“Türkiyə-Azərbaycan münasibətləri ideal modeldir“ Siyasət

“Türkiyə-Azərbaycan münasibətləri ideal modeldir“

"Türkdilli dövlətlərin bu günə qədər 5 sammiti baş tutub. Bu artıq 6-cı sammit idi. Bu gün türk dilində 160 milyondan artıq insan danışır".
Politoloq Elşad Mirbəşiroğlu belə deyib.
O xatırladıb ki, ötən il keçirilən sammit Qazaxıstanın Astana şəhərində baş tutdu və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədrliyini Qazaxıstan həyata keçirdi: "Bu sammitin baş tutması hər şeydən öncə türk xalqları arasında inteqrasiyanın inkişaf etdirilməsini təmin edir. Əlavə olaraq, onu qeyd etmək istəyirəm ki, bu gün türk dilində danışan insanların sayı 160 milyondan artıqdır. Bu heç də az rəqəm deyil. Hazırki məqamda olduqca əhəmiyyətlidir. Çünki müasir dünyamız ziddiyyətlərlə doludur. Zəngin münaqişələrlə dolu sferadan daha az zərərlə qurtulmaq, mənfi təzyiqlərə məruz qalmamaq üçün əməkdaşlıq olduqca önəmlidir. Türkdilli dövlətlər arsındakı münasibətlərin dahada inkişaf etdirilməsi bu dövlətlərin özlərinə ortaq bir güc mərkəzi formalaşdırması deməkdir. Sammit çərçivəsində olduqca maraqlı əməkdaşlıq istiqamətləri müzakirə edilib. Nəzərə almaq lazımdır ki, sonuncu sammitdə əsas müzakirə mövzusu milli idman növlərinin inkişaf etdirilməsi və türkdilli gənclər arasında əməkdaşlığın yeni istiqamətlərinin təyin olunması idi. Bu həqiqətən də çox maraqlı məsələdir. Nəzərə almaq lazımdır ki, bu dövlətlərin özlərinin çox maraqlı idman növləri mövcuddur. Bu baxımdan Azərbaycanın xüsusi potensialını qeyd etmək lazımdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdəki çıxışı zamanı ölkəmizdə idmana çox böyük diqqət ayrıldığını vurğuladı. Azərbaycanın milli idman növlərinin inkişaf etdirilməsi üçün gənclərə çox geniş imkanlar vəd edir. Azərbaycanda çox təkmil idman siyasəti mövcuddur. Eyni zamanda Avropa İdman Oyunları, 4-cü İslam Həmrəyliyi Oyunları zamanı azərbaycanlı gənclərin iştirakı ölkəmizdə idmana olan marağın nə dərəcədə güclü olduğunu sübut edir. Bu ölkəmizin idman ölkəsi olduğunun bais nümunəsidir. Bundan başqa, beynəlxalq səviyyəli oyunların, turnirlərin ölkəmizdə yüksək səviyyədə təşkil edilməsi ölkəmizin son dərəcə sürətli iqtisadi inkişafından da xəbər verir. Bu sahədə Azərbaycanın əməkdaşlıq üçün olduqca geniş imkanları mövcddur".
Politoloq onu da əlavə edib ki, sammitdə ən maraqlı və bizim üçün həlli olduqca vacib olan məqamlardan biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi olub:
"Bu məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması çox vacibdir. Azərbaycan Prezidenti İlham Əliyev sammitdə bir daha bu məsələ haqqında məlumat verərək, ölkəmizin bu istiqamətdəki mövqelərinin beynləxalq təşkilatlar tərəfindən dəstəklənməsini, ölkəmizin işğala məruz qalması faktını vurğuladı. BMT, Avropa Şurası tərəfindən verilən qətnamələr diqqətə çatdırıldı. Dünyanın artıq 10 ölkəsi Azərbaycanın yaralı tarixi səhifələrindən olan Xocalı soyqrımını tanıyır. Bütövlükdə Ermənistanın işğalçı siyasəti beynəlxalq səviyyədə qəbul edilib. Bu məsələdə türkdilli dövlətlər daim bizim mövqeyimizdən çıxış edir. Eyni zamanda, onu da unutmaq olmaz ki, onlar beynəlxalq müstəvidə Azərbaycanın maraqlarını müdafiə edirlər. Türkdilli dövlətlər beynəlxalq münasibətlər çərçivəsində, dünya sistemində bir-biri ilə çox gözəl əməkdaşlıq edərək, ölkə maraqlarını qoruyurlar. Bu isə gələcəkdə çox ciddi uğurların əldə ediləcəyinə dəlalət edir. Azərbaycan türkdilli dövlətlərlə çoxşaxəli əməkdaşlıq edir. Bu əməkdaşlıq inkişaf etdirilir və prezident bunu da qeyd etdi ki, Azərbaycan Türkiyəyə 14 milyard dollar dəyərində sərmayə yatırıb. Bu Türkiyədə biznes mühitinin əlverişli olduğuna işarədir. Bunun vurğulanması bir növ digər türkdilli ölkələrin də Türkiyəyə biznes istiqamətində sərmayə yatırmasına vəsilə olmaq idi. Təbii ki, qardaş Türkiyənin iqtisadiyyatının güclənməsi onun Azərbaycanla da münasibətlərinin güclənməsinə rəvac verir. Türkiyə-Azərbaycan hərbi, siyasi, iqtisadi sferada hər zaman bir-birinə dəstək olub. Bunun fonunda onu deyə bilərəm ki, Türkiyə-Azərbaycan münasibətləri bütün türkdilli ölkələr üçün ideal model rolunu oynayır. Gələcəkdə türkdilli dövlətlərin gücləndirilmiş tərəfdaşlıqları məhz Azərbaycan-Türkiyə modelini nümunə seçəcəklər. Bir daha qeyd etmək istərdim ki, Türkiyə-Azərbaycan münasibətlərinin bütün istiqamətlərdə inkişaf etdirilməsinin vurğulanması gələcək perspektivlərin bir növ konturlarını verir. Gələcəkdə bu istiqamətdə çox gözəl layihələrin olacağı danılmaz faktdır".