BMT və digər beynəlxalq təşkilatlarda bizim iştirak hüququmuz var” Siyasət

BMT və digər beynəlxalq təşkilatlarda bizim iştirak hüququmuz var”

Umud Rəhimoğlu: "Beynəlxalq təşkilatlarda aktiv fəaliyyət göstərməliyik"

Dünən Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) mətbuat konfransı keçirilib. Mətbuat konfransında BAMF tərəfindən BMT-nin Cenevrə ofisində İnsan Haqqları üzrə 40-cı sessiya çərçivəsində Su, Ətraf Mühit və Sağlamlıq üçün Qlobal İnstitutla birgə "Sülh və Təhlükəsizlik üçün Su" mövzusunda keçirilən tədbirlə bağl məlumatlar açıqlanıb.
Xatırladaq ki, BMT-nin Cenevrə ofisində baş tutan tədbirin moderatoru Su, Ətraf Mühit və Sağlamlıq üçün Qlobal İnstitutun rəhbəri, Asiya Su Şurasının İdarə Heyətinin üzvü Nidal Salim dünyada sudan təzyiq vasitəsi kimi istifadənin dayandırılmasına çağırıb. Su çatışmazlığının insanın gündəlik həyatına, ətraf mühitə, iqtisadiyyata, cəmiyyətə təsirlərindən danışıb. Sudan doğru düzgün istifadə edilməməsi səbəbindən baş verən müharibələrdən, dağıntılardan söz açıb.Onun sözlərinə görə su insan varlığının, iqtisadiyyatın əsas mənbəyini təşkil edir və bu gün sudan təsir vasitələrindən biri kimi istifadəsi yolverilməzdir.
Tədbirdə çıxış edən BAMF prezidenti Umud Mirzəyev Azərbaycanın 30 ildən çoxdur ki, işğaldan əziyyət çəkdiyini, ərazilərimizin 20 faizindən çoxunun Ermənistan tərəfindən işğal edildiyini, bir milyondan çox insanın qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qaldığını deyib. Bundan savayı 1992-ci ildən erməni hərbi birləşmələrinin işğalı altında olan Sərsəng su anbarı və digər su mənbələrindən ölkəmizə qarşı siyasi-iqtisadi təsir vasitəsi kimi istifadə edildiyini auditoriyanın diqqətinə çatdırıb. Minlərlə insanın eləcə də 96 min ha ərazinin su çatışmazlığından əziyyət çəkdiyini qeyd edib. O, insan hüquqları və ətraf mühitin qorunması, regionda sülhün, dayanıqlı inkişafın təmin edilməsi, işğal altında saxlanılan ərazilərin azad olunması üçün vətəndaş cəmiyyəti qurumlarını öz səylərini birləşdirməyə səsləyib. Daha sonra suyun təbii axınına məhdudiyyətlərin qoyulması səbəbindən Azərbaycanın yaşadığı çətinliklər BAMF-ın hazırladığı "Su-Müharibə maşını" sənədli filmi vasitəsi ilə auditoriyaya çatdırlıb.
BMT-nin İnsan Haqqları Şurasının Xüsusi Qaydalar üzrə İşçi Qrupunun üzvü prof. Osman Əl Hacc su mənbələrinin istifadəsi zamanı təhlükəsizliyin qorunması, eləcə də beynəlxalq hüquqi normalardan danışıb. O, Azərbaycana qarşı sudan təzyiq vasitəsi kimi istifadəni beynəlxalq cinayət adlandırıb. Bunun beynəlxalq arbitraj məhkəməsinə çıxarılmasının vacibliyini qeyd edib.
BAMF prezidentinin köməkçisi Anastasiya Lavrina su və ekoloji dağıntılar mövzusunda çıxış edib. O, işğal olunmuş ərazilərdə su infrastrukturunun dağıdılmasını, nəzarətsiz ərazilərdə sudan qeyri insani istifadə olunmasının, işğalın davam etdirilməsinin yol verilməz olduğunu bildirib. Bunun qarşısının alınması üçün beynəlxalq qurumlarına səslənib. Daha sonra auditoriyanın sualları dinlənilib. BAMF-ın vitse prezidenti Ramil Əzizov verilən sualları cavablandırıb. Suyun siyasi məqsədlər üçün istifadəsinin insan haqqlarına təsiri, təhlükəsizlik məsələlərindən danışıb.
