“Paşinyanın vədlərinin sonu çatır” Siyasət

“Paşinyanın vədlərinin sonu çatır”

Ehtiram Aşırlı: "Meydana çıxan daxili problemlər hakimiyyəti daha mürəkkəb dairəyə sürükləyir"

"Nikol Paşinyanın vədlərinin sonu çatır. Artıq onun küçədən bəyan etdiyi və pafoslu səslənən fikirlərdən konkret əmələ keçmək vaxtıdır. Bunun üçün obyektiv gerçəkliyi nəzərə alan, müdrik və müasir çağırışlara cavab verən siyasi kurs müəyyənləşdirmək gərəkdir". Bu fikirləri politoloq Ehtiram Aşırlı deyib. O bildirib ki, müşahidələr rəsmi İrəvananın hələlik bu mövqedən çox uzaq olduğunu göstərir: "Əksinə, meydana çıxan daxili problemlər hakimiyyəti daha mürəkkəb dairəyə sürükləyir. Paşinyan təkcə siyasi cəhətdən səriştəsiz biri kimi deyil, hətta bir-birini təkzib edən, ziddiyyət təşkil edən fikirlər səsləndirən biri kimi ad çıxarıb. Bu gün atdığı addımın üzərindən 24 saat keçmədən əksini edir ki, bu da Paşinyanın siyasi fiqur kimi onsuz da az olan nüfuzu və imicini kifayət qədər zədələyir. Baş nazir vəzifəsini zəbt edən, ilk gündən Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesində İrəvanın deyil, qondarma rejiminin təmsil olunmasını vacib sayan Paşinyan, sonradan həmsədrlərlə görüşmək, eyni zamanda Ermənistan xarici işlər nazirini azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşmək üçün Brüsselə göndərməklə vermiş olduğu ilk açıqlamanı təkzib etdi. Eləcə də rəqiblərini sıradan çıxarmaq məqsədilə apardığı həbslərə beynəlxalq aləmdən sərt reaksiya gələn kimi çaşqınlıq içində qalaraq sərt addımlarını bir qədər yumşaltdı".
Politoloq söyləyib ki, Paşinyan Ermənistanın bir dövlət kimi heç olduğunu dünyaya sübut etməkdədir: "Bütün hallar onu göstərir ki, Ermənistanın siyasi səhnəsi yox dərəcəsindədir. Paşinyan qısa müddətdə onsuz da dolaşıq olan Ermənistan siyasi mühitini çıxılmaz vəziyyətə gətirib. Beləcə erməni xalqı üçün fəlakətli və vahiməli günlər bundan sonra başlaya bilər. Erməni xalqı tələb etməlidir ki, qonşuların torpaqlarını işğal etmək kursundan əl çəkib, insanların həyat şəraitini yaxşılaşdırmaq xəttini götürmək gərəkdir. Bunun üçün də təcavüzkar siyasətdən əl çəkilməlidir. Təəssüf ki, Ermənistanda indi xalqdan belə bir addım atmağı gözləmək elə də inandırıcı deyil. Bir sözlə, zaman erməni xalqının əleyhinə işləyir. Paşinyana gəldikdə isə... O, ümumiyyətlə, hazırkı erməni cəmiyyətinin və xalqının ən böyük problemidir. Onu da ilk növbədə erməni xalqı özü həll etməlidir".