“Təcrid siyasətimizdən və güc mexanizmindən əl çəkməməliyik” Siyasət

“Təcrid siyasətimizdən və güc mexanizmindən əl çəkməməliyik”

Vasif Əfəndiyev: "Ermənistana olan təzyiqi daha da artırmalıyıq"

"Rusiyayönümlü Sarkisyan hakimiyyəti ağır zərbə alaraq hakimyyətdən kənarlaşdırıldı. Onun yerinə keçməyə iddialı olan Paşinyanla münasibətlər qurmağa çalışan Rusiyanın cəhdləri nəticə vermədi. Hadisələr gözlənilmədən və ildırım sürəti ilə baş verdi". Bunu politoloq Vasif Əfəndiyev deyib. Onun sözlərinə görə, çox rahat və saxtalaşdırılmış seçki yolu ilə hakimiyyətlərini möhkəmləndirdiklərini hesab edən rusiyapərəst "Qarabağ klanı "gözlənilmədən məğlub edildi: "Təkrar parlament seçkilərindən sonra bu qüvvələr ümumiyyətlə parlamentə buraxılmadılar. Seçkilərdən qələbə ilə çıxan Paşinyan Rusiya ilə münasibətləri əvvələrdə olduğu kimi davam etdirmək niyyətində olmadığını göstərdi. Ermənistan indi daha çox Avropaya inteqrasiya barədə düşünür və istiqamətdə əməli tədbirlər həyata keçirir. Hesab edirəm ki, Paşinyan hakimiyyətdə möhkəmləndikcə daha intensiv fəaliyyət göstərəcək. İlk növbədə Ermənistan Avropa Birliyi ölkələri ilə viza rejimini qaldıracaq. Bu istiqamətdə artıq işləri yekunlaşmaq üzrədir. Yaxın zamanlarda biz bunun şahidi olacağıq. Lakin bu fəaliyyətin acı nəticələri də ola bilər. Dağlıq Qarabağda müharibə səbəbi ilə Azərbaycan tərəfindən təcrid olunan Ermənistanın yeganə xilas yolu İran və Rusiya olduğu sirr deyil. Avropaya üz çevirən Ermənistan Rusiyanın dəstəyindən mərhum olmasının ardından İran da Ermənistanın arxasından çəkilməyə məcbur olacaq. İndiyə qədər İranı cəsarətləndirən Rusiyanın mövqeyi olub. Ona görə də Paşinyan Türkiyə ilə yaxınlaşmaq cəhdləri edir. Azərbaycanla danışıqlara açıq olduğu barədə mesajlar verir. Məncə ən doğrusu budur. Lakin bu davranışları əməli nəticəsi olmayana qədər təcrid siyasətimizdən və güc mexanizmindən əl çəkməməliyik. Ermənistana olan təzyiqi daha da artırmalıyıq. Ermənistanın yeni hakimiyyəti 2019-cu ildə Dağlıq Qarabağ probleminin çözülməsi istiqamətində Azərbaycanla danışıqlara daha intensiv qatıla bilər. Böyük ehtimalla Paşinyan danışıqları vasitəçisiz davam etdirmək cəhdlərini edəcək. Azərbaycan tərəfi də vasitəçisiz görüşlərə dəstək verməlidir".