Müdafiə nazirləri Naxçıvanda toplaşdılar Siyasət

Müdafiə nazirləri Naxçıvanda toplaşdılar

Dünən Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri Naxçıvana toplaşıblar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri İrakli Alasaniya Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri arasında üçtərəfli formatda planlaşdırılan danışıqlarda iştirak etmək üçün Naxçıvan şəhərinə gediblər.
Günün ikinci yarısında Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz da Naxçıvan şəhərinə gəlib.
Səfər zamanı müdafiə nazirləri Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla görüşüblər, nazirlər arasında üçtərəfli formatda danışıqlar aparılıb, Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələri, Naxçıvanın tarixi və mədəni abidələri ziyarət olunub.
Üçtərəfli formatda görüş keçirilməzdən əvvəl Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyə və Gürcüstanın müdafiə nazirləri ilə ayrı-ayrılıqda ikitərəfli görüş keçirib.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və ölkələrimiz üçün faydalı olduğunu qeyd edib.
İsmət Yılmaz Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin rolu və əhəmiyyətindən danışıb.
Daha sonra regional və qarşılıqlı əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun iştirak edib.
Bundan sonra Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli formatda görüşü keçirilib.
Görüşdə xüsusi hərbi vəziyyətlərdə ölkələrin kommunikasiya infrastrukturunun mühafizəsi barədə müzakirə aparılıb. Həmçinin neft-qaz kəmərlərinin, dəmir yolu, rabitə infrastrukturunun mühafizəsi ilə bağlı tədbirlər planı müzakirə edilib.