“Rusiya Ermənistanın hazırkı addımlarından narazıdır” Siyasət

“Rusiya Ermənistanın hazırkı addımlarından narazıdır”

"Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan səfərində əsas müzakirə olunacaq məsələ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi olacaq". Bu fikirləri politoloq İlqar Vəlizadə deyib. Azərbaycan-Rusiya arasında münaqişəsinin həlli ilə bağlı aparılan müzakirələrin Ermənistanla müqayisədə daha məhsuldar keçdiyini deyən politoloq söyləyib ki, çünki düşmən ölkənin son bəyanatları onların kompromisə hazır olmadığını göstərir. O bildirib ki, Rusiya Ermənistanın hazırkı addımlarından narazıdır: "Bildiyiniz kimi Paşinyan danışıqlar prosesində qondarma "Dağlıq Qarabağ Respublikasının" tərəf kimi iştirakı ilə bağlı təkliflə çıxış etmiş, bundan başqa o, Dağlıq Qarabağı 7 rayonla birlikdə vahid qurum adlandırmışdı. Bunun özü həm Rusiyanın, həm də ATƏT-in Minsk qrupunun bütün həmsədrlərinin mövqeyinə ziddir. Çünki, həmsədrlərin danışıqlar prosesində əsas təklifləri ilk növbədə işğal altında olan 7 rayonun qaytarılması və daha sonra Dağlıq Qarabağın müqəddaratını təyin etməkdir. Hesab edirəm ki, Azərbaycan-Rusiya prezidentləri Ermənistanı bu mövqedən çəkindirməklə bağlı məsələləri də müzakirə edəcəklər".
Azərbaycan-Rusiya əlaqələrinin inkişaf etdiyini dilə gətirən İ.Vəlizadə vurğulayıb ki, regionda Rusiya yalnız Azərbaycanla faydalı əməkdaşlığa malikdir: "Rusiya Gürcüstanla demək olar ki, heç bir dialoq aparmır, Ermənistanla olan dialoq heç bir fayda vermir. Paşinyanın son Moskva səfərindən əli boş qayıtması buna bariz nümunədir. Halbuki Azərbaycanla Soçidə 10-dan artıq sənə imzalanmışdı".
Politoloq qeyd edib ki, Vladimir Putinin Azərbaycana səfərini Soçi görüşünün davamı kimi qiymətləndirmək olar: "İki ölkə arasında yüksək səviyyəli danışıqların aparılması artıq gözə çarpır. Tərəflər mühüm məsələlərlə nəinki aktiv müzakirələr aparır, çox güman ki yaxın müddətdə bununla bağlı mühüm qərarlar qəbul olunacaq. Bundan başqa bildiyiniz kimi İlin sonunadək Azərbaycan-İran Rusiya üçtərəfli formatın keçirilməsi istisna olunmur. Bu görüş Moskvada baş tutmalıdır. Çox güman ki, Azərbaycan-Rusiya prezidentləri bu məsələni də müzakirə edəcəklər. Şimal-Cənub qaz dəhlizinin tezliklə tam gücü ilə işə salınması məsələsi də gündəlikdə olan məsələlərdən biridir".
İ.Vəlizadənin sözlərinə görə, Azərbaycanla Rusiya arasında olan münasibətlər hərbi texniki əməkdaşlıqdan hərbi siyasi əməkdaşlığa yüksəlib: "Rusiya Azərbaycanı regionda etibarlı tərəfdaş kimi baxır. Azərbaycan Rusiyadan çox mühüm hərbi texnika alır. Rusiyada bunu yalnız etbarlı tərəfdaşlarına, müttəfiqlərə satır. Rusiya bunu rəqiblərinə sata bilməz. Belə olan halda, Rusiya Azərbaycana artıq silah alıcısı kimi deyil, ümumilikdə regionda baş verə biləcək təhlükəli proseslərin qarşısını almaq üçün özünə partnyor görür". Politoloq əlavə edib ki, Azərbaycan-Rusiya prezidentlərinin görüşü sabah BMT sessiyası çərçivəsində keçiriləcək Azərbaycan-Ermənistan XİN başçılarının görüşünə təsir göstərəcək.