Müxtəlif ölkələrdə Həmrəylik Günü ilə bağlı tədbirlər təşkil olunub Siyasət

Müxtəlif ölkələrdə Həmrəylik Günü ilə bağlı tədbirlər təşkil olunub

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünyanın bir çox nöqtələrində tədbirlər təşkil olunub. Xatırladaq ki, birlik simvolu sayılan həmrəylik günü hər il ənənəvi olaraq müxtəlif ölkələrdə qeyd edilir. Bir araya gələn diaspor təşkilatlarının təmsilçiləri bayramı qeyd etməklə yanaşı görüləcək işlərlə bağlı fikir mübadiləsi aparırlar.
Azərbaycanın Meksikadakı səfirliyində keçirilən tədbirdə Meksikada Azərbaycan icmasının üzvləri, ölkəmizin meksikalı dostları, həmçinin Türkiyə Səfirliyinin nümayəndələri iştirak edib. Qonaqları salamlayan ölkəmizin Meksikada səfiri Məmməd Talıbov bütün həmvətənlərimiz üçün birlik rəmzinə çevrilmiş bu bayramın Azərbaycan xalqının Ümummili lideri Heydər Əliyev tərəfindən 1991-ci ildə elan edildiyindən sonra hər il dünyanın müxtəlif nöqtələrində qeyd olunduğunu qeyd edib. Səfir Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin gündən günə gücləndiyi və beynəlxalq arenada nüfuzunun tədricən artdığını bildirərək, ölkədə uğurla keçirilən iqtisadi islahat, Azərbaycan əhalisinin yaşayış səviyyəsinin artmasına yönələn sosial proqramlar barədə danışdı, bütün bunların xaricdə yaşayan həmvətənlərimiz üçün də qürur mənbəyi olduğunu bildirib.
Bundan sonra Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının sədri, "Əməkdar elm xadimi", professor Natiq Atakişiyev çıxış edərək Azərbaycan Respublikası rəhbərliyinin bu sahəyə diqqət və qayğısı nəticəsində dünyada Azərbaycan diasporlarının tədricən daha da fəallaşdığını vurğulayıb. Eyni zamanda o, erməni lobbisinin kifayət qədər çoxsaylı olduğu Latın Amerikası regionunda həmvətənlərimizin sayının nisbətən az olmasına baxmayaraq buradakı diasporanın fəallaşma imkanlarına toxunub.
Türkiyə Səfirliyinin müşavir-elçisi Fikrət Türkeş çıxış edərək dünya Azərbaycanlılarını bu möhtəşəm gün münasibətilə təbrik edərək iki qardaş xalqın xaricdəki diasporlarının birgə fəaliyyəti və əməkdaşlıq imkanlarının vacibliyindən danışıb.
Parisdə də Azərbaycanın Fransadakı Səfirliyinin və UNESKO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev və UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov çıxış edərək, Azərbaycan xalqının milli-mənəvi bütövlüyünü təcəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə diasporamızın üzvlərini təbrik ediblər. Onlar Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən, onun əsas məqsədinin azərbaycanlıları birliyə, əməkdaşlığa çağırmaq olmasından söz açıblar. Fransa kimi bir ölkədə Azərbaycan icmasının həmrəyliyinin böyük önəm kəsb etməsinə toxunan diplomatlar bu il qeyd edilən ölkədə Azərbaycanlıların Koordinasiya Şurasının yaradılmasından, yeni assosiasiyaların qeydiyyatdan keçməsindən, ana dilində məktəblərin açılmasından danışıblar. Səfirlər Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə apardığı sistemli islahatlardan, eləcə də fevral ayında keçiriləcək növbədən kənar parlament seçkilərindən bəhs ediblər, ölkədə aparılan kadr islahatlarının əhəmiyyətinə toxunulub. Rəhman Mustafayev 2019-cu ilin Fransa ilə ikitərəfli əlaqələr sahəsində uğurlu olduğunu diqqətə çatdırıb. İkitərəfli diplomatik münasibətlərə toxunan səfir 2019-ci ilin yekunlarından, qarşılıqlı rəsmi səfərlərdən və bu səfərlərin ikitərəfli əlaqələrin inkişafına təkan verməsindən, qarşıdan gələn ilin daha da uğurlu olacağından söz açıb. Diplomat bu bayramın əhəmiyyətini qeyd edib, onun azərbaycanlıları birliyə, əməkdaşlığa çağırdığını vurğulayıb. Fransa kimi bir ölkədə Azərbaycan icmasının birliyinə olan ehtiyac nəzərə alınaraq yaradılmış Koordinasiya Şurasının fəaliyyətini alqışlayıb. Diplomat 2019-cu ildə fəallıq nümayiş etdirən diasporumuzun üzvlərinə təşəkkürünü bildirib və onları gələcəkdə daha da fəal olmağa çağırıb. Başa çatmaqda olan il ərzində həyata keçirilən layihələr, eləcə də əldə olunan uğurları xatırladıb. Bildirib ki, bu il əldə olunan ən böyük nailiyyət Fransa məhkəmələrinin bu ölkənin bəzi komuna və şəhərləri ilə Azərbaycanın işğal altında olan ərazilərindəki inzibati bölgələr arasında imzalanmış qeyri-qanuni "dostluq xartiya"larını ləğv etməsidir. Diqqətə çatdırıb ki, Fransa regionlarında ölkəmizin təşviqi istiqamətində fəaliyyət davam edir və əlaqələr getdikcə daha da möhkəmlənir. UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov bildirib ki, Azərbaycanın Fransadakı səfirliyinin, rəhbərlik etdiyi nümayəndəliyin və icma üzvlərinin birgə fəaliyyəti gələcək böyük uğurların təməlidir. O, 2019-cu ildə UNESKO-da ölkəmiz arasında əlaqələrə toxunaraq, qurumun Baş direktorunun ölkəmizə səfərindən, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşməsindən, Azərbaycanın UNESKO-nun bir neçə komitəsinə vitse-prezident seçilməsindən, Bakının UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi" siyahısına daxil edilməsindən söz açıb. Ölkəmizin bu təşkilata verdiyi töhfələr, həyata keçirilən layihələr haqqında məlumat verib. Qeyd edib ki, Fransada yaşayan bütün azərbaycanlılar böyük bir ailədir. O, gücümüzün həmrəyliyin bəhrəsi olduğunu vurğulayaraq, icma üzvlərini həmrəyliyi daha da möhkəmləndirməyə səsləyib. Səfirlər soydaşlarımızın yerli xalqa inteqrasiya etməklə bərabər milli kimliklərini, mənəvi-əxlaqi dəyərlərini, Vətənə bağlılıqlarını qoruyub saxlayacaqlarına inandıqlarını bildirərək, diaspora üzvlərinə uğurlar arzulayıblar. Sonra icma üzvləri milli mətbəximizin təamlarını dadıb və gələcək fəaliyyətləri ilə bağlı fikir mübadiləsi aparıblar.