Tədbir BMT-nin Cenevrə ofisində milli ornamentlərimizlə bəzədilmiş Azərbaycan otağında keçirilib. Tədbirdə 30 nəfərə yaxın vətəndaş cəmiyyəti nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, missiya nümayəndələri iştirak edib.
Qeyd edək ki, BAMF nümayəndələri İnsan Haqqları Şurasının 40-cı sessiyası çərçivəsində 04-09 mart tarixlərində BMT-nin Cenevrə ofisində bir sıra görüşlər keçirib. BAMF, BMT-nin Cenevrə ofisində İnsan Haqqları üzrə Ali Komissar Mişelle Baçelet Jeria ilə görüşə qatılıb. Görüşdə fəaliyyəti beynəlxalq münasibətlərdə qəbul edilməyən qurumların İnsan Haqlları Şurasında fəaliyyətinə açıq imkanların yaradılmasından yaranan narazılıqlar, ifadə azadlığı, insan haqqlarının qorunmasında vətəndaş cəmiyyətinin dəstəklənməsi, yaşlıların, eləcə də uşaqların hüquqlarına dair məsələlər müzakirə olunub.
Səfər çərçivəsində BMT-nin İnsan Haqqları üzrə məmuru Zəki Otman, birtərəfli məcburi tədbirlər üzrə BMT İnsan Haqlları Şurasının xüsusi məruzəçisi, Cenevrə İnsan Haqqları və Qlobal Dialoq Mərkəzin icraçı direktoru İdris Cəzairi, BMT-nin əlilliyi olan şəxslərin hüquqları üzrə xüsusi məruzəçisi xanım Katalina Devandas Aquilar, Rusiya Xarici İşlər Nazirliyinin Humanitar Əməkdaşlıq və İnsan Haqqları departamentinin müşaviri Yevgeni Ustinov, Londonda yerləşən ARAMEA Fondunun idarə heyətinin, mərkəzi ofisi Belçikada yerləşən Qlobal Filantrop Şəbəkəsi, İnkişaf və Hüquqlara dair Beynəlxalq Akademiyanın üzvəri, Kəndlər Birləşdirir - Birləşmiş Kəndlər təşkilatının, İranın Terrorizm Qurbanlarının Müdafiəsi Assosiasiyasının nümayəndələri və digərləri ilə görüşlər keçirilib, Azərbaycan ərazilərinin işğalı nəticəsində, bir milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarının qorunması ilə bağlı məsələlər gündəmə gətirilib.
Tədbir barədə jurnalistlərə məlumat verən U. Rəhimoğlu həmçinin əlavə edib ki, Cenevrədə çoxsaylı görüşlər keçirib: "BMT və digər beynəlxalq təşkilatlarda bizim iştirak hüququmuz var. BMT-nin İnsan Haqları Şurasında 7 nəfər erməni əməkdaş çalışır. Biz də beynəlxalq təşkilatlarda aktiv fəaliyyət göstərməliyik. BMT hər bir üzv dövlətə müraciətlər edərək müxtəlif sahələrdə ekspertlər tələb edir".
Hüquq müdafiəçisi Sahib Məmmədov deyib ki, BMT-nin İnsan Haqları şurası BMT nizamnaməsinin müəyyən etdiyi əsas şuradır: "BMT strukturlarında fəallığımızı artırmalıyıq. Ermənilər orada çox aktivdirlər".
Daha sonra çıxış edən siyasi şərhçi Azər Həsrət daha aktiv fəaliyyət göstərmək üçün maliyyə çatışmazlığından şikayətlənib: "Ermənilər bu tipli məsələlərə ciddi maliyyə ayırırlar. Biz isə daha ciddi fəaliyyət göstərmək üçün maliyyə sıxıntısı çəkirik. İş adamlarımızı bu məsələlərə ciddi dəstək verməlidirlər".

Əli