“Ölkədə sanitar-empidemoloji vəziyyət nəzarətdədir” Siyasət

“Ölkədə sanitar-empidemoloji vəziyyət nəzarətdədir”

Əli Əsədov: “Azərbaycanda koronavirusla mübarizə üçün yetərincə tibbi ləvazimət var”

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 6 məsələ daxil edilib. İclasda yaşı 65-dən yuxarı olan deputatlar iştirak etməyib.
Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, cənab Prezident yeni bir humanist addım atdı, 65 yaşdan yuxarı 176 məhkum əfv olundu.
Spikerin sözlərinə görə, bu əfv sərəncamı göstərdi ki, dövlət siyasətinin mahiyyətində insan amili dayanmaqla yanaşı, statusundan asılı olmayaraq hər bir insanın həyatı dövlətimiz üçün vacibdir.
Sahibə Qafarova bildirib ki, koronavirusla bağlı bütün tədbirlər dövlət başçısının nəzarətindədir.
İclasda həmçinin koronavirusla mübarizədə fəal iştirak edən insanlar o cümlədən həkimlər, polis əməkdaşları, hərbçilər və digər insanlar deputatlar tərəfindən ayaq üstə alqışlanıb.
Əvvəlcə Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.
Məsələ müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul edilib. Elman Rüstəmov çıxışı zamanı ona göstərilən etimada təşəkkür edib: “Dövlət qurucluğu işlərində iştirak etməyimdən şərəf duyuram. İlk dəfədir ki, formalaşan yeni parlament üzvləri ilə görüşürəm. Bu çətin günlərdə sizə uğurlar arzulayıram. Mənə göstərilən etimada görə hər birinizə təşəkkür edirəm”.
Elman Rüstəmov “bugünlərdə cənab Prezidentin tapşırığı ilə yaradılan işçi qrupların birinə mən rəhbərlik edirəm, - deyə bildirib. O bildirib ki, bank kreditləri ilə bağlı hazırda işlər gedir: “Yaxın günlərdə bununla bağlı məsələləri açıqlayacağıq”.
Daha sonra Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb. İclasda Baş Nazir Əli Əsədovun videohesabatı dinlənilib. Baş Nazir Milli Məclisdə videohesabatda deyib ki, Azərbaycan Prezidenti tərəfindən aparılan struktur və kadr islahatları Nazirlər Kabinetinin fəaliyyətinə stimul verməkdədir.
Baş Nazir bildirib ki, 2019-cu il Azərbaycan üçün köklü islahatlar ili kimi yadda qalıb və cəmiyyətin bütün sahələrini əhatə edib, ölkəni yeni inkişaf mərhələsinə çıxarıb.
Əli Əsədov vurğulayıb ki, hesabat ili Azərbaycan üçün uğurlu il olub. O bildirib ki, son illər iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ixrac imkanlarının genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində əsaslı tədbirlər həyata keçirilib, makro-iqtisadi sabitlik və dayanıqlı iqtisadi artım təmin edilib.
Əli Əsədov deyib ki, indiyədək Nazirlər Kabineti ilə Milli Məclisin birgə uzlaşdırılmış fəaliyyəti bütün sahələrdə vahid dövlət siyasətinin həyata keçirilməsini şərtləndirib. Baş Nazir bildirib ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək: “Ölkə başçısı tərəfindən həyata keçirilən struktur və kadr islahatları digər qurumlar kimi, Nazirlər Kabinetinin də fəaliyyətinə stimul verməkdədir. 2019-cu il islahatlar ili kimi yadda qalıb. Əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində görülən tədbirlər nəticəsində 2019-cu ildə Azərbaycan “Doing Bizness” hesabatında ən islahatçı 20 ölkə arasında yer alıb”.
Baş Nazir əlavə edib ki, koronavirus pandemiyası səbəbindən və dünya bazarında neftin qiymətinin aşağı düşməsinin ölkəmizə mənfi təsirlərindən danışmaya bilmərik. Əli Əsədov bildirib ki, Azərbaycan Prezidentinin 27 fevral 2020-ci il tarixli sərəncamı ilə koronavirusla mübarizə məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərərgah yaradılıb.
Əli Əsədov qeyd edib ki, hazırda nəzərdə tutulmuş silsilə tədbirlər həyata keçirilir, ölkədə sanitar-empidemoloji vəziyyət nəzarətdədir.
Baş nazir vurğulayıb ki, Azərbaycanda koronavirusla mübarizə üçün yetərincə tibbi ləvazimət var və eyni zamanda onların ölkəmizdə istehsalı istiqamətində işlər aparılır. Ə.Əsədov vurğulayıb ki, martın 25-dən etibarən Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilir və bu tədbirlərin tətbiqi qaçılmazdır.
