“Dövlət başçısı şəhid ailələrinə böyük diqqət və qayğı göstərir” Siyasət

“Dövlət başçısı şəhid ailələrinə böyük diqqət və qayğı göstərir”

"Prezident İlham Əliyevin şəhid ailələri ilə görüşü, birdəfəlik yardımla bağlı fərmanı və təqaüdlərinin artırılması haqqında sərəncamı torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimizlə bağlı dərin ehtiramının göstəricisidir". Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Sevinc Hüseynova deyib. Cənab Prezidentin yanvarın 28-də imzaladığı Fərmanla birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişləndiyini dilə gətirən deputat söyləyib ki, yeni fərmana əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhid vərəsəsi birdəfəlik ödəmədən yararlanacaq. Onun sözlərinə görə, yeni fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur ki, bu da dövlət başçısının şəhid ailələrinə böyük diqqət və qayğısının növbəti təcəssümüdür. Dövlət başçısının bir qrup şəhid ailəsi ilə görüşü zamanı Prezident İlham Əliyevin "bizim üçün ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir" fikrini xatırladan S.Hüseynova vurğulayıb ki, dövlətimizdə torpaq uğrunda şəhid olan qəhrəmanlarımız hər zaman hörmətlə anılır, onların ailələri diqqət mərkəzində saxlanılır: "Son günlər həssas təbəqə olan şəhid ailələri ilə bağlı atılan bütün addımlar humanistliyin göstəricisi ilə yanaşı, şəhidlərimizin ailələrinə göstərilən çox böyük diqqət və qayğının dövlət səviyyəsində daha bir ifadəsidir".