“Silahlı Qüvvələrimizin döyüş hazırlığı çox yüksəkdir” Siyasət

“Silahlı Qüvvələrimizin döyüş hazırlığı çox yüksəkdir”

Siyavuş Novruzov: "Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur"
Emin Həsənli: "Zakir Həsənovun rəhbərliyi altında bu sahədə çox uğurlu islahatlar aparılır"
Tahir Rzayev: "Orduda kadr hazırlığına birinci dərəcəli vəzifə kimi diqqət yetirilir"

Bu gün ordu günüdür. Ordumuz uzun inkişaf yolu keçib və müəyyən mərhələyə yüksəlib. Amma problemlər də var. Ekspertlər bu barədə nə düşünürlər? Ordunun daha da inkişafı üçün hansı addımlar atılmalıdır?
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Siyavuş Hovruzov bildirib ki, 26 iyun tarixi ölkəmiz üçün çox əlamətdar bir gündür: "Bu tarix ölkəmizin və xalqımızın ən əhəmiyyətli bayramlarından biridir. Torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan üçün ordu quruculuğu çox mühüm əhəmiyyət kəsb edir. Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın geri qaytarılması üçün güclü hazırlığa, maddi-texniki bazaya malik olan ordunun olması əsas şərtdir. Digər tərəfdən, güclü ordu elə güclü dövlət deməkdir. Bu gün iqtisadi inkişafa görə dünyada öncül yerdə olan ölkəmizin ordusu da bu inkişafa uyğun şəkildə inkişaf edir. Azərbaycanın güclü ordu ənənələri olsa da, müstəqillik qazandıqdan sonra ölkəmiz bu sahədə ciddi böhranla üzləşmişdi. Müstəqilliyin ilk illərində silahlı birləşmələr yaradılmışdı. Amma onlar ayrı-ayrı şəxslərə, siyasi partiyalara və s. tabe idi. Torpaqlarımızın işğalına bir səbəb də ordunun belə vəziyyətdə olması idi. Çünki bir batalyon hücuma keçəndə o biri geri çəkilirdi. Bütün bunlara görə isə faciələrlə rastlaşırdıq... Bilirsiniz ki, hazırda regionda böyük gərginlik var, hər gün atəşkəs pozulur. Nəinki təmas xəttində, ümumilikdə Ermənistan-Azərbaycan sərhədlərində atəşkəs pozulur. Onu da deyim ki, atəşkəs haqqında saziş imzalanandan sonra bu günə qədər Naxçıvan Muxtar Respublikasında heç vaxt atışmalar olmurdu. Amma bu yaxınlarda orada da atəşkəs pozuldu. Bu da ordumuzun əhəmiyyətini, onun daha da güclənməsinin aktuallığını bir daha təsdiqləyir".
Onun fikrincə, Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı çox yüksəkdir: "Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur. Təkcə kəmiyyət etibarı ilə deyil, peşəkarlıq və təminat-təchizat baxımından da ordumuz öndədir. Eyni zamanda, ötən il keçirilmiş prezident seçkilərindən sonra silahlı qüvvələrimizdə həyata keçirilən islahatlar, yeni müdafiə nazirinin təyin olunması, Naxçıvan Muxtar Respublikasında əlahiddə ordunun yaradılması və digər məsələlər bunun bariz nümunəsidir.
Həmçinin, onu deyim ki, ordu üçün əsas məsələ hərbi təhsil, nizam-intizam və təchizatdır. Azərbaycan Ordusu bu gün həm nizam-intizamına, həm təhsilinə, həm də təchizatına görə öndədir. İqtisadiyyatı güclü olan ölkə üçün silahlı qüvvələrin təchizatı məsələsi problem olmamalıdır. Bu mənada Azərbaycanda iqtisadi inkişaf özünün yüksək mərhələsindədir. Təbii ki, belə olan şəraitdə ordumuzun təminatına da xüsusi diqqət yetirilir. Son 10 ildə dövlət büdcəsinin gəlirləri 20 dəfədən çox artıb. Büdcə artdıqca hər sahə üçün ayrılan vəsaitlərin həcmi də artır. Bu baxımdan, orduya da ayrılan vəsait xeyli dərəcədə yüksəlib. Bu gün Azərbaycanın hərbi-müdafiə sahəsinə ayrılan vəsait işğalçı Ermənistanın dövlət büdcəsindən çoxdur. Bu gün bizim ordumuz maliyyələşməsinə görə dünyada birinci iyirmiliyə daxildir.
