Brüsseldə Azərbaycanla bağlı hesabat dinlənilib Siyasət

Brüsseldə Azərbaycanla bağlı hesabat dinlənilib

Azay Quliyev: "Avropa İttifaqının Ukrayna böhranına reaksiyasını Azərbaycana qarşı da görmək istəyirik"

Avropa Parlamentində Azərbaycanla bağlı hesabat dinlənilib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin yaydığı açıqlamada bildirilir ki, hesabat Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qadın hüquqlarının qorunması məsələsinin Azərbaycanın strateji imicinə təsiri" adlı layihə çərçivəsində Belçikanın Qadın Hüquqlarının Qorunmasına Dair Beynəlxalq Liqanın ekspertləri tərəfindən hazırlanıb.
Hesabatın sentyabrın 9-da Brüsseldə keçirilən təqdimatında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, deputat Məlahət İbrahimqızı, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Rəna Mirzəzadə, Avropa Parlamentinin qadın üzvləri, Belçika Senatının fəxri spikeri Anne Mari Lizin, Qadın Hüquqlarının Qorunmasına dair Beynəlxalq Liqanın prezidenti Anni Süjye, Azərbaycanın Belçika Krallığındakı səfirliyinin əməkdaşları və digər rəsmi şəxslər iştirak edib.
50 səhifədən ibarət hesabat Azərbaycan qadınının ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakından bəhs edir. Avropa Parlamentinin Böyük Britaniyadan olan üzvü, qadın hüquq müdafiəçisi Culi Uord tədbiri açaraq Azərbaycanda qadın hüquqlarının qorunması istiqamətində uğurlar əldə etdiyini deyib: "Azərbaycan Avropa Şərq tərəfdaşlığı proqramının üzvüdür. Avropa İttifaqının insan hüquqlarının inkişafı üçün xüsusi alətləri var və bu alətlərdən biri də qadınların hüquqlarının müdafiəsidir. Azərbaycan bu alətlərdən istifadə edərək mövcud proqramları inkişaf etdirə və digər Şərq tərəfdaşlığı ölkələri ilə təcrübəsini paylaşa bilər".
Azay Quliyev çıxışında Ermənistanın işğalçı siyasəti nəticəsində yüz minlərlə Azərbaycan qadınının zərər çəkdiyini, məcburi köçkün və qaçqın düşmüş vətəndaşlar sırasında 300 minə yaxın qadının olduğunu dilə gətirib. O deyib ki, əsirlikdə olan və itkin düşmüş 4049 Azərbaycan vətəndaşı arasında 17 nəfər gənc qız, 247 qadın var: "Avropa İttifaqının Ukrayna böhranına reaksiyasını yaxından izləyirik. Biz də bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik. Eyni addımları və eyni dəstəyi Azərbaycana qarşı da görmək istəyirik".
Sonra qadın hüquqlarının müdafiəsi və təbliğinə dəstək verən fransalı ekspert Patrisia Lalond və "Kişi Qadın Arasında Barabərlik Naminə Valloniya Sinerji" təşkilatının prezidenti, belçikalı ekspert Ren Marselis "Avropa Qonşuluğunda qadın hüquqlarının inkişafı: Azərbaycanın timsalında" adlı hesabatı təqdim ediblər.
Təqdimatdan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək Azərbaycanda qadın hüquqlarının təmin edilməsi istiqamətində dövlətin gördüyü işlərdən danışıb.