“Rusiya və Ukrayna arasında yaşanan Kerç böhranı...” Siyasət

“Rusiya və Ukrayna arasında yaşanan Kerç böhranı...”

Məhəmməd Əsədullazadə: "Birləşmiş Ştatların bu ölkəyə hərbi yardımlarının artmasına gətirəcək"

"Rusiya və Ukrayna arasında yaşanan Kerç böhranı NATO-nun Ukraynada güclənməsinə və Birləşmiş Ştatların bu ölkəyə hərbi yardımlarının artmasına gətirəcək". Bu fikirləri Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, bundan əlavə hərbi baza inşa etməsini daha da sürətləndirəcək: "Rusiya Ukrayna gəmilərini Azov dənizinə buraxmamaqla yeni münaqişə ocağı yaratmaqla, bir növ Birləşmiş Ştatlara ciddi mesaj vermiş oldu. Çünki, Vaşinqton Mariupol limanında Ukraynanın hərbi dəniz donanmasını gücləndirir. Moskva bununla göstərmək istəyir ki, artıq Azov dənizi onun daxili su hövzəsidir və üçüncü ölkələrin burada iştirakına imkan yaratmayacaq".
Politoloq deyib ki, Kremlin bu təcavüzkar siyasəti dünyada yeni dəniz böhranına gətirmiş oldu: "Bununla Moskva bir daha beynəlxalq hüququ pozaraq, Ukraynanın Azov dənizində sahil akvatorieyasını işğal etdi. Halbuki iki ölkə arasında 2003-cü ildə Azov dənizi ilə bağlı müqavilə var. Kreml üzərinə götürdüyü öhdəliyi bununla pozmuş oldu. Bu, Rusiyanın Ukraynaya qarşı işğal faktorudur. Bununla əlaqədar prezident Pyotr Poroşenkonun ölkənin bəzi rayonlarında hərbi vəziyyət elan etməsi ölkənin təhlükəsizliyi və suverenliyi baxımından önəmlidir. Çünki, Kiyev rəsmən Rusiya tərəfindən açıq müharibə ilə təhdid olunur və Azov dənzində qeyd etdiyim kimi, ölkənin sahil akvatoreyası Rusiya tərəfindən işğal olunaraq, Ukraynanın burada hərəkətliliyinin qarşısı alınıb. Məhz Donbasda gedən müharibə ilə buradakı böhranda fərq bundadır. Donbasda Rusiya öz iştirakını qəti şəkildə inkar edir. burada isə, birbaşa özü iştirakçıdır. Bu böhran Rusiyaya qarşı siyasi-iqtisadi sanksiyaları daha da sərtləşdirəcək. Vladimir Putin Qərbə ölkəsinə qarşı sanksiyaların tətbiq olunması üçün yeni fürsət vermiş oldu".
Məhəmməd Əsədullazadə hesab edir ki, bu böhran yeni dəniz müharibəsinə də gətirib çıxara bilər: "Hələ ki, Ukrayna Rusiyanın bu provakasiyasına getməyəcək. Kreml Qərbə qarşı bununla əzələ nümayiş etdirir. Çünki, Birləşmiş Ştatlar başda olmaqla NATO öz silahlı qüvvələrini Şərqi Avropada yerləşdirir, hərbi təlimlər keçirir. Və, Ukraynanın müdafiəsi istiqamətində bu ölkənin limanlarında yeni hərbi donanma inşa edir. Bu proseslər Kremli ciddi narahat etdyi üçün müstəqil bir ölkənin ərazi sularını işğal etdi". Politoloqun sözlərinə görə, Rusiya çalışır ki, Poroşenkonun növbəti seçkilərdə qələbə çalmasını əngəlləsin: "Ukraynanı məğlubiyyətə düçar etməklə, indiyə qədər Poroşenkonun müdafiə sahəsində gördüyü işləri sıfıra endirsin. Bu da ölkə elektoratında müəyyən suallar yaratsın. Hazırda Kremlin qonşularına qarşı açıq təhdidi ölkəmizin təhlükəsizlik qayğılarını artırmalıdır. Rusiya ilə quru və dəniz sərhəddinə malikik. Rusiya Ukrayna kimi qonşusu olan böyük dövlətə qarşı təcavüzkar siyasət aparırsa, buradan ölkəmizin də müəyyən nəticələr çıxarması mütləqdir".