Onu da xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan ordusu bu gün ən müasir texnika, silahlarla təmin olunub. Belə ki, öz ordusunu müasirləşdirən dövlətimiz bunun üçün dünyanın inkişaf etmiş ölkələri ilə əməkdaşlıq edir. Eyni zamanda, ölkəmizin hərbi sənaye kompleksi inkişaf edir. Belə ki, Müdafiə Sənayesi Nazirliyi xeyli adda hərbi məhsullar istehsal edir ki, bu da beynəlxalq müstəvidə bizim hərbi sənaye kompleksinə, istehsal olunan silahlara və digər məhsullara marağı xeyli artırır. Beynəlxalq sərgilərdə ölkəmizin bu yöndəki məhsullarına güclü marağın olması bunu deməyə əsas verir.
Mən xeyli hərbi hissələrdə olmuşam, onların şəraiti ilə maraqlanmışam. Bütün hərbi hissələr yüksək standartlara cavab verir. Hərbçilərin ərzaq, qida, geyim təminatı da lazımi səviyyədədir. Hətta Naxçıvan Muxtar Respublikası blokada şəraitində olmasına baxmayaraq, ən ucqar nöqtədəki hərbi hissə ilə mərkəzdə yerləşən hərbi hissələrin şəraitində heç bir fərq hiss etmək mümkün deyil. Hamısı ən yüksək səviyyədə təmin olunublar. Bu cür şərait heç sovet ordusunda da olmayıb.
Tədris məsələsinə gəlincə, Azərbaycanda bir sıra hərbi məktəblər var. Bunların sırasında Cəmşid Naxçıvanski adına hərbi liseyi, Ali Hərbi Məktəbi, Hərbi Akademiyanı və digərlərini göstərmək olar. Bu məktəblər yüksək hərbçi kadrlar hazırlayır. Bundan başqa, Azərbaycan zabitləri NATO standartlarına uyğun olaraq hərbi təlimlərdə iştirak edirlər, kurslar keçirlər. Hərbçilərimiz, istər ABŞ-da, istər Türkiyədə, istərsə də, Avropanın ayrı-ayrı ölkələrində təcrübələrini artırırlar, gənclərimiz ayrı-ayrı ölkələrə hərbi təhsil almağa göndərilirlər. Tədris baxımından, Azərbaycan 2007-ci ildən NATO standartlarına keçib. Ona görə də, bu istiqamətdə sistemli iş aparılır və hərbi sahədə tədris bu təşkilatın standartlarına uyğundur".
O, həmçinin əlavə edib ki, hərbi sistemdə 2007-ci ildən etibarən NATO standartlarına keçid başlayıb: "Qarşıya məqsəd qoyulub ki, ordumuz tamamilə bu standartlara uyğunlaşdırılsın. Dediyim kimi bu sistemə keçid üçün ilk növbədə ordunun büdcəsi, təchizatı və təhsili NATO standartlarına uyğun olmalıdır. Azərbaycan ordusunun hərbi-texniki təchizatında NATO ölkələrinin məhsullarından istifadə olunur. Nisbətən köhnə texnikalar isə modernizə olunaraq həmin standartlara uyğunlaşdırılır. Eyni zamanda, orduda müqavilə əsasında çalışanların da sayı artmaqdadır. Bu amil peşəkarlıq baxımından çox vacibdir. Bir sözlə, bu gün Silahlı Qüvvələrimiz işğal olunmuş torpaqlarımızı azad etməyə tam hazırlıqlı vəziyyətdədir".
"Əslində, biz Ermənistanla danışıqlar aparmamalıyıq",- deyən millət vəkili əlavə edib ki, çünki ermənilər heç bir məsələni həll etmir: "Danışıqları Ermənistanı himayə edən dövlətlərlə aparmalıyıq. Ermənistan müstəqil dövlət deyil və Rusiyanın sözündən kənara çıxa bilməz. Ermənistan istənilən qərar qəbul etsə də belə, Rusiya razılıq verməsə bu qərarın heç bir əhəmiyyəti yoxdur.
NATO PA-nın Bakıda keçirilən tədbirində erməni deputatların səsləndirdikləri fikirlərin hamısı əsassızdır. Bütün dünya Ermənistanda nə qədər acınacaqlı vəziyyətin olduğunu bilir. Dərin sosial-iqtisadi böhran nəticəsində hər il təxminən 70 min insan işğalçı ölkəni tərk edir. Eyni zamanda, Qarabağ erməniləri ilə Ermənistan vətəndaşları arasında ciddi qarşıdurmalar var. Bu amil onların ordusunda da özünü göstərir. Ermənistandan heç kim Dağlıq Qarabağa hərbi xidmətə gəlmək istəmir. Hətta onların arasında insidentlər də baş verir. Bu yaxınlarda Qarabağdan olan əsgər Ermənistandan gələn əsgəri vurub öldürmüşdü. Bunu erməni mətbuatı da yazdı. Ermənistanda əhalinin sayı o qədər azdır ki, sərhədlərin mühafizəsində mülki, yerli əhalidən istifadə olunur. Ermənistan ordusunun büdcəsi cəmi 250 milyon dollardı. Bu da bizim ordunun büdcəsindən 15 dəfə aşağıdır. Başqa dövlət qarışmasa, Azərbaycan ordusu 3 gün müddətinə Yerevana qədər gedib çıxa bilər. Ermənistanın bizim ordunun qarşısında dura biləcək heç bir potensialı yoxdur".
