Tamam Cəfərova: ABŞ Azərbaycana xüsusi önəm verir və dövlətimizin potensialını yüksək qiymətləndirir Siyasət

Tamam Cəfərova: ABŞ Azərbaycana xüsusi önəm verir və dövlətimizin potensialını yüksək qiymətləndirir

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunun məzmununda böyük bir əməkdaşlıq, regional tərəfdaş və qlobal miqyasda maraqların üst-üstə düşməsi kimi mesajlar dayanır.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər.
Ötən əsrin 70-ci illərindən etibarən Yaxın Şərqdə siyasi konyukturanın dəyişməsi, 80-ci illərin qarşıdurmalarında, soyuq müharibə nəhənglərinin birinin – SSRİ-nin çöküşü ABŞ-ın Mərkəzi Asiyaya, Xəzər hövzəsinə və Qafqaza baxışlarını yenilədi.
Ümummili lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbər gəlişindən sonra isə ABŞ-la Azərbaycan arasında münasibətlər xüsusi mərhələyə keçmişdi. Qlobal nüfuz savaşında xüsusi yer tutan ABŞ bu kontekstdə Azərbaycana xüsusi önəm verərək, resurs dövlətinin potensialını qiymətləndirir. Eyni dövrə təsadüf edən Qarabağ müharibəsi də ABŞ-ın mövqe sərgiləməsi üçün vəsilə olub, belə ki, ABŞ-ın BMT-dəki o zamankı nümayəndəsi Madlen Olbrayt 5-6 sentyabr 1994-cü ildə Bakıya səfər edərək, Qarabağda digər ölkələrin hərbi birləşmələrinin yerləşdirilməsinə qarşı çıxaraq, ATƏT-in maraqlarını müdafiə etdi. Az sonra Azərbaycan-ABŞ əməkdaşlığının böyük uğuru kimi 20 sentyabr 1994-cü ildə ”Əsrin müqaviləsi” kimi nəhəng anlaşma reallığa çevrildi.
Hətta ABŞ-ın 1997-ci ildə "Xəzər hövzəsinin enerji inkişafı" adlı bəyanatda səsləndirdiyi 4 istiqamətin ana xəttində Azərbaycan müdafiə edilir, Qarabağın həlli istiqamətində konkret addımlar atacaqlarına işarə edilirdi. Təəssüf ki, ABŞ-da güclü dayaqlara malik olan erməni lobbisinin təsiri nəticəsində qəbul edilən 907-ci maddə Azərbaycana silah satışını əngəlləmiş və bu neqativ tendensiya uzun illər ABŞ-Azərbaycan münasibətlərində anormal detal kimi rol oynamışdı.
11 sentyabar terrorundan sonra ABŞ-ın təşəbbüsü ilə başlayan beynəlxalq antiterror əməliyyatlarına Azərbaycan dəstək nümayiş etdirərək, sonrakı illərdə sülhməramlı qismində müxtəlif ölkələrdə əsgəri xidmət göstərib.
Bakı-Tiflis-Ceyhan xəttinin açılması ilə ABŞ-la münasibətlər növbəti dəfə yeni mərhələyə adlayıb, ABŞ iqtisadi sferada Azərbaycanda böyük layihələrin reallaşmasında önəmli rol oynamağa davam edib.
İlham Əliyevin prezidentliyindən etibarən isə ABŞ-la əlaqələr yeni məna kəsb edib, ABŞ Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, tərəflər arasında bir çox istiqamətləri əhatə edən yüksək səviyyəli münasibətlər mövcuddur. Tərəflər arasındakı münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. İstər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edərək getdikcə öz əhatə dairəsini genişləndirməkdədir. Azərbaycan Birləşmiş Ştatlarla geniş iqtisadi əməkdaşlıq əlaqələri qurub. Bu əməkdaşlığın əsas istiqamətlərini isə Azərbaycanda neft və qaz sektorunun inkişafı, yeni boru kəmərlərinin tikintisi və istismarı, Şərq-Qərb dəhlizi boyu infrastruktur layihələrinin həyata keçirilməsi, qeyri-neft sektoru sahəsində qarşılıqlı ticarətin genişləndirilməsi və s. təşkil edir. İki ölkə arasında iqtisadi münasibətlərin genişlənməsinin göstəricilərindən biri olaraq ticarət dövriyyəsinin həcmi də ildən-ilə artmaqdadır.
Münasibətlərdə çox önəmli detallardan biri Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərliyi ilə bağlıdır ki, bu da qlobal oyunçunun Qafqaz və Yaxın Şərq bölgəsində hazırda davam edən toqquşma mühitində işirakında Azərbaycanın payının olmamasıdır.
Balanslı xarici siyasət, əməkdaşlığa və faydaya yönələn iqtisadi əlaqələr Azərbaycanın regiondakı rolunu və əhəmiyyətini birbaşa ortaya qoymuşdu.
Çox yaxşı əlaqələrimizə baxmayaraq, Prezident İlham Əliyev bəyan edib ki, ölkə ərazisindən hərbi məqsədlər üçün üçüncü ölkəyə qarşı istifadə edilməsinə yol verməyəcək. Çünki Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi faktiki imkan verdi ki, bölgədə hərbi toqquşma ehtimalı aradan qalxsın.
Hazırda ABŞ Prezidenti Donald Trampın da yazdığı məktubda deyildiyi ki, “28 May – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Amerika xalqı adından səmimi salamlarımı və təbriklərimi çatdırıram. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir. Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər. Bu sahələrdə Azərbaycanın mühüm töhfələrini dəyərləndirir, dəstəklənməsinə söz verdiyimiz demokratik idarəetməni təşviq edən, habelə hüquq və azadlıqları qoruyan bütün addımların atılmasına həvəsləndiririk. Koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır. Biz Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik”.
Dünyanın fövqəlgücü tərəfindən Azərbaycana göstərilən diqqət əlbəttə olduqca böyük bir əhəmiyyətə malikdir, xüsusilə də dünyanın başına bəla olan pandemiya dönəmində Azərbaycan təkcə təbrik edilmir, uğurlu mübarizə düsturu ilə dünyaya nümunə olur və Ümumdünya Səhiyyə Təşkilatının təşəkkürlərini alır, dəstəyini hiss etdirir və humanist addımıları ilə yardıma ehtiyacı olan ölkələrin imdadına yetir.
Millət vəkili
Tamam Cəfərova