“Təhsil kreditləri çox vacib hadisədir” Siyasət

“Təhsil kreditləri çox vacib hadisədir”

Vahid Əhmədov: “Bəzi tələbələr təhsillərini davam etdirə bilmirlər və təhsillərini yarımçıq qoyurlar”

Dünən parlamentin payız sessiyasının ilk plenar iclası keçirilib. İclasın gündəliyinə 20 məsələ daxil edilib.
Milli Məclisin sədri Oqtay Əsədov parlamentin iclasında deyib ki, Cənab Prezidentin uzaqgörən daxili və xarici siyasətinin parlament səviyyəsində dəstəklənməsi üçün bütün işlər görülüb. O bildirib ki, 2019-cu ilin yaz və növbədənkənar sessiyaları öz işini uğurla tamamlayıb: “Nümayəndə heyətləri beynəlxalq təşkilatların iclaslarında iştirak edib”.
İclasda həmçinin deputatı Rafael Cəbrayılovun istefa verdiyi barədə məlumat açıqlanıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, Rafael Cəbrayılov özü müraciət edərək, mandatından məhrum edilməsini istəyib. Əli Hüseynli bildirib ki, Rafael Cəbrayılovun müraciəti barədə Mərkəzi Seçki Komissiyası son qərar qəbul edəcək. Rafael Cəbrayılov müraciətində bildirib ki, həm seçicilərindən, həm Azərbaycan cəmiyyətindən üzr istəyərək istefa vermək qərarına gəlib.
Deputat Vahid Əhmədov isə deyib ki, bir neçə il keçməsinə baxmayaraq “Rəqabət Məcəlləsi haqqında” qanun layihəsi qəbul edilməyib: “Rəqabət Məcəlləsi aktual məsələlərdən biridir. Bunun qəbul edilməsi həddindən artıq vacibdir. Azərbaycanın daxili bazarında monopoliya, inhisar yoxdur deyə bilmərik. Cənab prezidentin imzaladığı Strateji Yol Xəritəsində faktiki olaraq 2019-cu ildə Rəqabət Məcəlləsinin qəbul edilməsi göstərilir. Ancaq 2019-cu il başa çatır və biz “Rəqabət Məcəlləsi haqqında” qanun layihəsini qəbul etməmişik. Çox xahiş edirəm, bu məsələ gündəliyə salınsın”.
Deputat digər məsələyə də toxunaraq, onun da vacibliyini qeyd edib:
“İkinci vacib məsələ təhsil kreditləri ilə bağlıdır. Eşitmişəm ki, Təhsil komitəsində bununla bağlı qanun layihəsi hazırlanır. Hesab edirəm ki, bu qanun layihəsi üzərində işləmək olar. Təhsil kreditləri çox vacib hadisədir. Müraciətlər həddindən artıq çoxdur. Faktiki olaraq bəzi tələbələr təhsillərini davam etdirə bilmirlər və təhsillərini yarımçıq qoyurlar”.
Deputat Musa Quliyev bildirib ki, qadağan olunmasına baxmarayaq, qapalı yerlərdə siqaret çəkməyə davam edirlər. O, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tələblərinə əməl edilməməsi məsələsini qaldırıb: “Qanun qapalı yerlərdə siqaret çəkməyi qadağan etsə də, bu gün hələ də qapalı məkanlarda siqaret çəkənlər var. Parlamentin bu məsələyə müdaxilə etməyə səlahiyyəti yoxdur. Ancaq biz müvafiq qurumların diqqətinə çatdırmalıyıq ki, bu məsələni nəzarətə götrürsün”.
Deputat Qənirə Paşayeva enerji içkilərinin zərərlərindən söz açıb.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov enerji içkiləri ilə bağlı problemlərin olduğunu deyərək, maarifləndirmə işlərinin aparılmasını vacib sayıb: “Keçən dəfə bir məktəbdə idim. Gəlib mənə sual verirdilər ki, Ziyafət müəllim, enerji içkiləri niyə ziyandır?”.
O qeyd edib ki, enerji içkilərinin ziyanlı olması haqqında maarifləndirmə işləri aparılmalıdır.
Deputat Çingiz Qənizadə deyib ki, Fransa Respublikasının Lion İnzibati Məhkəməsinin bu ölkənin Desin-Şarpyö şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri və Sen-Etyen şəhəri ilə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri arasında müvafiq olaraq 25 sentyabr 2017-ci il və 21 oktyabr 2018-ci ildə imzalanan qeyri-qanuni “saziş”lərin ləğv olunmasına dair qərarı alqışa layiqdir: “Bu, Azərbaycanın dünyada artan nüfuzunun daha bir təsdiqidir”.
Bu günə qədər Fransa məhkəmələrinin bu ölkənin şəhərləri ilə qondarma Dağlıq Qarabağ hakimiyyəti arasında imzalanmış 9 belə sazişi ləğv etdiyini vurğulayan Ç.Qənizadə deyib ki, bu sazişlər Azərbaycan və Fransanın milli qanunvericiliyi, xüsusilə də Fransa Konstitusiyasının 73-cü maddəsi, "Ərazi Vahidləri Ümumi Məcəlləsi”nin maddələri və 24 may 2018-ci il tarixində daxili işlər və Avropa və xarici işlər nazirləri tərəfindən imzalanmış sirkulyar sənədin müddəalarına zidd idi.
