“Qabaqlayıcı tədbirlər həm insanların sağlamlığını qoruyacaq, həm də iqtisadi inkişafı təmin edəcək” Siyasət

“Qabaqlayıcı tədbirlər həm insanların sağlamlığını qoruyacaq, həm də iqtisadi inkişafı təmin edəcək”

Sahibə Qafarova: “Prezident İlham Əliyevin Milli Məclisin işi ilə bağlı verdiyi tövsiyələrə bundan sonra da əməl olunacaq”

Milli Məclisin növbəti plenar iclası keçirilib. Millət vəkilləri gündəlikdə olan məsələləri müzakirə ediblər.
Spiker Sahibə Qafarova bildirib ki, Prezident İlham Əliyev keçirdiyi videokonfrans müşavirəsində ölkəmizdə I rübdə əldə olunan iqtisadi nəticələrin uğurlu olmasını qeyd edib. Spiker deyib ki, koronavirusla bağlı qabaqlayıcı tədbirlərin həm insanların sağlamlığını qoruyacağına, həm də iqtisadi inkişafı təmin edəcəyinə əmindir: “VI çağırış Milli Məclisin iclasında Prezident İlham Əliyevin Milli Məclisin işi ilə bağlı verdiyi tövsiyələrə bundan sonra da əməl olunacaq. Prezident son müşavirədə beynəlxalq ictimaiyyətin gündəmində olan bir çox məsələlərlə bağlı əsaslandırılmış arqumentlərlə fikirlərini çatdırdı. O cümlədən AŞPA-nın Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində keçirdiyi qondarma “seçkilərə” münasibət bildirməməsini qeyd etdi. Bəzən təşkilatdakı anti-azərbaycan, ermənipərəst qüvvələr ermənilərdən də çox onların mənafeyini müdafiə ediblər. Bu gün onların bu “seçki”lərə münasibət bildirməməsi qəbuledilməzdir. Milli Məclis tərəfindən AŞPA-ya etiraz məktubu göndərilib”.
Sahibə Qafarova həmçinin əlavə edib ki, hökumətin hesabatı ilə bağlı 31 deputatın təklif və tövsiyələri yazılı olaraq Nazirlər Kabinetinə göndərilib. O deyib ki, digər deputatların da təklif və tövsiyələri varsa, təqdim edə bilərlər: “Həmin təkliflər də Nazirlər Kabinetinə göndəriləcək”.
Ədliyyə nazirinin müavini Vilayət Zahirov "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzəni (2019-cu il üzrə)” təqdim edib. O bildirib ki, keçən il bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətinin gecikməsi və araşdırmaların aparılmasına maneçilik törədilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən, bələdiyyələrin 131 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib.
Vilayət Zahirov deyib ki, protokollar üzrə 112 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 19 prosesə baxılmaqdadır. 2019-cu il ərzində Ədliyyə Nazirliyinə inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş 80 min 261 (ötən illə müqayisədə 11 faiz çox) bələdiyyə aktı, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 1796 akt hüquqi ekspertizadan keçirilib. Nəticədə 77 min 427 (96,6 faiz) akt qanunvericiliyə uyğun hesab edilib. Normativ hüquqi aktların tələbinə zidd olan 2 min 765 aktın dəyişdirilməsi və ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilib (ötən ilə müqayisədə 15 faiz çox), digərləri isə (69 akt) baxılmaqdadır. Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 1 285 akt ləğv edilib, 1274 akt dəyişdirilib, 187 təklif isə baxılmaqdadır.
Azərbaycanda ötən il bələdiyyə aktlarına inzibati nəzarətin həyata keçirilməsi və müraciətlərə baxılması nəticəsində qanunsuz olduğu müəyyən edilmiş 305 hektar torpaq sahəsinin mülkiyyətə, 6664 hektar torpaq sahəsinin icarəyə, 50 hektar torpaq sahəsinin istifadəyə verilməsi haqqında bələdiyyə aktları Ədliyyə Nazirliyinin iddiaları əsasında bələdiyyələr tərəfindən ləğv edilib və məhkəmələr tərəfindən etibarsız sayılıb. Beləliklə, bütövlükdə qanunsuz verilmiş 7 019 hektar torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib. Bu, ötən illə müqayisədə 18,5% çoxdur.
O, əlavə edib ki, bələdiyyələrin fəaliyyətinin təmin edilməsi üçün qanunvericilik aktlarının təkmilləşdirilməsi, bəzi bələdiyyələrin birləşdirilməsi, bələdiyyələrin yerli icra hakimiyyəti orqanları ilə birgə işləməsinin təşkili məsələlərin müsbət həlli bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsində xüsusi rol oynaya bilər. V. Zahirov deyib ki, bu məsələlərin Milli Məclisin Regional Məsələlər komitəsində də müzakirə edilməsi yaxşı olardı.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, bələdiyyələrdə yuxarı qurum yoxdur. Onlar seçicilərin rəy və təkliflərini nəzərə alaraq fəaliyyət göstərirlər. Onun sözlərinə görə, ötən il Azərbaycanda şəffaf bələdiyyə seçkiləri keçirilib: “Bildiyiniz kimi, Azərbaycanda 125 seçki dairəsi var. Amma həmin dairələrdən 118-də bələdiyyə seçkiləri keçirilir. 20 ildən artıqdır ki, Azərbaycanın işğal olunmuş ərazilərində bələdiyyə seçkiləri keçirilmir. Bir milyondan çox insan özünün seçki hüququndan istifadə edə bilmir. Komitə sədri “Bələdiyyə seçkiləri haqqında” ayrıca qanun layihəsinin qəbul edilməsini vacib sayıb: “Hesab edirəm ki, bələdiyyə seçkiləri ilə bağlı məsələ Seçki Məcəlləsindən çıxarılmalıdır”.
