“Birmənalı şəkildə deməliyik ki, heç bir erməni Qarabağ məsələsində güzəştə getməyəcək” Siyasət

“Birmənalı şəkildə deməliyik ki, heç bir erməni Qarabağ məsələsində güzəştə getməyəcək”

Yunus Oğuz: "Qarabağ probleminin həllinin yeganə yolu müharibə ilə torpaqlarımızı azad etməkdir"

"Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri ilə əlaqədar olaraq mən başqa bir məsələyə diqqət çəkmək istərdim. Belə ki, ermənilər özləri hər dəfə etiraf edirlər ki, Ermənistanda cəmi 2 milyon 900 min əhali var. Ermənilərin əksəriyyəti ölkəni tərk edib gedir. Düzdür, əvvəllər bu statistikanı açıqlamırdılar". Bu fikirləri "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz deyib: "Ancaq indi açıqlayırlar və birdən-birə seçkilərdən sonra açıqlama verirlər ki, səsvermədə 2 milyon 600 min nəfər işturak edib. Belə çıxır ki, Ermənistanda seçki yaşına çatmayanların sayı cəmi 300 min nəfərdir? Azərbaycanda 10 milyona yaxın əhali var və onların 5 milyon 300 min nəfərə yaxını səsvermə hüququna malikdir. Adətən ölkə əhalisinin yarısını səsvermə hüququna malik olmayan şəxslər təşkil edir. Ermənistanda isə bu rəqəm 300 min nəfər kimi göstərilir. Faktiki olaraq ya bu statistika saxta, pasifikasiya olunmuş statistikadır, ya da Köçəryandan, Sərkisyandan qalan statistikadır və həmin rəqəmlər əvvəl Köçəryan və Sərkisyana necə sərf edirdisə, indi də Paşinyana sərf edir. Müəyyən fondlar və yardım qurumlarından ianə, maddi yardımların alınmasında həmin statistika mühüm rol oynayır və oynayacaq. Təəssüflər olsun ki, həmin statistikanı Paşinyan da düzəltmədi. Seçkilərdə səsvermə hüququ olan vətəndaşların 39-40 faizinin iştirakı bir daha göstərdi ki, ölkədə statistikada göstərildiyi qədər əhali yoxdur. Digər bir məqama diqqət çəkmək istərdim. Belə ki, xarici ölkələrdə yaşayan Ermənistan vətəndaşlarının seçkilərdə iştirakı barədə də statistika açıqlanmadı. Deyəsən ermənilər xarici ölkələrdə seçki keçirmirlər. Çünki Rusiya, Fransa və digər ölkələrdə kifayət qədər Ermənistan vətəndaşı yaşayır. Bu da bir daha onu sübut edir ki, seçkilərdə kifayətqədər saxtakarlıqlar edilib. Necə olur ki, Türkiyə. Azərbaycan, Rusiya, hətta Orta Asiya respublikalarında belə seçkilər keçiriləndə səfirliklərdə baş tutan seçkilərin nəticələri barədə açıqlamalar verilir. Bu bir daha onu deməyə əsas verir ki, Ermənistanda keçirilən seçkilərdə saxtakarlıqlara yol verilib və həmin saxtakarlıqlar əsasında Nikol Paşinyan qalib olub. Ona görə də Paşinyanın demokrat adı altında qələmə verilməsinə lüzum yoxdur. Sadəcə Paşinyan istədiyi etdi, həyata keçirdi".
O, "birmənalı şəkildə deməliyik ki, heç bir erməni Qarabağ məsələsində güzəştə getməyəcək", - deyə əlavə edib: "Qarabağ probleminin həllinin yeganə yolu müharibə ilə torpaqlarımızı azad etməkdir. Düzdür. Problemin həlli istiqamətində sülh yolu əsas vasitə hesab edilir. Ancaq reallıq ondan ibarətdir ki, Ermənistan sülh yolu ilə problemin həllində maraqlı deyil. O başqa məsələdir ki, artıq Ermənistanda ab-hava dəyişir və zamanında Köçəryan və Sərkisyanın formalaşdırdığı Qarabağ klanından ermənilər azad olmaq istəyirlər. Necə ki, Qarabağ klanı zamanında gəlib Ermənistanda hakimiyyətdə oturdu, indi də tamam başqa proses təkrar olunmaqdadır. İstəyirlər ki, Ermənistan klanı gəlib Qarabağda hakimiyyətdə otursun. Ancaq düşünməyin ki, bununla ermənilər işğal etdikləri əraziləri boşaldacaqlar. Bu tamam başqa bir məsələdir. İndi Qarabağ klanını tamamilə vurub uzaqlaşdırmaq istəyirlər. Həm də Qarabağın özündə bu klanı sıradan çıxarmaq istəyirlər. Artıq Qarabağ klanı Ermənistanda elə bir çətin, gərgin vəziyyət yaradıb ki, insanlar özləri belə bu klanı istəmirlər. Hətta bəzi yerlərdə belə söyləyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır. Ancaq onu da deyim ki, bu ermənilərin riyakar siyasətidir. Digər tərəfdən ermənilərin hansısa ölkələrdən gətirilib Qarabağda yerləşdirilməsi özünü doğrultmadı. Çünki Qarabağ klanı Ermənistanda hakimiyyətdə idi. İndi əks istiqamətdə tamam fərqli proses gedəcək və bu zaman nələrin baş verəcəyini zaman göstərəcək.
Artıq ermənilər bunu istəyirlər. Ancaq o demək deyil ki, Qarabağı qaytarmaq istəyirlər. Sadəcə Qarabağ klanı hakimiyyətdə olduğu dövrdə Ermənistanda və dünyada o qədər iyrənc işlər görüb ki, artıq ermənilər bu iyrəncliklərdən azad olmaq istəyirlər. Fikir verdinizsə, Robert Köçəryanın ikinci dəfə həbs olunmasına Rusiya belə reaksiya bildirmədi. Bu da onu deməyə əsas verir ki, Qarabağ klanı iç üzünü göstərdi. Hakimiyyət davasında, hakimiyyətin idarə olunması, onun qorunub saxlanmasında Qarabağ klanınan stavka edilməsi ona gətirib çıxardı ki, bu ölkədə əslən ermənistanlı olan qüvvələr hakimiyyətdən uzaqlaşdırıldı. İndi başqa bir məsələ, ordunu dəyişmək problemi ortaya çıxır. Çünki Ermənistan ordusunun əksəriyyəti həm Rusiya, həm də Sərkisyan və Köçəryan meyillidir. Bu zaman təbii ki, Paşinyanla ordunun toqquşması baş verəcək. Faktiki olaraq Nikol Paşinyan bundan sonra 3 məsələni həll etməli olacaq".