14:25
630
Avropa İttifaqı (Aİ) ABŞ-dən asılılığı azaltmaq məqsədilə sənayenin yenidən hərbiləşdirilməsi üçün yeni kreditlər ayırmağı planlaşdırır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" agentliyi məlumat yayıb.
Onların məlumatına görə, Avropada maliyyələşdirmənin yeni raundu Aİ ölkələrinin yenidən silahlanması və 2030-cu ilədək Avropanın müdafiə qabiliyyətinin artırılması üçün keçən il işə salınmış 150 milyard avro (165 milyard dollar) həcmindəki "SAFE" ("Security Action for Europe") proqramının davamı olacaq.
Agentlik qeyd edir ki, yeni maliyyələşdirmə çərçivəsində əsas diqqət "genişmiqyaslı münaqişələrin aparılması üçün zəruri olan texniki və logistik imkanlara" - əvvəllər ABŞ tərəfindən təmin edilən hərbi potensialın əldə olunmasına yönəldilir.
Mənbələrin sözlərinə görə, yeni proqramın dəqiq həcmi hələ müəyyən edilməyib, lakin onun icrasına başlanması artıq 2027-ci ilin ikinci yarısına planlaşdırılıb.
Məryəm Quliyeva