“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi də Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Misirdə daimi yaşayan ailələr, işləyən və təhsil alan azərbaycanlılar iştirak edib.
Çıxış edən Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Azərbaycanla Misir arasında tarixi, mədəni və siyasi əlaqələrindən geniş söhbət açaraq, son illər diasporumizun 1000-dən çox misirli tələbəyə Azərbaycan dilini tədris etdiyini, onlara ölkəmizin mədəniyyəti, tarixi haqqında geniş bilgilərin verildiyini deyib.
Seymur Nəsirov misirlilərlə ailəli olan azərbaycanlıların övladları ilə Azərbaycan dilində danışmağının önəmindən söhbət açaraq, onların övladlarına doğma ana dilimizi öyrətməkdə bütün imkanların olduğunu qeyd edib.
Seymur Nəsirov deyib ki, artıq Qahirədə yerləşən Azərbaycan diaspor mərkəzi azərbaycanlıların doğma evinə çevrilib və orada soydaşlarımız arasında möhkəm əlaqələrin qurulması məqsədilə mütəmadi olaraq tədbirlər keçirilir.
Sonra Nəsimişünas tədqiqatçı Həcər Karara İmadəddin Nəsimi haqqında apardığı tədqiqat haqqında geniş söhbət açıb. Karara Azərbaycanın ta qədimdən alimlər diyarı kimi tanındığını qeyd edərək, tədqiqatını Azərbaycanlı şairlərindən biri ilə davam edəcəyini deyib. Çıxışının sonunda birliyin sədri Seymur Nəsirova, Nəsiminin tədqiqatında ona verdiyi dəstəyə görə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, hazırda Azərbaycanın Qahirədəki diaspor mərkəzində, aralarında azərbaycanlılar da olmaqla dünyanın 20 ölkəsindən 250-dən çox tələbə ödənişsiz müxtəlif ixtisaslar üzrə təhsil alır.
Həmrəylik Günü həmçinin Çin Xalq Respublikasında (ÇXR) qeyd olunub. Azərbaycanın Pekindəki səfirliyində təşkil olunan tədbirdə əvvəlcə dövlət himni səslənib. Sonra Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbriki oxunub.
Bu bayramın milli birlik və Vətənə məhəbbət kimi nəcib duyğuları təcəssüm etdirdiyini bildirən səfir Əkrəm Zeynallı deyib ki, soydaşlarımızın həmrəyliyi hazırda özünü daha çox real məzmuna malik milli-siyasi birlikdə, əməli addımlarda və konkret nəticələrdə göstərir.
Qeyd olunub ki, qəlbi həmişə doğma yurda sevgi hissi ilə döyünən bütün soydaşlarımızın milli-mənəvi dəyərlərə bağlılığı və Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsi daim dövlətimizin diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq məfkurəsinə əsaslanan ardıcıl tədbirlər xaricdə yaşayan həmvətənlərimizin daha sıx birliyinin təşəkkül tapmasına təkan verib, ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı faydalı münasibətlərinin inkişafında xaricdə yaşayan soydaşlarımızın rolunu xeyli gücləndirib. Xarici ölkələrdə yaşayan soydaşlarımızın hüquqlarının təminatı, Azərbaycan haqqında obyektiv məlumatların yayılması və dövlət maraqlarının qorunması sahəsində diaspor təşkilatlarının rolu xeyli artıb.
Səfir Əkrəm Zeynallı deyib ki, Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının tarixi və doğma vətəni, ümid və istinad yeridir. Odur ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Vətəndə baş verən prosesləri diqqətlə izləyir, qazanılan uğurlara sevinir, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artması ilə fəxr edir.
Tədbirdə Azərbaycan ilə Çin arasında müxtəlif sahələrdəki səmərəli fəaliyyətinə görə bir qrup şəxsə səfirliyin fəxri fərmanları verilib.