ABŞ beynəlxalq hüquq qanunlarını pozur Siyasət

ABŞ beynəlxalq hüquq qanunlarını pozur

Ölkənin 5-ci ştatı "DQR"in "müstəqilliyini" tanıdı

Cavid

Kaliforniya Ştatı Dağlıq Qarabağın müstəqilliyini tanıdı. Bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb. Qarabağın müstəqilliyinin parlamentdə 70 faiz lehinə olmaqla qəbul edilib. Parlament qərarı qəbul etməklə bərabər ABŞ Konqresini də Dağlıq Qarabağın müstəqilliyini tanımağa səsləyib.
Qeyd edək ki, Kaliforniya Dağlıq Qarabağın müstəqilliyini tanıyan beşinci ştat oldu. Bundan öncə isə Men, Rod-Aylend, Masaçusest, Luiziana ştatları bu barədə qərar qəbul etmişdilər.
"ABŞ-ın Kaliforniya ştatının yerli assambleyası tərəfindən 8 may tarixində qəbul edilmiş qətnamə deklarativ xarakterli olduğu üçün heç bir siyasi və hüquqi qüvvəyə malik deyil". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə rəhbəri Elman Abdullayev ABŞ-ın Kaliforniya ştatının yerli assambleyasında erməni lobbisinin təsiri altında Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması haqda qətnamənin qəbulunu şərh edərkən deyib.
ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biri kimi Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri və BMT Nizamnaməsi əsasında həllinə dəstək verdiyini söyləyən E. Abdullayev bildirib ki, Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi ATƏT-in Minsk Qrupunun amerikalı həmsədrinin son açıqlamalarında öz əksini tapıb: "Kaliforniya ştatının yerli assambleyasında olan erməni diaspora nümayəndələri və onların ianələri hesabına fəaliyyət göstərən şəxslər öz şəxsi maraqlarını hər şeydən üstün tutaraq belə bir ədalətsiz addım atıblar. ABŞ ictimaiyyəti nümayəndələrinin etirazları ilə qarşılaşan bu sənəd ilk növbədə ABŞ-ın mövqeyinə və maraqlarına ziddir". Qətnamənin Şuşanın işğalının 22-ci ildönümü günündə qəbulunu təxribat adlandıran E. Abdullayev bəyan edib ki, bununla da özünü "demokratiya carçısı" adlandıran insanların təcavüz, işğal və etnik təmizləməni təşviq edən əsl mahiyyətini bir daha ortaya qoymuş olur: "Münaqişənin əsl mahiyyətinə göz yuman, yalnız öz məhdud maraqları çərçivəsində fəaliyyət göstərən erməni lobbisi və onun əlində alət olan şəxslər münaqişənin sülh yolu ilə beynəlxalq hüquq normaları əsasında həllinə töhfə vermək əvəzinə, bu təxribatçı addımları ilə regiondakı vəziyyətin gərginləşməsinə rəvac verirlər".
Kaliforniya Senatının bu cür addım atmasına Milli Məclisinin deputatı, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü millət vəkili Asim Mollazadə münasibət bildirib. Deputat qeyd edib ki, həmin sənəd beynəlxaq hüquq normalarını pozur. A.Mollazadənin sözlərinə görə, ABŞ-ın Kaliforniya Ştatında kompakt halında yaşayan böyük erməni icması var: "Bu erməni icması çox varlı zəngin siyasi fəal lobbi qrupları ilə işləyir. Kaliforniya Ştatının Senatında ermənipərəst və erməni nümayənələrinin təklifi ilə belə bir sənəd hazırlanıb".
Millət vəkili qeyd edib ki, qəbul edilən sənədin heç bir əhəmiyyəti yoxdur: "Bu beynəlxaq hüquq normalarını pozmaq deməkdir və ABŞ-ın xarici siyasətinə qarşıdır. Buna həm türk həm də Azərbaycan icması öz etirazını bildirib. Bununla yanaşı bu sənədin heç bir əhəmiyyəti və hüquqi əsası yoxdur. Məqsəd sadəcə Azərbaycanı qıcıqlandırmaq, türklərə qarşı nifrəti ifadə etməkdir".
