BAXCP sədrindən təklif Siyasət

BAXCP sədrindən təklif

"Başqasının taxoqraf cihazlarının kartlarından istifadəsinə yol verilməsi ciddi məsuliyyət yaratmalıdır"

"Maddə 57.1-lə bağlı təklif vermək istəyirəm. Burada qeyd olinur ki taxoqraf cihazlarına müdaxilə etmək olmaz və buna görə məsuliyyət yaranır. Təklif edirəm, bu maddəyə əlavə olunsun ki, başqasının taxoqraf cihazları üçün verilən kartlarından istifadəyə görə, yaxud öz taxoqraf kartlarını başqasına verməyə görə də cinayət məsuliyyəti yaranır".
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında "Avtomobil nəqliyyatı haqqında" qanuna edilən dəyişikliyin müzakirəsi zamanı deyib.
BAXCP sədri təklifini əsaslandırmaq üçün Avropa ölkələrinin təcrübəsinə istinad edib: "Artıq inkişaf etmiş Avropa ölkələrində, sivil dünyada taxoqraf cihazlarından geniş istifadə edilir. Əlbəttə çox sevindirici haldır ki, artıq Azərbaycanda da taxoqrafların tətbiqinə başlanılır. Bir çox hallarda sürücülər fasilə verməmək, yaxud 8 saatdan artıq avtomobili idarə etmək üçün öz sürücü yoldaşlarının kartlarını da alırlar və öz kartlarını çıxarıb digər kartları həmin cihaza daxil edirlər. Bunun qarşısını almaq üçün başqasının taxoqraf cihazlarının kartlarından istifadəsinə yol verilməsi ciddi məsuliyyət yaratmalıdır".