“Nikol Paşinyan Rusiyanı aldada biləcəyinə əmindir” Siyasət

“Nikol Paşinyan Rusiyanı aldada biləcəyinə əmindir”

"Ermənistandakı Rusiya şirkətləri bu ölkənin qanunları əsasında işləyir. Demək olar ki, qanunları pozmurlar. "Cənubi Qafqaz Dəmir Yolları" (CQDY) şirkəti Ermənistanın dəmir yollarının konsession idarəçisi olan Rusiya kompaniyasıdır. Qanunlara daha ciddi riayət edən strukturlardandır. Lakin bu "CQDY"-nı N.Paşinyanın təzyiqlərindən qoruya bilmədi. Qəflətən yoxlamalar başladı. "CQDY"-nın baş direktoru S.Valko N.Paşinyanla görüşsə də yoxlamaları dayandırmadı. V.Putinlə telefonla danışması da N.Paşinyanda "CQDY"-dakı yoxlamaları genişləndirməyə stimul yaratdı". Bunu Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu deyib.
M.Əhmədoğlunun fikirlərincə, yoxlamalardan sonra açıqlanan rəqəmlər maliyyə pozuntularının çox cüzi olduğunu göstərir: "Görünür, özləri süni sürətdə bu rəqəmi düzəldə biliblər. "CQDY"-dakı yoxlamaların motivasiyası bəllidir: Vaxtilə Ermənistan Dəmir Yollarını Fransa konsession idarəçiliyə götürmək istəyirdi. Fransa indi də bu məsələdən ötrü rəsmi İrəvana iradlarını bildirir. N.Paşinyan oktyabrda Yerevanda keçiriləcək Frankofoniya sammiti ərəfəsində Fransa prezidenti E.Makronun Ermənistana səfərinə hədiyyə hazırlayır. Seçdiyi metod orijinal deyil. Prezident olarkən Robert Köçaryan vaxtilə yoxlamalar vasitəsilə "Sibir" (RF) aviakompaniyasını müflisləşdirdi, mal-mülkünü əlindən aldı, ölkədən qovdu. Nəticədə, "Armavia" kompaniyası yarandı və o bunu uşaqlıq dostu, yerlisi Baqdasarova bağışladı".
Politoloq qeyd edib ki, Nikol Paşinyan Rusiyanı aldada biləcəyinə tam əmindir: "Onun düşüncəsinə görə, Paşinyandan da qat-qat zəif ermənilər Rusiyanın yüksək çinli rəsmilərini barmaqlarına dolayıblar".