Türkiyədə inşa olunan Xocalı abidəsinin üzərindən soyqırım sözü çıxarılıb? Siyasət

Türkiyədə inşa olunan Xocalı abidəsinin üzərindən soyqırım sözü çıxarılıb?

Elşən Həsənov: "Belə bir hal baş veribsə, sösüz ki, qınanmalıdır"
Cəmaləddin Həsənoğlu: "Bunu ancaq qınamaq lazımdır"
Aqil Ələsgər: "Nə qədər geri çəkilsələr, ermənilər bir o qədər tələblərində israr edəcəklər"

Türkiyədə Xocalı Soyqırımına həsr edilmiş daha bir kompleks açılışa hazır vəziyyətə gətirilib. "İhlas" İnformasiya Agentliyinin yaydığı məlumata görə, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Kızılcahamam bələdiyyəsinin sədri Coşkun Ünal qəsəbədə inşa olunan Xocalı Parkındakı işlərin yekunu ilə tanış olublar.
Məlumata görə, qəsəbədəki Akçay Məhəlləsinin Yarbaşı küçəsindəki geniş ərazidə inşa olunan parkın tikintisinə 2012-ci il fevralın 26-da başlanılıb. Eyni zamanda, parkda Xocalı Xatirə Muzeyinin tikintisi də başa çatdırılıb.
Kızılcahamamda inşa olunan Xocalı Parkının və Xocalı Xatirə Muzeyinin rəsmi açılışı fevralın 26-da baş tutacaq.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib.
Soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib.
Onu da əlavə edək ki, Türkiyədə inşa olunan Xocalı soyqırımı abidəsinin üzərindən soyqırım sözü çıxarılıb. "Xalq Cəbhəsi" qəzetinin əldə etdiyi məlumata görə, abidənin üzərindən soyqırım sözü əraziyə yaxın yerdə açılışa gələn baş nazir Ərdoğanın göstərişi ilə çıxarılıb.
Buna münasibət bildirən politoloq sədri Elşən Həsənov bildirdi ki, bu barədə məlumatlı deyil: "Amma belə bir hal baş veribsə, sösüz ki, qınanmalıdır. 2015-ci ildə ermənilərin uydurduğu qondarma soyqırımı hadisəsinin 100 illiyi qeyd olunacağı bir ərəfədə Türkiyə tərəfinin bu addımı atması məncə doğru deyil. Çünki Xocalı soyqırımı elə böyük türk millətinə qarşı törədilmiş cinayətlərin bir hissəsidir və bunu da dünya ictimaiyyəti bilməlidir. Görünəni budur ki, yəqin Türkiyə dövlətinin məsələyə fərqli baxışı var və bu da onu öz maraqları çərçivəsindən çıxış etməyə meylli edir. Düşünürəm ki, bu addım səhv addımdır.
Jurnalist Cəmaləddin Həsənoğlu "məncə ilk əvvəl bu informasiyanı dönə-dönə dəqiqləşdirməyə ehtiyac var",_ deyə vurğuladı: "Çünki bu, bir iqtidarın və ya iqtidarların qayğılancağı problem deyil. Belə həssas məsələdə istər iqtidarların, istərsə də bizim - medianın kiçicik bir yanlışı iki qardaş xalq, iki qardaş dövlət arasında münasibətlərdə müəyyən soyuqluq yarada bilir. Ən azı bu münasibətlərin üzərinə müəyyən şübhələr salır. Odur ki, Ərdoğan hökuməti belə bir addım atıbsa, nəticələrini də düşünüməlidir. Xatırladım ki, Qarsda erməni-türk dostluğunu simvolizə edən abidəyə yöndəmsiz deyərək sökdürən də Ərdoğan olmuşdu. Demək, onun iqtidarı belə məslələrdə idarə etdikləri xalqın hansı dərəcgdə həssas olduğunu anlayır. Yox, əgər bu anlayışda korşalma yaranıbsa, bunu ancaq qınamaq lazımdır. Türkiyədə fərqli rəqəmlərə görə 8-15 milyon arasında olan Azərbaycan əsilli vətəndaşlar da belə məsələlərdə susmamalıdırlar. Ən azı bu və ya digər seçkinin nəticələrinə təsir edəcək səviyyədə seçici səsləri olduğunu hiss etdirməlidirlər".
Avrasiya Jurnalistlər Dərnəyinin Qafqaz təmsilçisi Aqil Ələsgər "təəsüf ki, qardaş Türkiyə hələ də bəzi məsələlərdə Osmanlı dövlətinin ənənələrindən çıxa bilməyib",- deyə bildidi: "Bu səbəbdən də Türkiyəyə qarşı düşmənlik edənlər üçün ən münbit sahə elə Türkiyədir. Ermənilər 2015-ci il yalançı soyqırımın yüz illiyinə hazırlığı Türkiyədə də həyata keçirirlər. Bu gün erməni lobbisi sadəcə bu ölkədə Türkiyə əleyhinə 17 film çəkir. Və bu dövlətin icazəsi ilə edilir. O səbəbdən də, Xocalı üçün atılan addım təəccüb doğurmur. Türkiyə hakimiyyətinin bu mövzudakı həssasiyyəti erməni lobbisindən çəkinməyindən irəli gəlir və təəssüf ki, bu qorxaq siyasətlə sözdə erməniləri qızışdırmaq istəmirlər. Amma yanılırlar. Nə qədər geri çəkilsələr, ermənilər bir o qədər tələblərində israr edəcəklər. O səbəbdən də ermənilərə qarşı yeganə taktika hər sahədə hücumdur. Hücum üçün isə ən tutarlı arqument Xocalı soyqırımıdır. Lakin erməni diasporasının böyük yalan mexanizminə qarşı Türkiyə hökuməti Xocalını belə soyqırım kimi tanımağa çətinlik çəkir".

Əli