“Ölkəmiz xarici siyasətini də möhkəmləndirdi” Siyasət

“Ölkəmiz xarici siyasətini də möhkəmləndirdi”

"2018-ci il Azərbaycanın daxili və xarici siyasətində hər zaman olduğu kimi böyük uğurların qeydə alındığı bir il oldu. Azərbaycan 2018-ci ildə sözün əsl mənasında çox böyük bir sıçrayış həyata keçirdi. Azərbaycan 2018-ci ildə bir daha bütün dünyaya dinamik inkişafını, yüksək potensialını nümayiş etdirdi". Bunu millət vəkili Jalə Əliyeva deyib. Millət vəkilinin sözlərinə görə, 2018-ci il ölkəmiz üçün dünya tarixində yubileylər ili kimi yadda qaldı: "Azərbaycan dünya tarixində parlamentarizmin, dövlət quruculuğunun böyük bir təcrübəsinin yaşandığı, təcrübəsi olduğu ölkə kimi tanındı və qəbul edildi. Bura AXC-nin 100 illiyi, Azərbaycan Milli Məclisinin 100 illiyi, Azərbaycan Ordusunun 100 illiyi kimi çox əhəmiyyətli günlər aid edilə bilər. Eyni zamanda ölkəmiz daxili iqtisadi səviyyəsini yüksəltməklə bərabər, həmçinin xarici siyasətini də möhkəmləndirdi. Beləcə, Azərbaycan dünya siyasətində öz layiqli yerini tutaraq ölkəsinə olan ehtiramı, diqqəti daha da artırdı. İl ərzində həyata keçirilən beynəlxalq layihələr, imzalanan müqavilələr, təməli qoyulan beynəlxalq iqtisadi proyektlər onu deməyə əsas verir ki, Azərbaycana etimad, güvən gündən-günə artır.
Bu gün Azərbaycan sadəcə bölgənin deyil, dünyanın da strateji müttəffiqliyə can atdığı arzuedilən bir ölkə səviyyəsinə gəlib çatıb. Bu gün Azərbaycanın bölgədə, dünyada həm iqtisadi, həm də siyasi cəhətdən söz, nüfuz sahibi olması əlbəttə ki, ölkəmizdə həyata keçirilən düzgün məqsədyönlü siyasətin və bu siyasətin başında dayanan dövlət başçısı cənab Prezident İlham Əliyevin həyata keçirdiyi sönməz iradə və qətiyyətdir. Əlbəttə ki, biz bütün bu uğurlarımıza, nailiyyətlərimizə görə, cənab Prezidentimizə minnətdarıq".