“İkitərəfli görüşlər gələcəkdə Qarabağ probleminin müzakirə edilməsində yeni bir siyasi müstəviyə çevrilə bilər” Siyasət

“İkitərəfli görüşlər gələcəkdə Qarabağ probleminin müzakirə edilməsində yeni bir siyasi müstəviyə çevrilə bilər”

"Bölgədə üçüncü bir dövlətin ağırlığı hələ də hiss edilməkdədir". Bunu sabiq dövlət müşaviri Qabil Hüseynli Azərbaycan prezident İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında son görüşlərə münasibətində açıqlayıb.
Politoloq qeyd edib ki, son dövrlərdə ölkə başçısı İlham Əliyev ilə Paşinyan arasında bir neçə dəfə görüş baş tutub. Düşənbədə və Sankt-Peterburqda olan görüş ayaqüstü xarakter daşıyır. Bu görüşlər daha çox tanışlıq və təmas xəttində atəşkəs rejiminə əməl edilməsi məsələlərinin müzakirəsinə həsr olunmuşdu: "Amma Davos İqtisadi Forumu çərçivəsində keçirilən görüş qeyri-rəsmi görüş statusunda olsa da, 1 saat yarımdan çox davam etdi. Eyni zamanda Ermənistanın Baş nazirinin bu görüşlə bağlı özünün Feysbuk səhifəsində nikbinliyə əsas verən fikirlər paylaşması onu göstərir ki, danışıqlar prosesində tərəflər arasında xeyli etimad mühiti yaranıb. Bundan əvvəl də Paşinyan Düşənbə görüşündən sonra Azərbaycan Prezidenti haqqında xoş sözlər səsləndirmişdi və qeyd etmişdi ki, İlham Əliyev kifayət qədər ağıllı, dünyagörüşlü və mədəni insandır. Bu nöqteyi-nəzərdən də o, Azərbaycan Prezidenti ilə danışıqlar aparmağa hazır olduğunu bir növ bəyan etmişdi. İndi görüşün başqa bir ampulada, formada davam etdirilməsi o deməkdir ki, tərəflər arasında etimad mühitinin yaradılması və möhkəmləndirilməsi prosesi gedir. Hətta ikitərəfli görüşlər gələcəkdə Dağlıq Qarabağ probleminin müzakirə edilməsində yeni bir siyasi müstəviyə çevrilə bilər. Ən azından ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə çox ləng və qeyri-stabil olan görüşlərin keçirilməsi praktikası hələ ki, bir nəticə vermədiyindən, ikitərəli görüşlər özü bir alternativə çevrilə bilər".
Q.Hüseynli əvvəllər də Qarabağla bağlı pozitiv danışıqların olduğunu, lakin hər hansı nəticə əldə edilmədiyinin səbəblərinə də qısa aydınlıq gətirib. Bildirib ki, mərhum prezident Heydər Əliyevin dövründə Köçəryanla ikili təmaslar olmuşdu: "ATƏT-in İstanbul zirvə toplantısına qədər, yəni 2000-ci ilə qədər Heydər Əliyevlə Köçəryan arasında çox ciddi danışıqlar prosesi getmişdi. Hətta İstanbulda hansısa sənədin imzalanacağı barədə mətbuata çox əhəmiyyətli bir fakt sızdırılmışdı. Çünki İstanbul zirvə toplantısında həm Bakı-Ceyhan neft kəmərinin marşrutu həll olunmalı idi, həm də Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqlarda "böyük sülh sazişi"nin imzalanması gözlənilirdi. Bu prosesdə də əsas rolu ABŞ-ın keçmiş prezidenti Bill Klinton oynayırdı. O zaman qəzetlər Cənubi Qafqazda çox böyük dəyişikliklər ediləcəyi və bu regionun geopolitik anlamda siyasi məkana çevirləcəyini yazırdılar. Bu zaman həm Dağlıq Qarabağ məsələsində irəliyə doğru bir sıçrayış, həm də Bakı-Ceyhan neft kəmərinin Ermənistandan keçmə layihəsi götür-qoy edilirdi. Amma bu fonda gedən danışıqlar zirvə toplantısına qədər başa çatdırıla bilmədi. Çünki Ermənistan parlamenti gülləbaran edildi. Ermənistan parlamentinin spikeri elə iclasların gedişi zamanı öldürüldü. Nəticə etibarı ilə danışıqlar prosesi və digər nəzərdə tutulan iqtisadi layihələrin gerçəkləşdirilməsi planı təxirə salındı. Demək istəyirəm ki, bölgədə üçüncü bir dövlətin ağırlığı hələ də hiss edilməkdədir. Bu nöqteyi-nəzərdən bu ağırlıq Ermənistan tərəfinin cəsarətli siyasi iradə ortaya qoymasına hələ də maneçilik törətməkdədir. Ona görə də ikili təmasların hansısa nəticələrə gətirib çıxaracağı ilə bağlı birmənalı fikir söyləmək çətindir. Bu məsələdə daha çox məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür".
