Yaponiyanın NHK telekanalı UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən sessiyası barədə veriliş hazırlayıb Siyasət

Yaponiyanın NHK telekanalı UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən sessiyası barədə veriliş hazırlayıb

Yaponiyanın NHK telekanalı UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən sessiyası barədə məlumat yayıb. Məlumatda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iyunun 30-da Azərbaycanın paytaxtı Bakı şəhərində başladığı qeyd edilib.
Trend-in məlumatına görə, yayımda vurğulanıb ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir. Bu məqsədlə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra UNESKO ilə sıx əməkdaşlıq qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib.
Bildirilib ki, iyulun 10-dək davam edəcək sessiya zamanı müxtəlif ölkələrdən Dünya İrs Siyahısına daxil edilmək üçün ünvanlanmış 36 müraciətə baxılacaq. Həmin siyahıya Yaponiyanın Osaka prefekturasındakı Mozu-Furuiçi qədim qəbiristanlıq təpələrinin də daxil edilməsi nəzərdə tutulub. Eramızın IV əsrinin sonundan V əsrinin sonunadək yaradılan bu kurqanlar beynəlxalq ekspertlər qrupu tərəfindən UNESKO-nun Dünya İrs Siyahısına daxil edilmək üçün tövsiyə olunub.
Mozu-Furuiçi təpələri IV əsrin sonlarından VI əsrin sonlarınadək inşa edilən 49 kurqandan ibarətdir. Bunların 23-ü Sakai şəhərinin Mozu rayonunda, 26-sı isə Habikino və Fuciidera şəhərləri arasındakı Furuiçi rayonunda yerləşir.
Mozu vilayətinin kurqanları arasında imperator Nintokunun 486 metr uzunluğunda kurqanı da var. Bu, Yaponiyada açar yeri şəklində olan ən böyük kurqan hesab edilir.