“Əsas təhlükə Aİ-nin qərar qəbuletmə mexanizminin zəifləməsidir” Dünya

“Əsas təhlükə Aİ-nin qərar qəbuletmə mexanizminin zəifləməsidir”

“Macarıstan, Slovakiya və Çexiya təkcə bu gün deyil, əvvəllər də Ukraynaya maliyyə vəsasitinin ayırılmasının və Aİ-nin bütün resurslarının Ukraynaya səfərbər edilməsinin əleyhinə olub. Bunun birinci səbəbi bu üç mərkəzi şərq cəbhəsinin Rusiya ilə balanslı siyasət aparmaq maraqlarını üstün tutmalarıdır. Xüsusən Macarıstanın əvvəlki rəhbərliyi Ukrayna gərginliyi səbəbindən Aİ-nin Rusiya qazından tamamilə imtina etmə qərarını tənqid edib”.

Bu fikirləri xalqcebhesi.az-a siyasi ekspert Elnur Ənvəroğlu deyib.

E.Ənvəroğlunun sözlərinə görə, adı gedən bu üç ölkənin siyasi gündəmi Avropa İttifaqının mərkəz siyasətindən fərqlidir, yəni onları daha çox öz daxili iqtisadi vəziyyəti maraqlandırır, amma bu üç ölkənin yanaşmalarında müəyyən oxşarlıqlar olsa da, yenə də onların motivasiyalarını eyniləşdirmək olmaz: “Misal üçün Macarıstan məsələyə həm iqtisadi, həm də siyasi prizmadan yanaşır. Baş nazir Piter Magyar yeni ümumavropa borclanmasına qoşulmağa və Ukrayna üçün uzunmüddətli maliyyə öhdəliklərinin artırılmasına qarşı çıxır. Onun mövqeyində Macarıstanın öz büdcə problemləri və ölkənin Aİ büdcəsindən əldə etdiyi vəsaitlərlə bağlı mübahisələr də mühüm yer tutur. Slovakiya Baş nazir Robert Fitso hökumətinin Ukraynaya hərbi dəstəklə bağlı mövqeyini davam etdirir. Fitso Almaniya kansleri Fridrix Mertsin bütün üzv dövlətlərin Ukrayna kreditini dəstəkləməsi tələbinə qarşı çıxaraq bunu siyasi təzyiq kimi qiymətləndirib. O, Slovakiyanın da Almaniya kimi veto hüququna malik olduğunu xatırladıb. Gələk Çexiyaya, bu ölkənin baş nazir Andrey Babişin rəhbərliyi altında Ukraynaya əlavə maliyyə ayrılması məsələsinə daha ehtiyatlı yanaşır. Burada həm dövlət büdcəsinə düşəcək yük, həm də Aİ-nin növbəti çoxillik büdcəsinin prioritetləri müzakirə olunur. Bu mövqelərin ortaq nöqtəsi ondan ibarətdir ki, həmin hökumətlər Ukraynaya dəstəyin avtomatik olaraq bütün üzv dövlətlərin yeni borc öhdəliyinə çevrilməsini qəbul etmirlər”.

“Əsas təhlükə Aİ-nin qərar qəbuletmə mexanizminin zəifləməsidir və məncə, məsələnin ən mühüm geosiyasi tərəfi məhz budur. Yenə də bildirim ki, Aİ 27 dövlətdən ibarət siyasi və iqtisadi birlikdir. Onun xarici siyasət, təhlükəsizlik və bir sıra büdcə məsələlərində qərarların qəbul edilməsi üzv dövlətlər arasında razılaşmadan asılıdır. Bu isə o deməkdir ki, azsaylı dövlətlər belə müəyyən qərarların qəbulunu çətinləşdirə bilər. Hazırkı mübahisədə də məlum olduğu kimi Almaniya kansleri Fridrix Merts Ukraynaya maliyyə dəstəyini Aİ-nin 2028–2034-cü illər üçün növbəti çoxillik büdcəsi ilə əlaqələndirir. Onun yanaşmasına görə, Ukraynanın maliyyələşdirilməsi bütün Avropanın ortaq məsuliyyəti olmalıdır. Lakin bu mövqe bəzi üzv dövlətlərin müqaviməti ilə qarşılaşıb” - deyə ekspert söyləyib.

O eləcə də deyib ki, Ukrayna üçün əsas məsələ müharibənin davam etdiyi şəraitdə dövlət büdcəsinin və hərbi xərclərin fasiləsiz maliyyələşdirilməsidir: “Məsələn, Avropa Komissiyasının hesablamalarına görə, Ukraynanın 2027-ci il üçün maliyyə ehtiyacı təxminən 70 milyard avrodur. Təklif edilən 45 milyard avro bu ehtiyacın təxminən üçdə ikisini qarşılamağa hesablanıb. Qalan hissənin isə Beynəlxalq Valyuta Fondu, Böyük Britaniya, Yaponiya, Norveç, Kanada və digər tərəfdaşlar tərəfindən təmin edilməsi gözlənilir. Əgər Avropa maliyyələşdirməsi gecikərsə, Kiyev digər beynəlxalq tərəfdaşlardan daha çox dəstək axtarmalı olacaq. Bu isə Ukraynanın xarici maliyyə mənbələrindən asılılığını və müttəfiqlər arasında yük bölgüsü məsələsini yenidən gündəmə gətirəcək. Amma son olaraq deyim ki, əsas məsələ dekabr sammitində aydın olacaq. Yəni düşünürəm ki, indidən nəsə demək hələ tez olar və dekabrın 17–18-də keçiriləcək Avropa Şurası zirvə görüşü bu mübahisənin gələcək istiqamətini müəyyənləşdirə bilər”.

Röya İsrafilova