Əlahəzrət fakt və böhtan dağarcıqları Siyasət

Əlahəzrət fakt və böhtan dağarcıqları

Son 1 ay ərzində özünü çeşidli amplualarda ictimai rəyə sırıyan Əhməd Şahidov adlı şəxsə 3 dəfə və hər biri, təxminan 30-35 dəqiqə olmaqla vaxt sərf etmək məcburiyyətində qaldıq. Birinci dəfə Əhməd Şahidovun "Müharibəyə necə getməməli" adlı “sülh” adı altında təslimçiliyi təbliğ edən bir kitab haqqında paylaşdığı çıxışını ingilis dilindən olduğu kimi tərcümə edərək, oxucularımızın müzakirəsinə verdik. Və təbii ki, bu çıxışda yer alan ziddiyyətli, milli maraqlarımızı ifadə etməyən fikirləri də müqayisə və təhlil etməyi unutmadıq. Bunun qarşılığında Şahidov çıxışına və bu çıxışla bağlı faktlara söykənilərək ictimaiyyətin müzakirəsinə verilən qərəzsiz təhlildə yer alan məqamlara aydınlıq gətirmək əvəzində, tamamilə qeyri-peşəkar bir yol seçdi. Çıxışının ingilis dilindən olduğu kimi tərcümə olunmuş nüsxəsini şikayət edərək sildirdi, bu çıxışla bağlı araşdırma yazılarını yayımlayan kütləvi informasiya vasitələrinə qarşı sosial şəbəkələrin vasitəsi ilə təzyiq və təhdid kampaniyasına başladı. Bununla da sübuta yetirdi ki, o, “Müharibəyə necə getməməli" adlı kitabın müzakirəsi zamanı səslənirdiyi fikirlərin Azərbaycan oxucusuna və Azərbaycan dilində çatdırılmasından ciddi narahatlıq keçirir. Yəni yol verdiyi xətanın fərqindədir.
Bütün bunlardan sonra, videonun silinməsinə və başqa bir resursda yerləşdirilməsinə aydınlıq gətirmək üçün Əhməd Şahidovun davranışlarını təhlil etmək məcburiyyətində qaldıq. Yenə də faktlara və məntiqə söykənərək. Adam yenə də çox sivil bir yolla öz alternativ arqumentlərini oxucuların müzakirəsinə təqdim etmək əvəzinə tanıdığı, bildiyi hər kəsdən və onun üçün məqbul sayıla biləcək bütün vasitələrdən istifadə edərək, hər kəsin gözü önündə olan həqiqətlərin silinməsinə, ört-basdır edilməsinə cəhd göstərdi və təbii ki, buna nail ola bilmədi.
Əhməd Şahidova 3-cü xatırlatmamız isə Qax rayonundan redaksiyamıza daxil olan bir oxucu müraciəti ilə bağlı oldu. Müraciətdə haqqında söz açılan, Əhməd Şahidovun “Samir” “roman”ını dişimizi sıxaraq oxumaq məcburiyyətində qaldıq. Müraciət müəllifinin haqlı oldunu müəyyənləşdirdikdən sonra, “roman”dan iqtibasları olduğu kimi oxucularımızın diqqətinə təqdim etdik və təbii ki, tutarlı arqumentlərlə təhlil etməyi də yaddan çıxarmadıq. Amma yenə də əsaslandırılmış arqumentlər əvəzinə canlı və virtual ötürücülərdən keçən “ismarıc”larla qarşılaşdıq.
Yəni demək istədiyimiz odur ki, Əhməd Şahidovla bağlı apardığımız araşdırmaların əsasında yalnız və yalnız ƏLAHƏZRƏT FAKT dayanıb. Araşdırmaların yeganə səbəbi isə, özünü “ölkə sərhədləri çərçivəsində milli maraqlar uğrunda yorulmadan mübarizə aparan şəxs” kimi təqdim edən bir insan haqqında gerçəklərin ortaya çıxması olub. Əgər Şahidovun “Müharibəyə necə getməməli” adlı kitabın müzakirəsində etdiyi çıxışı olmasaydı, təbii ki, bu yazıların heç biri də olmayacaqdı.
Amma Şahidovun çevrəsinə aid olan şəxslərin “başı altından” çıxan yazılarda onların konkret şəxsin rəqibinə qarşı heç əsası olmayan, dedi-qodudan və böhtandan ibarət iddiaların yer alması sübuta yetirir ki, nə Əhmədin, nə də “dilənçi media”sının jurnalistika və onun prinsipləri ilə heç bir əlaqəsi yoxdur.
Həm də bu böhtanlar təkcə konkret şəxsə, yaxud şəxslərə qarşı yönəlməyib, dolayısıyla dövlət qurumlarını, onların fəaliyyətini hədəfə alıb. Məsələn, “Qax meşələrinin qırıldığını” və “günahkarların cəzasız qaldığını” iddia edənlər, həm də bu sahə üzrə məsul olan qurumları, dövlətin ədalətini çamura bulamağa cəhd göstəriblər.
Yaxud, deputatlığa namizədlərin birini “seçicilərə pul paylamaqda” ittiham edənlər, cinayət əməlinə yol verməklə yanaşı, həm də mənəvi dəyərlərə daim sədaqət nümayiş etdirən bölgələrimizdən birinin əhalisinə böhtan atıblar.
Adamdan soruşan gərək, sən hansı haqla böhtan atdığın adamlardan dəstək və səs istəyirsən? Sual ortalıqdadır, amma cavabın olmayacağına şübhə etmirik.
Və həm də şübhə etmirik ki, bütün bu əməllərin “səsi” mütləq çıxacaq, həm də təkcə seçki qutusundan yox...

BayMedia Analitik Qrupu