ABŞ-dakı azərbaycanlı diaspor nümayəndələrindən bildirib ki, erməni lobbisinin təbliğat maşını uzun illər boyu yanlış və təhrif olunmuş məlumatlar yayaraq, Kaliforniyada ictimai fikri formalaşdırmağa nail olub: "Azərbaycan icmasının çiyinlərinə düşən işin ağırlığını təsəvvür etmək çətin deyil. Kaliforniyada qəbulunu dayandırmaq istədiyimiz AJR 32 (Assembly Joint Resolution) adlı sənəd erməni lobbisinin təsiri altında qanunverici Mike Gatto tərəfindən Dağlıq Qarabağın müstəqilliyini tanimaq üçün təklif edilib. Nəzərə alsaq ki, hal-hazırkı Kaliforniya qanunvericilik orqanında Kaço Açadjan və Adrin Nazaryan adlı 2 nəfər erməni fəaliyyət göstərir və onların digər qanunvericilər içində güclü nüfuzları var, onda bizim işimizin nə qədər çətin olduğunu izah etməyə ehtiyac qalmır. Hələ aprel ayının 22-də biz bir qrup azərbaycanlı olaraq Sacramentodakı qanunvericilərlə görüşə getdik. Məqsədimiz icma olaraq birliyimizi nümayiş etdirmək və ermənipərəst qanunun qəbul edilməməsinə cəhd göstərmək idi. Gün ərzində 25-ə yaxın qanunverici ilə görüşüb həm icmamızı tanıtdıq, həm də gündəliyə gətiriləcək məsələ ilə bağlı həqiqətləri diqqətə çatdırdıq. Səmimi etiraf etməliyəm ki, qanunvericilərin çoxu ilk dəfə idi ki, Azərbaycan haqqında eşidirdi və bizim icmanın mövcudluğundan xəbər tuturdu. Bu bir icma olaraq bizə ciddi siqnal idi ki, biz özümüzü tanıtmaq üçün gecikmişik və mənfur qonşularımız da bundan məharətlə istifadə ediblər. Muzakirə öncəsi Kaliforniayada yaşayan yüzlərlə azərbaycanlı bu sənədin qəbul edilməməsi ilə bağlı Qaydalar Komitəsindəki nümayəndələrinə zənglər etdi, e-maillər göndərdi və onlayn petisiyalar imzaladı. Amma erməni yalanları Amerikada ayaq tutub yeriyir. "AJR 32" sənədini dəstəkləyən qanunvericilərdən biri - Şeril Braun adlı xanım dönə-dönə təkrar etdi ki, o cənab Adrin Nazaryanın dəvəti ilə tanınmamış Dağlıq Qarabağ Respublikasına gedib və onların "müstəqillik"lərini necə əziyyətlə qazandıqlarının şahidi olub və buna görə də özünə borc bilir ki, bu sənədi dəstəkləsin. Yaxud elə həmin dinləmələrdə Qarabağdan şahid qismində çıxış edən Alina Nalbandyan adlı gənc qadın guya uşaqlığının, "vətəninin" məhz biz azərbaycanlılar sayəsində əlindən alındığı üçün Amerikaya gəlmək məcburiyyətində qalıb və ona görə də "ədalət" istəyir. O bu sözləri həmin siyasətçilərə artıq o qədər demişdi ki, onlarda yanlış təsəvvürlər kök atıb".
Ekspert Tarlan Həsənov hesab edir ki, bu qərarın qəbul edilməsi təbii ki, ABŞ-dakı güclü erməni lobbisinin əməyidir: "Qondarma erməni soyqırımının 100-cü ildönümü ərəfəsində erməni lobisinin qarşısına qoyduğu məqsədlərdən biri də "DQR"in müstəqilliyinin tanınmasıdır. Bunun üçün də dünyada məskunlaşan və fəaliyyət göstərən erməni lobbisi güclü iş aparır. Ermənistan prezidentinin bu yaxınlarda Cənubi Amerikaya səfəri də bunu deməyə əsas verir. ABŞ Azərbaycanın ərazi bütıblüyünü dəstəkləyən dövlətlərdəndir. Amma onun ştatları müstəqil qərar vermək hüququna malikdirlər. ABŞ ştatlarının bu kimi qərarları heç də rəsmi Vaşinqtonun qərarı demək deyil. Amma bu erməni lobbisinin gücünü bir daha ortaya qoymuş olur. Biz bu gücü zəiflətməliyik".
Politoloq Qabil Hüseynli isə bildirib ki, Kaliforniya ştatının, yaxud da digər hər hansı ABŞ ştatının tanınmayan, separatçı, qondarma respublikaların tanınması üçün qətnamə qəbul etmək səlahiyyəti yoxdur. Politoloq qeyd edib ki, belə təşəbbüslər Amerika Senatının, Konqresinin, yaxud da prezidentinin əlində ola bilər: "Ümumiyyətlə, Kaliforniya ştatının Senatının qəbul etdiyi qərar hüquqi nöqteyi-nəzərdən əsaslandırılmamış qərardır və heç bir hüquqi qüvvəyə malik deyil".
Qabil Hüseynli onu da xatırladıb ki, Kaliforniya ştatı ermənilərin ən çox yaşadığı ştatlardan biridir və sirr deyil ki, erməni lobbisi sözügedən qətnaməni satın alıb.