Qoşulmama Hərəkatı qlobal iqtisadi proseslərdə yaxından iştirak etməlidir Siyasət

Qoşulmama Hərəkatı qlobal iqtisadi proseslərdə yaxından iştirak etməlidir

Azərbaycana bu mötəbər tədbirə ev sahibliyi etdiyinə görə təşəkkür edirəm. Bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşündə deyib.
O qeyd edib ki, Qoşulmama Hərəkatı dünyada qlobal qərarların qəbul edilməsində yaxından iştirak etməlidir: “Qoşulmama Hərəkatı qlobal təhlükəsizlik üçün çalışan bir təşkilat kimi qəbul edilməlidir. Türkmənistan öz məsuliyyətini anlayaraq sülhün təmin olunmasına dəstəyini göstərir. Beynəlxalq terroçuluğa qarşı effektiv mübarizə aparmaq vacibdir”.
Q.Berdiməhəmmədov vurğulayıb ki, Türkmənistan BMT-nin qlobal antiterror strategiyasının həyata keçirilməsinin tərəfdarıdır: “Bu mübarizə həm qlobal, həm regional, həm də dövlətlər səviyyəsində həyata keçirilməlidir. Qoşulmama Hərəkatına üzv ölkələr qaçqınlar problemindən əziyyət çəkir. Son illər ərzində bizim dövlət 20 mindən çox qaçqına və vətəndaşlığı olmayan şəxsə vətəndaşlıq verib. Türkmənistan Qoşulmama Hərəkatında qaçqınlarla bağlı ayrıca bölmənin fəaliyyət göstərməsini təklif edib və bu gün də təklif edir”.
Türkmənistan Prezidenti vurğulayıb ki, Qoşulmama Hərəkatı həmçinin qlobal iqtisadi proseslərdə yaxından iştirak etməlidir: “Təşkilat vahid mövqedə çıxış etməli, öz iqtisadi gündəliyini təşviq etməlidir. Qlobal enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak etməlidir”.
Q.Berdiməhəmmədov əlavə edib ki, Xəzər hövzəsindəki resurslar rasional şəkildə istifadə edilməlidir və Qoşulmama Hərəkatı da bu prosesə dəstək verməlidir.