Deputat qeyd etdi ki, Ermənistan müxtəlif ölkələrin ermənipərəst deputatlarını Azərbaycanın işğal altında olan ərazilərinə aparmaqla, guya, bu ərazilərin işğalçı ölkəyə məxsus olduğu barədə rəy formalaşdırmaq istəyirdi: “Bəzi ölkələrin müxtəlif şəhərləri ilə əməkdaşlıq qurulması, telemarafonların və yardım kampaniyalarının, qeyri-qanuni səfərlərin təşkili Ermənistan hakimiyyətinin işğalçı siyasətinin tərkib hissəsidir. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bütün cəhdlərin, imzalanmış sazişlərin heç bir hüquqi əsası yoxdur. Buna görə də dünya dövlətləri və əksər beynəlxalq təşkilatlar belə sazişlərin imzalanmasını qəbul etmir, o cümlədən separatçı rejimin keçirdiyi seçkiləri tanımır. Əksinə, Ermənistanın qonşu dövlətin ərazi bütövlüyünə, regional təhlükəsizliyə yaratdığı təhdidlər pislənilir. Fransa məhkəməsinin qərarı bunu növbəti dəfə təsdiq etdi. Bu, həm də Fransanın timsalında ermənilərə endirilən növbəti zərbədir.
Deputat qeyd etdi ki, bu sazişlərin ləğv edilməsi barədə qərar qəbul ediləndə Fransanın ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağı tanımamaq barədə götürdüyü öhdəlik də nəzərə alınıb. Buna görə də həmin öhdəlik Fransa hakim dairələrindən bu münaqişə ilə bağlı neytral mövqe tələb edir. Fransanın ayrı-ayrı şəhərlərinin merlərinin imzaladıqları “sazişlər” bu ölkənin beynəlxalq öhdəliklərinə də hörmətsizlikdir.
Çingiz Qənizadə deyib ki, sazişlərin ləğvi ¬Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın dünya birliyində getdikcə yüksələn reytinqi və mövqeyinin möhkəmləndirilməsi ilə əlaqədardır...
Deputat Tahir Kərimli qeyd edib ki, Milli Məclisdə Qarabağ komitəsi yaradılmalıdır. O qeyd edib ki, daimi fəaliyyət göstərən Dağlıq Qarabağ komitəsi yaradılmalıdır. Tahir Kərimli bildirib ki, Azərbaycanın öz torpaqlarını azad etmək hüququ var: “Bizim hər gücdən istifadə etmək səlahiyyətimiz var...”.
İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov
deyib ki, Qarabağ komitəsi yaransa, o halda millət vəkillərinin hamısı Dağlıq Qarabağ komitəsinin üzvü olmaq istəyəcək: “Bu Vətən hamımızındır və kiməsə bu halda komitəyə üzvlüklə bağlı qadağa qoymaq da düzgün olmayacaq. O baxımdan Qarabağ problemini kiçik bir çərçivəyə salmağı düzgün saymıram. Prezident İlham Əliyev hər gün bu məsələ ilə məşğuldur. Biz bu məsələləri millət vəkilləri olaraq təmsil olunduğumuz beynəlxalq təşkilatlarda qaldırmalıyıq”.
Deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov “istərdim ki, Azərbaycanda diffamasiya dekriminallaşsın”,- deyə bildirib: “Təbii ki, bu, əsasən ayrıca qanunun qəbulu ilə mümkün ola bilər. Belə bir qanun yanlız təhqir və böhtana görə cinayət məsuliyyətinin aradan qaldırılmasını nəzərdə tutmur. Əgər diffamasiya qanunu olacaqsa, biz tamamilə yeni məsuliyyət mühitinə qədəm qoymuş olacağıq. Təbii ki, məsuliyyət artacaq”.
O qeyd edib ki, Azərbaycanda internet media orqanlarının sayı çoxalır, bu vəziyyətdə onların kütləvi informasiya vasitəsi kimi hüquqi statusu müəyyənləşməlidir: “Yəni qanun müəyyən etməlidir ki, qəzet, jurnal, informasiya agentliyi ilə yanaşı, internet media orqanı da kütləvi informasiya vasitəsidir. Bu, bizə gələcəkdə imkan verəcək ki, internet media orqanları ilə əlaqədar məsuliyyət kateqoriyalarını dəqiqləşdirək. Üstəlik müəyyən texniki məsələlər var. Tutaq ki, bir qəzetin KİV sayılması üçün onun tirajı, yayımı və s. məsələlər əsas götürülür. İnternet media ilə bağlı biz hansı parametrləri nəzərə alaq? Hesab edirəm ki, qanun bu sayaq məsələlərə də aydınlıq gətirəcək. Bu gün ictimai rəy əsasən internet media orqanları üzərindən formalaşır. Belə olduğu təqdirdə onlayn KİV nə üçün dövlət dəstəyindən faydalanmamalıdır? Əlbəttə, onların potensialı cəmiyyət üçün maraq kəsb edən məsələlərə yönləndirilməlidir. Hesab edirəm ki, internet medianın hüquqi statusunun müəyyənləşdirilməsi bu sayaq məsələlərə də aydınlıq gətirəcək”.
