14:41
245
Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov Qazaxıstan Respublikasında fəaliyyət göstərən dövlət qulluqçuları üçün növbəti dəfə təlim keçib. Təlim Dövlət İdarəçilik Akademiyasının “Dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda təşkil etdiyi proqram çərçivəsində baş tutub.
“Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin formalaşması və inkişaf mərhələləri: müasir meyllər və perspektivlər” mövzusunda məruzə ilə çıxış edən Azər Allahverənov ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının yaranma və inkişaf tarixindən bəhs edib, bu prosesin müxtəlif mərhələlərinə xas xüsusiyyətləri diqqətə çatdırıb.
O bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması müstəqillik əldə edilməsi ilə paralel inkişaf edən mürəkkəb və çoxşaxəli prosesdir. Müstəqilliyin ilk illərində qeyri-rəsmi təsisatlar və təşəbbüs qrupları şəklində fəaliyyət göstərən ictimai təşəbbüslər sonrakı dövrdə institusional xarakter alaraq qeyri-hökumət təşkilatları sektorunun və bütövlükdə vətəndaş cəmiyyətinin inkişafına zəmin yaradıb.
Təlim zamanı Azərbaycan QHT-lərinin keçdiyi inkişaf yolu, regional və beynəlxalq platformalarda artan fəallığı da vurğulanıb. Qeyd edilib ki, ölkəmizin vətəndaş cəmiyyəti nümayəndələri beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edərək Qlobal Cənub Platformasının və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının yaradılmasında fəal iştirak ediblər.
Azərbaycan və Qazaxıstan QHT-ləri arasında əlaqələrə toxunan Azər Allahverənov bu əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcud olduğunu bildirib. O, qarşılıqlı təcrübə mübadiləsinin, birgə təşəbbüslərin və müxtəlif istiqamətlər üzrə tərəfdaşlığın inkişafının əhəmiyyətini qeyd edib.
Cavid
