Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb Dünya

Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

Gürcüstanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

TRT Haber xəbər verir ki, Gürcüstan səfiri Kalandia Batumidə UEFA Avropa Liqasının “Beşiktaş”-“Hapoel Beer-Sheva” matçında baş verən insidentlə bağlı Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd edək ki, Gürcüstanın Batumi şəhərində “Beşiktaş” və İsrailin “Hapoel Beer-Sheva” komandaları arasındakı oyun zamanı Türkiyə futbol klubunun azarkeşləri ilə polis arasında baş verən qarşıdurma zamanı 3 polis əməkdaşı xəsarət alıb, 16 nəfər saxlanılıb. Saxlanılanların hamısı daha sonra sərbəst buraxılıb.

Xatırladaq ki, ötən gün “Beşiktaş” və “Hapoel Beer-Sheva” arasında keçirilən qarşılaşma tribunada baş verən insidentlər səbəbindən təxminən 30 dəqiqə dayandırılıb. Oyun sonradan bərpa olunub və Türkiyə təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.