Əflatun Amaşov informasiya təhlükəsizliyi ilə bağlı da ayrıca dövlət sənədinin qəbulunu vacib saydığını önə çəkib: “Düzdür, Milli Təhlükəsizlik Konsepsiyasında informasiya təhlükəsizliyinə diqqət yetirilir. Ancaq bu diqqət epizodikdir, mahiyyəti tam açmır. Hesab edirəm ki, informasiya təhlükəsizliyinin özü kifayət qədər geniş anlayışdır. Burada bir çox məqamlara aydınlıq gətirilməlidir. Nəzərə alaq ki, qloballaşan dünyada “dövlətlərin milli təhlükəsizliyi” dedikdə, daha çox informasiya təhlükəsizliyinin üzərində dayanılır. Onda təklif edirəm ki, biz də bu amilli ciddi şəkildə nəzərdən keçirək".
Deputat Aqil Abbas parlamentin bugünkü clasında polisə əlavə səlahiyyət verilməsini təklif edib. Deputat ölkədə tiyəsi 4 santimetrdən artıq olan bıçaq gəzdirməyin qadağan olunduğunu xatırladıb. “Polisə səlahiyyət vermək lazımdır ki, şübhələndiyi şəxsi küçədə saxlaya bilsin, üstünü yoxlasın ki, bıçaq var ya yox...
Polis də kimisə saxlayanda, mətbuat ayağa qalxmasın ki, belə hallar baş verir. Belə olan halda, bıçaqlaşma da, ölüm halları da olmayacaq. 4 santimetrdən kiçik olan bıçaqlar ölümə səbəb olmur”,-deyə A.Abbas bildirib.
Deputat Azay Quliyev deyib ki, bizə təqdim olunan Milli Məclisin qanunuvericilik işləri planı çox maraqlı və məzmunludur: “Çox maraqlı və əhəmiyyətli layihələr haqqında təşəbbüslər var. Bu siyahıda olan bir neçəsini ayrıca vurğulamaq istəyirəm. Bunlardan birincisi keçən dəfə müzakirəyə çıxardığımız “Peşə birlikləri haqqında” qanun layihəsidir. Hesab edirəm ki, bu dəfə də biz “Sosial sifarişlər haqqında” qanun layihəsi məsələsinə daha ciddi yanaşmalı və önəm verməliyik”.
Millət vəkili vurğulayıb ki, sadəcə ona görə yox ki, “Sosial sifarişlər haqqında” qanun layihəsinin predmeti bütövlükdə o sahəyə çoxlu yeniliklər gətirəcək: “Layihə dövlət qurumları tərəfindən həyata keçirilən sosial sifarişlərin həm şəffaflaşdırılması, həm də həyata keçirilən layihələrin effektivliyinin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, sənəd ona görə əhəmiyyətlidir ki, bu gün ölkədə sosial sahədə çoxlu işlər həyata keçirilir, Cənab prezidentin təşəbbüsü ilə layihələr, islahatlar icra olunur. Bu islahatlar sonunda “Sosial sifarişlər haqqında” qanun layihəsinin qəbul edilməsi çox aktualdır. Həm Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən, həm də dövlət Duruculuğu üzrə qanunvericilik şöbəsindən xahiş edirəm ki, imkan daxilində ilk olaraq biz “Sosial sifarişlər haqqında” qanun layihəsinin komitədə müzakirəsini keçirək”.
Azay Quliyev Milli Məclisin işlər planına daxil olan daha bir qanun layihəsi haqqında danışıb: “Bu da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin xüsusi hissəsinin sülh və insanlıq əleyhinə cinayətlər bölməsinin yeni redaksiyasının layihəsidir. Bildirmək istəyirəm ki, bu layihənin özünün hazırlanması uzun müddət hazırlıq işlərindən sonra meydana gəlib. Bizim hörmətli Milli Məclisin vitse-spikeri Bahar xanım Muradovanın təşəbbüsü ilə belə bir qanun layihəsinə əlavələr edilməsi və redaksiyanın hazırlanması təşəbbüsü irəli sürülüb. Biz bura QHT-ri, ictimai qurumları və ayrı-ayrı xarici ekspertləri cəlb etdik. Düşünürəm ki, çox maraqlı layihə hazırlanıb. Bu layihəni hazırlamaqdan ötrü Milli Məclisin şöbə müdiri, hörmətli Nizami Səfərov İşçi qrupunun rəhbəri təyin olunub. Düşünürəm ki, Nizami müəllim də bu işlərin öhdəsindən layiqincə gəlib. Əslinə baxanda yeni redaksiya kimi səslənsə də, Azərbaycan qanunvericiliyinə çox mühüm yeniliklər gətirir...”.
Müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq qəbul edilib.

Əli