Milli Məclis tərəfindən yaxın zamanlarda hərbi qanunvericiliyin təkmilləşdirilib təkmilləşdirilməyəcəyinə gəlincə isə O, bildirib ki, vəziyyətlə əlaqədar bu addımlar atılır: "Hərbi çağırış, sosial təminat və s ilə bağlı qanunlar mütəmadi olaraq təkmilləşdirilir. Yəni zərurət ortaya çıxdıqca, hərbi qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində addımlar atılacaq".
Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli qeyd edib ki, Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Emin Həsənli qeyd edib ki, o, ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğunu təmin etmək, işğal edilmiş ərazilərin geri qaytarılması istiqamətində məqsədyönlü və ardıcıl addımlar atılıb: "Xalq səfərbər edildi, Füzuli istiqamətində düşmən geri oturduldu. Ayrı-ayrı silahlı dəstələr ləğv edilərək vahid komandanlığa əsaslanan ordu quruldu. Düşmən atəşkəsə məcbur edildi. Ordunun beynəlxalq əlaqələri təmin edildi. NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşuldu və qurumla fərdi tərəfdaşlıq razılaşması imzalandı. Kadr potensialı artırıldı. 1999-cu ildı ümummili liderimiz tərəfindən hərbi akademiya yaradıldı. 2001-ci ildə Təlim Tədris Mərkəzi quruldu. Çavuşlar-gizirlər, ali təyyarəçilik və dənizçilik məktəbləri açıldı. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bu sahədə uğurlar davam etdirilir. Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsini iki dəfə çoxdur. Ölkənin özünün müdafiə sənayesi yaradılıb. Artıq ölkə öz silahlarını istehsal edir. Tez-tez Silahlı Qüvvələrin hərbi təlimləri keçirilir. Azərbaycan Kosovodan sonra Əfqanıstan və İraqda sülhyaratma proseslərinə birbaşa rəhbərlik edir. Ən sevindirici hal ondan ibarətdir ki, düşmən cəbhə bölgəsində dəfələrlə susudurulub. Azərbaycanın indi özünün işğal edilmiş ərazilərini geri qaytarmaq iqtidarında olan nizami ordusu var, o müstəqilliyimizin hər an keşiyindədir. Ümummili liderimiz deyirdi ki, Azərbaycanda hər peşə şərəflidir, amma Vətəni qorumaq peşəsi ən şərəflisidir. Müdafiə naziri Zakir Həsənovun rəhbərliyi altında da bu sahədə çox uğurlu islahatlar aparılır. Ordu quruculuğunda görülən işlər daha da intensivləşib. Tez-tez müdafiə naziri cəbhə bölgəsinə, ayrı-ayrı dövlətlərə səfərlər edir. Orduda yeməyin keyfiyyətinin qaldırılması, geyim formasının dəyişilməsi, hərbi hissələrin təminat-təchizat məsələlərinin yaxşılaşdırılması təqdir olunur. Ayrı-ayrı vaxtlarda uğur qazanmış hərbçilərimiz yenidən orduya qaytarılır, ehtiyatda olan bacarıqlı zabitlər, milli qəhrəmanlar, şərəfli döyüş yolu keçmiş hərbçilərimiz ordu quruculuğuna cəlb edilirlər. Bunların hamısı sevindiricidir. Dövlətin müharibə veteranları, əlilləri və şəhid ailələrinə göstərdiyi qayğı sevindiricidir. İnşallah, yaxın gələcəkdə biz Qarabağımıza qayıdacağıq. Bizim bunu etməyə qadir güclü ordumuz var. Silahlı Qüvvələrin yaranması günü Azərbaycanın ən müqəddəs bayramıdır və bu münasibətlə ürəyi Vətən yolunda döyünən hər kəsi təbrik edirəm".
Millət vəkili Tahir Rzayev bildirib ki, Azərbaycan Silahlı Qüvvələri xalqımızın və dövlətimizin etibarlı müdafiəsinin təminatçısıdır. Onun sözlərinə görə, ordumuz ildən-ilə güclənir və möhkəmlənir, onun döyüş qabiliyyəti yüksəlir. Tahir Rzayev deyib ki, ölkə prezidenti, ali baş komandan İlham Əliyev ordu quruculuğunun təkmilləşdirilməsinə, müasir silahlarla təmin edilməsinə, orduda nizam-intizamın yüksəldilməsinə, kadr hazırlığına, sərhədlərimizin etibarlı müdafiəsinə birinci dərəcəli vəzifə kimi diqqət yetirir və bu sahədə çox mühüm tədbirlər həyata keçirilir.

Əli