Politoloq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son proseslərdə ABŞ-ın pərdəarxası yer aldığını istisna etmədiyini söyləyib: "Çünki ABŞ artıq Cənubi Qafqaza dair bir neçə dəfədir ki, gah prezident, gah dövlət katibi, gah da ümumiyyətlə, siyasi elitaya daxil olan senator və konqresmenlərin dili ilə problemin həlli ilə bağlı fikirlər irəli sürür. Bunu edərkən, açıq şəkildə vurğulayırlar ki, Azərbaycan və Ermənistan Rusiyanın təzyiqi altındadır. Onlar bundan uzaqlaşsa və ikili görüşlər keçirsə, münaqişənin həllində daha əhəmiyyətli nəticələr əldə edə bilərlər. Özü də açıq etiraf etmək lazımdır ki, ABŞ-ın problemin həllinə yanaşmasındakı mövqeyi Rusiyanın mövqeyinə nisbətən daha pozitiv görünür. Çünki ABŞ bundan əvvəl dövlət katibinin dili ilə qeyd etmişdi ki, işğal edilmiş 7 rayondan Ermənistan əsgərləri qeyd-şərtsiz çıxarılmalıdır. Bundan sonra Dağlıq Qarabağın statusu barəsində danışıqlar getməlidir. Rusiyanın təklif etdiyi variantda 5 rayon məsələsi var, amma burada xüsusi şərt də qeyd olunur. Yəni Dağlıq Qarabağa hansısa keçici statusun verilməsi məsələsi ön plana çəkilir. Amma ABŞ-ın 7 rayon məsələsində şərt kimi sadəcə olaraq Ermənistan və Azərbaycan arasındakı kommunikasiya xətlərinin açılması, Ermənistanın da bölgədə gerçəkləşdirilməkdə olan sanballı iqtisadi layihələrə qoşulmasına imkan yaradılması nəzərdə tutulur. Eynilə də Türkiyəyə də bununla bağlı təzyiq edilir. Qeyd edilir ki, Türkiyə də həm Ermənistanla sərhədi açmalı, həm də Ermənistanla münasibətləri yenidən qurmalıdır. Bu münasibətlər sistemində həmçinin Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin yaradılması eyhamı da var. Yəni 7 rayon müqabilində sadəcə olaraq, blokada şərtlərinin aradan qaldırılması təklif edilir. Dağlıq Qarabağla bağlı hər hansı şərt irəli sürülmür. Əlbəttə, bunları götür-qoy edəndə ABŞ tərəfinin təklifləri daha pozitivdir. Üstəlik də Paşinyan öz əqidəsinə və hakimiyyətə gəlmə formasına görə ABŞ-a daha yaxın görünür. Bu səbəbdən də ABŞ-ın müəyyən təlqinlərinin, təsirlərinin olması faktını gözardı etmək mümkün deyil".