“Sarkisyanın manevr imkanları tükənib” Siyasət

“Sarkisyanın manevr imkanları tükənib”

Tofiq Abbasov: "O yeniyetmələrlə görüşdə ona görə bu etirafı edib ki, tərəf müqabillərini bir qədər tərksilah etsin"

Ermənistan prezidenti Serj Sərkisyan ölkəsinin Gömrük İttifaqına girişi ilə bağlı növbəti açıqlama verib. "Baza 2014" gənclər toplantısının bağlanma mərasimində jurnalistlərlə söhbətində bu barədə danışıb. İşğalçı dövlətin başçısı bildirib ki, Gömrük İttifaqının üzvü olan bəzi dövlətlər Ermənistanın bu qurumda təmsil olunmasını arzulamır.
Serj Sərkisyanın sözlərinə görə Gömrük İttifaqında olanlar Ermənistanı sevmir. "Gömrük İttifaqı bir ölkədən ibarət deyil və hamının sevinməməsi fikri razılaşıram. Bizim ölkə öz problemləri olan kiçik bir dövlətdir. Bu problemlərlə istənilən ittifaqa birləşmə bu ittifaqın üzvləri üçün preoblemlər yaradır. Ermənistanı Gömrük İttifaqının heç də bütün üzvləri bu təşkilatda görmək istəmir".
Qeyd edək ki, Gömrük Şurasında cəmi üç ölkə - Rusiya, Belarus və Qazaxıstan var. Heç şübhəsiz ki, erməni dövlət başçısı "mən hamının sevinməməsi fikri ilə razıyam" deyəndə Qazaxıstan və Belarusu nəzərdə tutub. Qazaxıstan prezidenti Nursultan Nazarbayev Gömrük İttifaqı liderlərinin Astana sammitində Azərbaycan Prezidenti İlham Əliyevin məktubunu oxuyaraq Ermənistanın quruma üzvlük üçün Qarabağ münaqişəsini əsas əngəl olaraq göstərib. Yəni, Ermənistan yalnız o halda ittifaqa qoşula bilər ki, Qarabağ münaqişəsi həll olunmuş olsun.
Belarus prezidenti Aleksandr Lukaşenko da qazaxıstanlı həmkarı ilə eyni mövqeyi bölüşür. Burada əsas məqam Minskin Bakı ilə isti münasibətlərə malik olmasıdır.
Erməni mediasi isə iddia edir ki, Ermənistanın ittifaqa daxil olmasını Rusiya da istəmir. Qeyd olunur ki, Moskva Ermənistanı Qarabağsız qəbul olunmasının tərəfdarı kimi çıxış edir.
Qeyd edək ki, bir neçə ay öncə eyni sözləri Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfərində də səsləndirilmişdi. Erməni mediası yazır ki, İrəvan alternativ yollar üzərində düşünə bilər. Misal üçün, ABŞ, NATO, yaxud da İran. Bir neçə gün bundan əvvəl İrəvanda səfərdə olan gürcü baş nazir İrakli Qaribaşvili də bir növ buna işarə edirdi. Amma erməni rəhbərliyinin buna gücü çatacaqmı? Çünki Moskvaya qarşı çıxmaq Sərkisyan hakimiyyəti üçün ölüm, bütün Ermənistan üçün isə qaranlıq gələcək deməkdir. Bunu anlayan Qabiraşvili də İrəvanda "əgər Ermənistan Avrasiya İttifaqına daxil olacaqsa, Gürcüstanın Rusiyadan vergisiz tranziti təmin edəcəyini gözləməsin" mesajını verdi. Ən maraqlısı isə erməni mediasının iddia etdiyi məsələdir. "Lragir.am" saytı iddia edir ki, Ermənistanın düşdüyü bu vəziyyətə görə ən çox Türkiyə və Azərbaycan sevinir. Sayt qeyd edir ki, Türkiyə və Azərbaycan Rusiya və Qazaxıstanın da Ermənistana təzyiqləri ilə Ermənistanı işğal olunmuş torpaqlardan çıxardacaq.
Politoloq Tofiq Abbasov bildirdi ki, Serj Sarkisyan o dərəcədə yalan və riyakar gedişlərdən istifadə edib ki, onun manevr imkanları artıq tükənib: "O cavan və yeniyetmələrlə görüşdə ona görə bu etirafı edib ki, tərəf müqabillərini bir qədər tərksilah etsin. Cavan kontingent həmişə həssas və hazırcavab olur. Sarkisyan da uğursuz dövlətin başçısı kimi, daim özünümüdafiə ilə məşğul olmağa məcburdur. Bu səbəbdən də o hərəkətli auditoriya qarşısında sözün düzünü deməyə məcbur olub ki, özünə qarşı olan təpki və tənqidləri bir qədər azaltsın..."
Siyasi şərhçi Elçin Xalidbəyli dedi ki, Ermənistan narahat olması təbii haldır: "Son vaxtlar beynəlxalq və regionaı siyasi proseslər Ermənistanın istədiyi kimi cərəyan etmir. Əksinə, Ermənistan son vaxtlar mənəvi-psixoloji üstünlüyü artıq əldən vermiş kimi görünür. Ermənistanda çox gözəl anlayırlar ki, Dağlıq Qarabağ münaqişəsi hər an Azərbaycanın diqtəsinə uyğun nizamlana bilər. Son vaxtlar beynəlxalq siyasi iradə mərkəzlərinin müxtəlif təmsilçiləri tərəfindən verilən bəyanatlar da belə bir ehtimalın mövcudluğundan xəbər verir. Bütün bunların müqabilində üstəlik, Ermənistan öz himayədarından - Rusiyadan da istədiyi dəstəyi tam şəkildə ala bilmir. Ona görə də, Sarkisyan belə mesajlar verməklə Rusiyanın diqqətini yenidən öz üzərinə çəkməyə çalışır".
O, həmçinin diqqətə çatdırdı ki, bu açıqlamasıyla Sarkisyan bir müddət öncə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Ermənistanın maqarlarına zidd olan bəyanatına eyham vurur: "Çünki Putin həmin bəyanata reaksiya verməməklə Rusiyanın Nazarbayevin mövqeyinə qarşı olmadığını sezdirmişdi. Yəni Sarkisyan demək istəyir ki, "Ermənistanı Gömrük İttifaqında görmək istəyirsinizsə, bizi daha yaxşı dəstəkləyin". Ancaq beynəlxalq və regional siyasi məkanda dəyişən şərtlər çərçivəsində Sarkisyanın bu istəyinin qarşılıq tapacağı o qədər də inandırıcı deyil".

Əli