O deyib ki, hökumət dünya iqtisadiyyatında gedən prosesləri yaxından izləyir və qabaqlayıcı tədbirlər görür. Baş Nazir bildirib ki, neftin qiymətinin düşməsinin ölkə iqtisadiyyatına mənfi təsirlərini azaltmaq üçün Azərbaycan müvafiq alətlərə malikdir və bu alətlər çevik şəkildə həyata keçirilir: “Təsdiq olunmuş vahid tədbirlər planı hökumət tərəfindən vaxtında və tam icra olunacaq. Azərbaycan hökuməti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını təmin etmək üçündür”.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq atılan addımlar ölkədə koronaviorus epidemiyasının kəskin artmasının qarşısını almaqdadır. O bildirib ki, epidemiyanın iqtisadiyyata vurduğu zərərlərin qarşısını almaq üçün lazımi addımlar atılır: "Azərbaycan öz hesabına regionda ən geniş dəstək proqramı elan edən ölkədir. Məsafədən idarəetrmə, elektron ticarətingenişlənməsi bu günün əsas tələblərindən biridir”.
Aqrar siyasət komitəsinin sədr müavini Azər Badamov şimal rayonlarında qaz limitinin artırılmasına ehtiyac olduğunu bildirib. Deputat qeyd edib ki, şimal rayonların soyuq günlərin sayı daha çoxdur. A. Badamov bunun nəzərə alınaraq, bu rayonlarda yaşayan əhali üçün qaz limitinin artırılmasını təklif edib.
Milli Məclisin elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı deyib ki, yaranmış bəzi məsələləri diqqətə çatdırmaq istəyirəm: “Biz böhrandan yox, qorxunun özündən qorxmalıyıq”. O, bu çətin günlərdə dövlətin dünyaya örnək olduğunu bildirib: “Bir neçə gün bundan qabaq Sumqayıtda tibbi maska zavodunun açılması Azərbaycan dövlətinin güclü olduğunu göstərdi”. Deputat çıxışı zamanı koronavirus dövründə ortaya çıxan ciddi problemdən də söz açıb: “Koronavirus pandemiyası ölkəmizdə müqaviləsiz işləyənləri üzə çıxartdı. Həmin müəssisələr Azərbaycan qanunları əsasında fəaliyyət göstərsələr də, vətəndaşları müqaviləsiz işlədirlər”.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, 2019-cu il Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında dərin islahatlar ili kimi xarakterizə olunur. O bildirib ki, 2019-cu ilin Azərbaycanda uğurlu il olmasının səbəbi ölkədə həyata keçirilən ciddi islahatlardır. S.Novruzovun sözlərinə görə, ən əsas islahatlar Prezident İlham Əliyev tərəfindən həyata keçirilən struktur və kadr islahatları oldu: “Bu islahatlar iqtisadiyyatın inkişafına böyük təkan verdi, Azərbaycan iqtisadiyyatında ÜDM artıb. Azərbaycanın investisiya cəlbedici olması və bu sahədə şəffaflığın təmin edilməsi də beynəlxalq təşkilatların hesabatlarında əksini tapıb”.
Deputat vurğulayıb ki, ötən il ərzində Azərbaycanın beynəlxalq sahədə xüsusi uğurları olub. S.Novruzov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Valaday, Aşqabad, Davos, Münhendə çıxışları, Ermənistanı ifşa etməsi, Dağlıq Qarabağın Azərbaycanın tarixi torpaqları olmasını bir daha əsaslı faktlarla sübut etməsi, o cümlədən Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsi ölkəmizin böyük uğurlarıdır.
Deputat Bəhruz Məhərrəmov deyib ki, bizdə daha çox qayğıya ehtiyacı olan insanlar günəmuzd işləyənlərdir.
Deputat bildirib ki, həmin şəxslər həm öz günahları, həm də bəzi qurumlarının günahı üzündən işsiz kimi də heç yerdə qeydiyyatda deyillər: “Bu gün həmin insanlar yardımdan kənarda qalır. Həmin yardım gündəlik 5-10 manat qazanan insan üçün çox vacibdir. Eyni zamanda, adına torpaq olan şəxslər də bu yardımdan kənarda qalır. Bu məsələyə də təkrar baxılmalıdır”.
Müzakirələrdən sonra Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı səsverməyə çıxarılaraq qəbul edilib.
Deputatların hesabatla bağlı səsləndirdikləri rəy və təklifləri sistemləşdirilərək Milli Məclis tərəfindən Nazirlər Kabinetinə göndəriləcək.
"Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, biz qəhrəmanlarımızdan və qəhrəmanlıq tariximizdən imtina etmirik”. O bildirib ki, Avropa torpaqlarının azad olunmasında bizim qəhrəman ata-babalarımız iştirak edib: “Cümhuriyyət dövrü Azərbaycan tarixində əhəmiyyətli rol oynayıb. Amma sovet Azərbaycanı dövründə də biz böyük nailiyyətlər əldə etmişik. Biz Cümhuriyyət dövrünü 1-ci respublika, sovet Azərbaycanı dövrünü 2-ci respublika, hazırkı dövrü isə 3-cü respublika adlandırmalıyıq. Bu, mənim subyektiv yanaşmam deyil. Bütün dünyada belə kimi məsələlərlə bağlı bu cür yanaşma var”.
Qanun layihələri müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.