“Klassik müxalifət iqtidara çox kəskin fərqlə məğlub olur” Siyasət

“Klassik müxalifət iqtidara çox kəskin fərqlə məğlub olur”

"Başda Əli Kərimli olmaqla Xalq hərəkatından doğulan partiyaların iddialı müxalifət liderləri siyasi postlarından getməlidilər. İddialarını saxlamaqlarına qarışmaq olmaz, onların haqqıdır. Məhz Heydər Əliyevə və İlham Əliyevə belə böyük fərqlə və faktla uduzduqlarına görə getməlidilər".
Bu fikirlər AXCP sədrinin keçmiş müşaviri Sahib Kərimli məxsusdur. O, öz "Facebook" profilində belə bir status yazıb:
"Milli Təhlükəsizlik Konsepsiyasında Türkiyə üzərindən Avroatlantik dünyaya açılacağımızı yazmışıq. YAP və klassik müxalifətin ortaq mövqeyi idi. Türkiyədəki rejimlərin fərqindən asılı olmadan, Məhəmməd Əmin Rəsulzadə ordu çağırdı, dövlət qurdurdu, Heydər Əliyev Türk şahinlərini çağırıb İranın təyyarələrini qovdurdu, İlham Əliyev də parad keçirir. Siz isə dinc əhalini çıxarmağa helikopter belə ala bilməmişdiniz. Bir cəbhəçi, bir müsavatçı görmür ki, Türkiyədə onları tanıyan yoxdur?".
Sahib Kərimli AzNews.az-a açıqlamasında səsləndirdiyi fikirləri daha aydın şəkildə izah etdi. Bildirdi ki, Azərbaycanın sivil dünyaya inteqrasiyası bizim Milli Təhlükəsizlik konsepsiyamızda əsas prioritet kimi qoyulub. Biz də sivil dünyaya inteqrasiyanı ictimai fikirdə Türkiyə üzərindən qəbul etmişik. Xalq hərəkatından çıxmış klassik müxalifət bu konsepsiyanın giriş qapısında, Türkiyəylə bağlı əsas hədəflərdə iqtidara çox kəskin fərqlə məğlub olur: "Xalq hərəkatı ilkin mərhələdə mədəni bağlarla Türkiyəyə sevda şüarları altında yaranmış bir hərəkatdır. Bu hərəkatın hakimiyətdə olduğu dönəmdə rəhmətlik Əbülfəz Elçibəyin Türkiyədə böyük nüfuzu var idi. Bəzi adamlar mənim bununla bağlı "Facebook"-da yazdığım statusdan belə nəticə çıxardılar ki, guya mən Əbülfəz bəy də daxil bu prosesi qabardıram. Amma Əbülfəz bəy həqiqətən də o zaman Türkiydə hətta seçkilərin nəticələrinə təsir edəcək qədər nüfuza malik idi. Əbülfəz bəylə bağlı ən çox eşitdiyimiz ifadə həmişə ondan ibarət olub ki, o, çox təmiz adam idi, xalqını, dövlətini sevirdi, lakin onun siyasi baxımdan zəif yönləri vardı. AXCP lideri Əli Kərimli də durmadan cəmiyyətə, elktorata bu mesajı verdi: "Mənim siyasi yönlərim daha güclüdür, mən daha praqmatik siyasət tərəfdarıyam, bizim Çinin sərhədindən Ədirnəyə qədər Böyük Turandan danışmağımız siyasi zəifiyyətimizdir. Belə fikirlərlə Əli Kərimli kütlənin bir hissəsini inandıra bildi və biz də bu prosesdə ona dəstək verdik. Lakin sonrakı proseslər göstərdi ki, yanılmışıq".
Sahib Kərimli qeyd etdi ki, AXCP və ya Müsavatın zamanında Türkiyə ilə ciddi siyasi əlaqələrinin olmasına baxmayaraq, bu gün onlar Türkiyə-Azərbaycan siyasi əlaqələri konteksində heç bir əhəmiyyət kəsb eləmir: "Bu da bir cəbhəçi olaraq məni ciddi şəkildə narahat edir. Bugünkü müxalifət heç bir yadda qalan iş görə bilməyib. Söhbət Əli Kərimlinin siyasətdən uzaqlaşmasından getmir. Bu adam xalq hərəkatından qalma rüşeym olan AXCP sədrliyindən getməlidir".