlər Partiyası (ATDFP) - "Müsavatın" I qurultayında milli ordunun yaradılması geniş müzakirə edilmişdi.
1917-ci ilin noyabrında Zaqafqaziya komissarlığı Zaqafqaziyanın respublikalarında milli hərbi korpuslarının yaradılması haqqında qərar qəbul etdi. Azərbaycan korpusunu təşkil etmək general Əliağa Şıxlinskiyə tapşırılmışdı. Lakin Ermənistandan və Gürcüstandan fərqli olaraq Azərbaycanda bu iş çox ləng gedirdi. Bunun nəticəsidir ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edildiyi bir tarixdə-1918-ci ilin 28 mayında ölkədə keçmiş müsəlman könüllü dəstələrindən ibarət 600 nəfərlik bir hərbi hissə var idi. Əlbəttə, bu cüzi hərbi qüvvə ilə Azərbaycanın müstəqilliyini müdafiə etmək və Bakıda Şaumyanın başçılıq etdiyi Bakı Soveti (Bakı kommunası) qoşunlarının Gəncə üzərinə hazırlanan hücumunun qarşısını almaq çətin idi. Belə bir vəziyyətdə Azərbaycanın kömək gözləyə biləcəyi yeganə ölkə Türkiyə idi. Bu məqsədlə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının (AXCNŞ) sədri Fətəli Xan Xoyski Türkiyə hökumətinə hərbi yardım haqqında xahiş etmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin 1919-cu il dövlət büdcəsində hərbi xərclər büdcənin 24 faizini təşkil edirdi və həmin il 25 min nəfərlik milli ordu yaradılması nəzərdə tutulmuşdu. Hərbi Nazir general Mehmandarov 1919-cu ilin 2 aprelində Nazirlər Şurasına göndərdiyi məktubunda Azərbaycan xalqının şöhrətli hərb tarixinə malik olduğunu qeyd edib. Göstrəib ki, tarixi qəhrəmanlıq ordumuzun milli vətənpərvərlik ruhuna təsir edən vacib amillərdən biridir.
1919-cu ilin sonlarında Azərbaycan ordusu iki piyada və bir süvari diviziyasından ibarət idi. Bundan əlavə Gəncədə iki artilleriya batareyası və yüngül toplara malik xüsusi diviziya yaradılmışdı. Ordunun tərkibində həmin dövrdə üç zirehli qatar, 4 hərbi təyyarə, 6 zirehli avtomobil və s. var idi.
1920-ci ilin əvvəlində Azərbaycan ordusunun şəxsi heyətinin 40 min nəfərə çatdırılması planlaşdırılırdı. Hərbi xidmətə 19-24 yaşlı məxsus gənclərin çağırılması nəzərdə tutulurdu. Ordunu gücləndirmək üçün 5 tank, 12 hidroplan, 6 aeroplan, 9 zirehli avtomobil və s. alınması planlaşdırılmışdı. Gəncədə bir hərbi zavod işləməyə başlamışdı. Lakin eyni zamanda Azərbaycanın Avropa ölkələrində silah alması da böyük çətinliklərə rast gəlirdi. Belə ki, Antanta ölkələri Azərbaycanın Osmanlı Türkiyəsi ilə əlaqələrini bilərək, ona silah satmaq istəmirdi. Bütün bunlara baxmayaraq Azərbaycan ordusu xeyli möhkəmlənmiş və yüksək intizamlı ordu yaradılmışdı. 1919-cu ilin sentyabrında Bakıda olmuş ingilis hərbi müxbiri Skotland Liddel öz təəssüratlarında yazırdı: "Mənə deyirdilər ki, burada qarışıqlıqla rastlaşacağam, amma heç bir qarışıqlıq görmədim" yol boyu biz Azərbaycan ordusunun yüzlərlə cavan əsgəri ilə qarşılaşdıq, onlar iki il əvvəl gördüyüm əsgərlər deyildirlər. Hətta bir ay əvvəlkilərə belə oxşamırdılar. Azərbaycan ordusu sürətlə təşkil olundu, sürətlə də lazımi şəklə düşdü. Azərbaycan dərk etdi ki, intizamsız ordu sadəcə olaraq yaşaya bilməz. Azərbaycanda dəmir intizam hökm sürür, elə bir intizam ki, Rusiyada belə yoxdur".
