Bir milyon dollardan çox maliyyəni kimlər alıb? Siyasət

Bir milyon dollardan çox maliyyəni kimlər alıb?

Baş redaktor qrant maxinasiyasını ifşa etdi

Hələ ötən il Milli Demokratiya Fondunun (The National Endowment for Democracy (NED) Azərbaycana, yaxud Azərbaycanla bağlı olan təşkilatlara ayırdığı qrantların anonimliyi barədə məlumat yaymışdım.
Həmin dövrdə yaydığım məlumat 2011-2016-cı illəri əhatə edirdi. 2011-2015-ci illərdə NED-in ayırdığı qrantlar ünvanlı olsa da, 2015-ci ilin sonlarında və 2016-cı ildə ayrılan vəsaitlər ünvansız idi. NED 2017-ci ildə də öz "prinsip"lərinə sadiq qalıb və vəsaitləri kimə, yaxud hansı təşkilata ayırdığını açıqlamayıb. Hələlik 2018-ci üçün ayrılan vəsaitlərlə bağlı məlumatlar açıqlanmadığı üçün 2017-ci ilin üzərində fokslanıram. 2017-ci ildə NED-in "Azərbaycana ayırdığı" qrantların bir hissəsi "siyasi məhbus"larla bağlıdır. Həm də çox maraqlı bir təqdimatla:
"Azərbaycanda "siyasi məhbus"ların nüfuzunun artırılması. "Siyasi məhbus"larla bağlı materialların hazırlanaraq tədim edilməsi və Avropada təbliğat tədbirlərinin həyata keçirilməsi"…
Bununla bağlı ayrılan qrantların ümumi məbləği 123 695 ABŞ dolları təşkil edir.
NED-in ayırdığı vəsaitlərin əhəmiyyətli hissəsi isə "Azərbaycanlı tərəfdaşların vətəndaşları siyasi proseslərə cəlb etməsi üçün" nəzərdə tutulub. Burada çox güman ki, söhbət radikal siyasi qruplardan gedir. Bu istiqamətə ayrılan vəsait 165000 təşkil etsə də, əslində daha çoxdur. Çünki "vətəndaş cəmiyyətində gənc fəalların rolunun artırılması", "insan haqları ilə bağlı məşğələlər", "gənclərin internetə cəlb edilməsi", "gənclərin ictimai həyatda iştirakının mükafatlandırılması" adı altında ayrılan vəsaitlər də çox güman ki, həmin radikal qruplar üçün nəzərdə tutulub – 392114 ABŞ dolları (666593 manat)!
NED sosial şəbəkələrdəki "azərbaycanlı" trollarına və mediadakı nüfuz müvəkkillərinə də xüsusi diqqət ayırıb.
Beləliklə "müstəqil televiziya", "informasiya saytı", "onlayn informasiya portalı", "onlayn xəbər portalı", "müstəqil jurnalistikanın dəstəklənməsi", "müstəqil medianın dəstəklənməsi" adı altında Azərbaycana qarşı informasiya təxribatının aparılmasına ümumilikdə 385822 ABŞ dolları (655897 manat) vəsait "xərclənib". Bu vəsaitlərin müqabilində tələb olunanlar da çox maraqlıdır. Əslində, ortaqlıda yeganə bir tələb var: Azərbaycana qarşı informasiya təxribatının körüklənməsinə daha çox insanın təlb edilməsi.
Siyahıya nəzər salaq. Nə istəyir NED?
Nüfuz müvəkkillərinin sayını artırmaq. Əks təqdirdə "gənclərin sosial şəbəkələrdə fəallıq göstərmələrinə görə mükafatlandırılması" kimi açıq satınalma ismarıcını nə üçün yayımlayırdı ki?
NED-in "qrant" bölgüsündə "Azərbaycanlı tərəfdaşların dəstəklənməsi" adı altında daha bir maraqlı məqam diqqəti cəlb edir. Qeyd olunur ki, "vətəndaşları siyasi proseslərə cəlb edən Azərbaycanlı tərəfdaşların müdafiəsi, onların daxili şəbəkələrini genişləndirməsi prosesinə yardım göstəriləcək. Vətəndaşların proseslərə cəlb edilməsi işində onlara rəqəmsal təhlükəsizlik sahəsində yeni rəqəmsal vasitələrlə dəstək veriləcək".
Maraqlıdır, "rəqəmsal təhlükəsizlik sahəsində yeni rəqəmsal vasitələrlə dəstək" nə deməkdir?
Sosial şəbəkələrdə trolların sayının artırılması üçün xüsusi proqramlar, gizli əlaqə üçün mobil tətbiqlər, casus avadanlığı, yoxsa?…
Hər halda məsələnin bu tərəfini araşdırmaq və təbii ki, nəticələri paylaşmaq imkanım yoxdur.
Son olaraq qeyd edim ki, NED-in 2017-ci ildə Azərbaycana qarşı təxrinatları genişləndirmək üçün ayırdığı vəsaitin cəmi 1,031, 681 ABŞ dolları təşkil edir. Bu, təxninən 1 milyon 800 min manat deməkdir. Həm də nəzərə almaq lazımdır ki, NED "Azərbaycanlı tərəfdaşlarını", daha dəqiq desək nüfuz müvəkkillərini maliyyələşdirən onlarla nüfuz müvəkkilindən, sadəcə biridir…
Və övladları dünyanın ən bahalı universitetlərində oxuyan, yaxud gecə klublarında gün keçirən bu nüfuz müvəkkilləri mənim kimi gecə-gündüz bilmədən gözünün ağını da, qarasını da əridib ömür sürənləri ittiham edəndə ən azı qəhqəhə çəkib gülmək istəyirsən…

Elçin Mirzəbəyli