“Ermənistan rəhbərliyi danışıqlara hazır deyil” Siyasət

“Ermənistan rəhbərliyi danışıqlara hazır deyil”

Fikrət Sadıqov: “Prosesə zidd bəyanatlarla çıxış edir”

“Biz Ermənistanla yox, Minsk qrupunun həmsədrləri ilə danışıqlar aparırıq. Çünki bütün təşəbbüsləri onlar irəli sürür”. Bu fikirləri Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov Dağlıq Qarabağ münaqişəsinin həlli bağlı aparılan danışıqlar prosesinə münasibət bildirərkən deyib.
Politoloq vurğulayıb ki, Ermənistan danışıqlar prosesinə müdaxilə edir: “Hiss olunur ki, Ermənistan rəhbərliyi bu danışıqlara nəinki hazır deyil, hətta onları inkar edir, prosesə zidd bəyanatlarla və sərsəm ifadələrlə çıxış edir. Bununla da Ermənistan faktiki olaraq danışıqlar prosesini pozur. Əgər belədirsə, onda təbii ki, biz müxtəlif digər yollara əl atmalı, fərqli variantlardan istifadə etməliyik. Ermənistanla danışıqlar aparmaq proseduru sanki ATƏT-in Minsk qrupuna daha çox lazımdır. Biz heç vaxt buna belə bir sevgi ilə getməmişik. Bizim əsas məqsədimiz torpaqları azad etməkdir. Əgər erməni rəhbərliyi hesab edirsə ki, bu mərhələdə danışıqlara getməyə ehtiyac yoxdur, o zaman biz daha radikal mövqe nümayiş etdirməli, daha sərt addımlar atmalıyıq. Çünki Ermənistan hansısa kiçik bir dövlət ilə yox, güclü Azərbaycanla danışıqlar apardığını başa düşməlidir”.