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrü (1918-1920) Azərbaycanın 21 döyüş generalı olub. Bunlar Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Xosrov bəy Sultanov, İbrahim ağa Vəkilov, İbrahim ağa Usubov, Hüseynxan Naxçıvanski, Mirkazımxan Talışxanov, Firudin bəy Vəzirov, Qalib bəy Vəkilov, Daniyal bəy Həlləcov, Əliyar bəy Haşımbəyov, Süleyman bəy Əfəndiyev, Teymur bəy Novruzov, Əmir Kazım Mirzə Qacar, Məhəmməd Mirzə Qacar, Əmənulla Mirzə Qacar, Feyzulla Mirzə Qacar, Cavad bəy Şıxlinsi, Məmməd Sadıq bəy Ağabəyzadə və digərləri idilər. General-leytenant Məmmədbəy Sulkeviç (litva tatarı, Azərbaycan vətəndaşlığını qəbul etmişdi) 1918-1919-cu illərdə Azərbaycan ordusunda Baş qərargahın rəisi və az sonra korpusun komandiri olub.
General-mayor Cavad bəy Şıxlinski, general Məhəmməd Mirzə Qacar Gəncədə XI Orduya qarşı xalq mübarizəsinə rəhbərlik etmişlər. Azərbaycan generallarından Xalq Cümhuriyyəti (AXC) hökumətinin I və II kabinələrində Hərbi Nazir Xosrov bəy Sultanov, Daxili İşlər Naziri isə Behbud Cavanşir olub. Xosrov bəy Sultanov 1919-cu ildə Qarabağın general-qubernatoru vəzifəsində çalışıb. Rəsmi araşdırmalar göstərir ki, 1920-ci ilin bolşevik-daşnak terroru nəticəsində Azərbaycan Milli Ordusuna xidmət edən 12 general, 27 polkovnik və podpolkovnik, 46 kapitan və ştabs kapitan, poruçik və podporuçik, 148 praporşik və odpraporşik, 266 digər rütbəli hərbi qulluqçu məhv edilib.
Həmin dövrdə qırmızı terrorun qurbanı olaraq əksəriyyəti 1920-ci ildə Nargin adasında güllələnmiş generallarımız aşağıdakılardır: General-mayor Həbib bəy Hacı Yusif oğlu Səlimov (Azərbaycan Cümhuriyyətinin ilk Hərbi Naziri), general-mayor Əmir Kazım Qacar, general-mayor İbrahim ağa Usubov, general-leytenant Məmməd bəy Sulkeviç, general-mayor
Əbdülhəmid bəy Şərifbəy oğlu Qaytabaşı, general-mayor Murad Gəraybəy oğlu Tlexas (milliyyətcə çərkəz olan Murad bəy 1918-ci ildə Azərbaycana könüllü olaraq gəlmişdi), general-mayor Əliyar bəy Mehdi oğlu Haşımbəyov.
Azərbaycan Respublikasının Sovet Sosialist Respublikası İttifaqı (SSRİ) tərkibində olduğu 1923-cü il yanvarın 1-dən sonrakı ilk 17 ildə (yəni Böyük Vətən müharibəsinin başlanmasına qədərki dövrdə) Respublika vətəndaşları Sovet Ordusu tərkibində ümumi əsgəri mükəlləfiyyətə cəlb edilməklə yanaşı, Azərbaycanda bir milli atıcı diviziya da var idi. Həmin dağ-atıcı diviziyası 1920-ci ilin 30 oktyabrında təşkil edilmişdi və 1938-ci ilə qədər mövcud olub. 1924-1930-cu illərdə diviziyanın komandiri Cəmşid Naxçıvanski (1895-1938) olub. Sovet Ordusunun təşkili ərazi sistemindən sırf kadr sisteminə keçirildikdə (1938) həmin diviziya 77-ci diviziya adı ilə Zaqafqaziya hərbi dairəsi (1935-ci ildə yaradılmışdır) ordusu tərkibinə daxil edilmişdi.
Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi (MN), oktyabrın 9-da isə Azərbaycan Silahlı Qüvvələrinin (ASQ) yaradılması barədə qərar qəbul edildi. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli Fərmanı ilə oktyabrın 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edildi. Lakin 22 may 1998-ci il tarixli prezident fərmanı ilə həmin fərman qüvvədən düşürülərək 26 iyun tarixi "Silahlı Qüvvələr günü" elan edilib.
Hal-hazırda Azərbaycan Ordusu Azərbaycan dövlətçiliyini, ərazi bütövlüyünü qorumağa qadir olan və regionda ən böyük ordudur.
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Respublikası Silahlı Qüvvələri müstəqilliyimizin əsas qarantı olaraq ölkəyə ola biləcək hərbi təhdidin qarşısını ala biləcək gücə malikdir. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin hərbi imkanları da genişlənir.
2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 115 milyon manat (135 milyon ABŞ dolları) olduğu halda, 2010-cu ildə 2,2 milyard manat (2,7 milyard ABŞ dolları) təşkil edib, 2011-ci il dövlət büdcəsində isə bu məbləğin 2,4 milyard manat (3,0 milyard ABŞ dolları) olması gözlənilir.
Azərbaycan ordusu 1994-cü ildən NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir. Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin bir sıra xarici dövlətlərlə də əlaqəsi var.
Həmçnin, Azərbaycan Sülhməramlı Qüvvələri (ASQ) Kosovoda, Əfqanıstanda və İraqda beynəlxalq əməliyyatlarda iştirak edib.
Tarixçi Aqil Kəngərli bildirib ki, Azərbaycan Ordusunun yaranması fikri 1918-ci il may ayın 28-də elan olunmuş İstiqlal Bəyannaməsində göstərilirdi. Onun sözlərinə görə, burda deyilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır: "Çünki, öz müstəqilliyini elan etmiş ölkənin o müstəqilliyin keşiyində duran ordusu olmalıdır. Buna uyğun olaraq 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk nizami hərbi hissə - "Əlahiddə Azərbaycan Korpusu" yaradıldı. Hərbi kadrlar hazırlamaq üçün Gəncədə hərbi məktəb açıldı. 1919-cu ildə 25 min nəfərlik, 1920-ci ildə isə 40 min nəfərlik ordu yaradılması nəzərdə tutulurdu. Təbii ki, bu proses asan başa gəlmirdi. Ərazinin bir hissəsi ilk əvvəl işgal altında,kadr çatışmazlığı, şəraitin və vəsaitin olmaması, bolşeviklərin ordu quruculuğu əleyhinə təbliğatları bir çox çətinliklər yaradırdı. Belə şəraitdə nəhayətdə 40 minlik nizami ordu yaradıldı ki, onun 30 mini piyada, 10 mini süvari idi".
Onun fikrmncə, milli qüvvələrimiz ilk gündən ərazi bütövlüyümüz uğrunda rəşadətlə döyüşüb: "1918-ci ilin iyulun 11-də elan olunmuş hərbi səfərbərliklə 1894-1899-cu il təvəllüdlü gənclər orduya çağırıldı...
11 ci ordunun Azərbaycan sərhəddini keçməsi açıq-aşkar işğal idi. Bu zaman həm daxili, həm xarici şərait Azərbaycanın xeyrinə deyildi. Gələn ordunun guya Türkiyənin köməyinə getməsi barədə təbliğat aparılırdı. Eyni zamanda ordumuzun əsas hissəsinin həmin vaxt Qarabağda olması da işğal üçün şərait yaradırdı.Buna baxmayaraq rus ordusuna qeyri-bərabər döyüşdə müqavimət göstərildi. İşğaldan sonrakı dövrdə də bu müqavimət davam etdi. Buna misal olaraq 1920-ci ilin mayın sonlarında Gəncə üsyanı, iyunun əvvəllərində isə Qarabağ və Zaqatala üsyanlarını göstərmək olar. Bu döyüşlərdə ordumuzun zabit və əsgər heyəti böyük rəşadət göstərmişdi. Təsadüfi deyil ki, bu üsyanlardan sonra 76 nəfər zabitimiz Nargin adasında güllələnmişdi".

Əli