“İnsanların sosial müdafiəsi daha da gücləndirilir” Siyasət

“İnsanların sosial müdafiəsi daha da gücləndirilir”

Millət vəkili: “Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır”

"Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir, vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanır. Bu tədbirlər sırasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur". Bunu millət vəkili Eldəniz Səlimov deyib.
Deputatın sözlərinə görə, dövlətimizin başçısının 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb: "Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb.
İnsanların sosial müdafiəsi getdikcə daha da gücləndirilir. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır və bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Eyni zamanda, 300 minə yaxın mikro sahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb. Beləliklə, yalnız bu kateqoriyaya aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilir. Bu, dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha göstərir.
Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparılıb. Elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilib. Ümumilikdə 1 milyon 629 min işçinin, o cümlədən dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib.
Hər hansı əsassız ixtisarlara yol verilməməsi üçün bütün dövlət qurumlarına müvafiq tapşırıq verilib. Müəyyən edilmiş kvota çərçivəsində həyati vacib qurumların fəaliyyətini davam etdirməsi üçün minimal sayda işçi cəlb olunub. Əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilən digər işçilərin gəlirlərinin davamlılığı təmin edilir. Pandemiya ilə əlaqədar qeyri-dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verilməməsi, özəl sektorda iş yerlərinin qorunması diqqətdə saxlanılır. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əmək müqaviləsi bildirişi” e-sistemi üzərindən əvvəlcədən işəgötürənlərə müvafiq bildiriş-xəbərdarlıq göndərilib, bu məsələyə gündəlik nəzarət edilir.
Qeyri-dövlət sektorunda iş yerlərinin qorunması, xüsusilə də əmək müqavilələrinin sayının artması işəgötürənlərin sosial həmrəylik prinsipinə sadiqliyini göstərir. Dövlət tərəfindən təqdim olunan dəstək paketləri və inzibati tədbirlər nəticəsində əmək müqavilələrinin sayında aprelin 1-dən etibarən 55 minlik, yanvarın 1-i ilə müqayisədə isə 77 minlik artıma nail olunub.
Bununla yanaşı, koronavirus pandemiyasından zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi sahibkarlara maliyyə dəstəyi göstərilir. Pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində çalışan, əmək müqaviləsi olan 300 min muzdlu işçinin əməkhaqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Həmçinin COVID-19 pandemiyasının zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi planlaşdırılır".