17:35
196
Ukrayna elektrik enerjisi ixracını tamamilə dayandırıb, idxal isə iyun ayının ortalarından bəri ən yüksək səviyyəyə çatıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukraynanın İqtisadi Strategiya Mərkəzi (İSM) məlumat yayıb.
"Ukrayna elektrik enerjisi ixracını dayandırıb, idxal isə iyun ayının ortalarından bəri ən yüksək həddə çatıb", - deyə təşkilatın "Telegram" kanalındakı məlumatında deyilir.
İSM-dən vurğulanıb ki, bu vəziyyət ölkənin enerji infrastrukturunun zədələnməsi ilə bağlıdır. Mərkəzin məlumatına görə, vəziyyət noyabrın 20-dən sonra daha da pisləşib. Ukrayna eyni zamanda öz istehlakçılarına elektrik enerjisinin verilməsində müəyyən çətinliklərlə üzləşir - bəzi regionlarda işıqların sönməsi sutkada 12 saatdan çox davam edir. "Və bu, hələ ciddi şaxtalar düşməzdən əvvəl baş verir. Energetikanın bərpası üçün vəsait hələ də çatmır", - deyə mərkəzdən qeyd edilib.
Ukrayna ölkə daxilində elektrik enerjisinin uzunmüddətli kəsilməsinə baxmayaraq, oktyabr ayında hələ də elektrik enerjisi ixracını davam etdirirdi. Belə ki, ölkə xaricə 356,13 min MVt/saat enerji göndərdiyi halda, cəmi 41 min 377 MVt/saat idxal etmişdi.
Lakin noyabr ayında vəziyyət dəyişməyə başlayıb. Noyabrın 25-də Moldovanın energetika naziri Dorin Jungietu Ukraynanın respublikaya elektrik enerjisi ixracını dayandırdığını açıqlayıb, elə həmin gün Moldova hökuməti energetika sahəsində xüsusi rejimin daha 30 gün müddətinə uzadılmasını təsdiqləyib. Energetika Nazirliyinin rəhbəri bununla belə izah edib ki, Moldovanın enerji təchizatı üzrə bütün yük Rumıniyanın üzərinə düşüb.
Məryəm Quliyeva