Deputat Fazil Mustafa deyib “çox istərdim ki, Milli Məclis nəhayət öz funksional fəaliyyət çərçivəsinə qayıtsın”, - deyə vurğulayıb. O bildirib ki, dünyanın heç bir ölkəsində bələdiyyə parlamentə hesabat vermir: “Biz artıq bundan tədricən imtina etməliyik. Çünki bu iki qurum ayrı-ayrı strukturdur. Konstitusiyanın 146-cı maddəsində göstərilir ki, ehtiyac olsa, bələdiyyə parlamentlə hesabat verir. Ancaq Naxçıvan Konstitusiyasında bu maddə yoxdur. Bu, absurd bir şeydir. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi və İnsan Alverinə Qarşı Mübarizə İdarəsi bizə hesabat verir. Bələdiyyələrin parlamentə hesabat verməsi düzgün deyil. Bu, seçkili orqandır”. F. Mustafa təklif edib ki, 27 və ya 28 apreldə Milli Məclisin növbəti iclası keçirilsin: “Müstəqil dövlətimizin süqutunun 100 illiyinə münasibət bildirməliyik. Heydər Əliyev də bəyan edib ki, biz işğal nəticəsində müstəqilliyimizi itirmişik”.
Deputat Azay Quliyev bələdiyyələrin borclarının yığılıb qalması məsələsinə toxunub. Deputat bu məsələdə ciddi problem olduğunu deyib: “Ümumilikdə hesabatda bələdiyyənin borclarının qeyd olunması yaxşı olardı. Eyni zamanda aktları ləğv edilmiş bələdiyyələrin də konkret adları hesabata salınsa, yaxşı olar. Həmçinin bu bələdiyyələrlə bağlı görülən hüquqi tədbirlər də hesabatda göstərilməlidir. Yeni seçilən bələdiyyə üzvləri vətəndaşların inam və etibarını qazanmağı bacarmalıdır ki, insanlar vergiləri ödəsinlər”. Azay Quliyevin sözlərinə görə, bələdiyyələrin hesabatları həm elektronlaşmalı, həm də kifayət qədər əlçatan olmalıdır: “Bundan başqa, bu gün bələdiyyələrin müstəqil gəlir əldə etmək qaynaqları yaradılmalıdır. Bu da bələdiyyələrin sosial problemlərinin həllində mühüm rol oynayacaq. Hesab edirəm ki, gələcəkdə bələdiyyə sədrinin də xalq tərəfindən seçilməsi məsələsinə baxmalıyıq. Bakı bələdiyyələrinin mülkiyyətində olan torpaqların sərhədlərinin dəqiqləşməsinə də ehtiyac var”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə Milli Məclisin plenar iclaslarının karantin dövründə 2 saat keçirilməsi təklif edib. Komitə sədri bildirib ki, karantin dövründə parlamentin iclaslarında çıxışlar 5 dəqiqə müddətində olmaqla, iclaslar 2 saat müddətində keçirilsin: “Əgər iclasda məsələlərin müzakirəsi 2 saatdan çox olarsa, fasilə edilsin və iclas zalı ventilyasiya olunsun”.
Milli Məclisin “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihələrinin müzakirəsi zamanı deputat Aydın Mirzəzadə deyib ki, kimsə dövləti aldatmaq istəsə, qara paltarlı oğlan mütləq onun yanında dayanacaq. O bildirib ki, Operativ Qərargah torpaq sahəsi olan işsiz insanlara 190 manatın verilməməsi ilə bağlı məsələyə yenidən baxmalıdır: “Kiminsə kənddə pay torpağını becərib-becərmədiyini öyrənmək elə çətin deyil. Kimsə dövləti aldatmaq istəsə, qara paltarlı oğlan mütləq onun yanında dayanacaq”.
Millət vəkili Sabir Rüstəmxanlı isə artıq deputat köməkçilərinin işə götürülməli olduğunu bildirib: “Rayondakı köməkçimə bir söz deyə bilmirəm. Çünki rəsmi olaraq işdə deyil. Biz artıq camaatla işimizi necə qurmalı olduğumuzu müəyyənləşdirməliyik. Bizə seçicilərimizlə görüşmək imkanı da yaradılmalıdır. Deputatların rayonlara getməsi üçün rəsmi icazə olmalıdır”.
Spiker Sahibə Qafarova bildirib ki, hələ bir çox deputatların sənədləri hazır deyil: “Çox təəssüf ki, bəzi deputatların köməkçiləri Bakı qeydiyyatında olsa da, guya hansısa rayonda deputat köməkçisi kimi fəaliyyət göstərmək istəyir. Yəni bir çox sənədlər qaydasında deyil. Yəni yeganə problem sənədlərin qaydasında olmamasıdır. Biz fərdi olaraq heç bir deputatın köməkçisini qeydiyyata ala bilmərik. Deputatlar da məsələnin həllində iştirak etsinlər”.

Əli