Azərbaycanda ətraf mühit və onun mühafizəsinə xüsusi diqqət yetirilir Siyasət

Azərbaycanda ətraf mühit və onun mühafizəsinə xüsusi diqqət yetirilir

Bu gün dünyada və ayrı-ayrılıqda regionlarda ekoloji məsələlər o dərəcədə aktuallaşıb ki, bu məsələləri bir qurum və ya bir dövlət təkbaşına həll edə bilməz. Yəni ekologiya qlobal məsələdir. Təsadüfi deyil ki, bu problem qlobal səviyyədə də müzakirələrə çıxarılır, bütün dövlətlərdən planetin ekoloji durumunun yaxşılaşdırılması, təbiətdən davamlı istifadə üçün töhfələr verilməsi tələb olunur. Amma təbii ki, hər regionun da özünün lokal problemləri var və buna da vaxtında reaksiya verilməsi vacibdir. Azərbaycanda da əlbəttə ki, narahatedici ekoloji məsələlər var və bunların aradan qaldırılması üçün dövlətimizin prioritet səviyyəyə çıxardığı konkret ekoloji siyasət mövcuddur.
Bunu AZƏRTAC-a müsahibəsində Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Azərbaycanda ətraf mühit və onun mühafizəsinə xüsusi diqqət yetirilir. Azərbaycan ərazisində, həmçinin Xəzər dənizinin ölkəmizə aid hissəsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması istiqamətində dövlət siyasətini Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. İndiki və gələcək nəsillərin sağlamlığının təmin edilməsi, iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi nazirliyin qarşısında duran başlıca məsələlərdir. Prezident İlham Əliyevin Sərəncamı ilə hər il may ayının 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur. Mən ekoloqlarımızı qarşıdan gələn peşə bayramları ilə təbrik edirəm, onlara fəaliyyətlərində uğurlar arzulayıram.
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülür və görülməkdədir. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar uğurla yerinə yetirilir. Hazırda ətraf mühitin sağlamlaşdırılması və ekoloji tarazlığın qorunması sahəsində ardıcıl quruculuq işləri davam etdirilir. Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə ölkəmizdə ətraf mühitin qorunması ilə bağlı ekoloji tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayıb. Ulu Öndər yaşıllıqların qorunmasından danışarkən deyirdi: “Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir”. Məhz təbiətə olan həmin münasibət, ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən siyasət sayəsində Azərbaycanda yeni meşələr, parklar və istirahət guşələri salınıb. Hər kəs görür ki, son illərdə Bakıda, onun ətrafında nə qədər ağac əkilib. Abşeron kimi, demək olar ki, ağac bitməyən bir bölgədə, sənaye tullantılarının, nəqliyyat vasitələrinin tullantılarının həddən çox olduğu bir yerdə, məncə bunun əhəmiyyəti əvəzsizdir.
Ümummilli Liderin həyata keçirdiyi ekoloji siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ətraf mühitin, meşələrin, yaşıllıqların qorunması daim ölkə başçısının diqqət mərkəzindədir. Dövlətimizin başçısının 2010-cu ili “Ekologiya ili” elan etməsi, habelə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın “Hərəyə bir ağac əkək!” çağırışı nəticəsində respublikamızın hər yerində yaşıllıqların çoxaldılması sahəsində çox böyük işlər görülüb.
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ağacəkmə aksiyalarında iştirak etməsi, ağac əkməsi onların Azərbaycan təbiətinə göstərdikləri qayğının göstəricisidir, gənclərə ölkəmizin və onların özlərinin gələcəyi üçün təbiəti qorumaq barəsində bir mesajdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yaşıllaşdırma layihələri, ağacəkmə kampaniyaları keçirilir. Buna nümunə olaraq “Bizim həyət”, “Hər kağızı bir yarpağa dəyişək” layihələrini, “Ümumrespublika yaşıllaşdırma marafonu”nu, Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin birgə təşəbbüsü ilə həyata keçirilən “Ağacların kəsilməsinə yox” proqramını qeyd etmək olar.
Azərbaycanda su hövzələrinin bioresurslarının mühafizəsi və bərpasına da yönəlmiş genişmiqyaslı layihələr icra olunur. Özümün də iştirak etdiyim bir tədbirə də diqqət çəkmək istəyirəm. Ekologiya nazirliyi IDEA İctimai Birliyi ilə birgə qərb zonasında Kür çayına, balıqartırma müəssisələrində yetişdirilən balıq körpələrini buraxdı. Bu aksiya ardıcıl olaraq həyata keçirilir. Bu günlərdə Qəbələ rayonunda da həyata keçirilib. Deməli, ölkəmizdə ekoloji məsələlər bütün istiqamətlər üzrə diqqət mərkəzindədir və bütün bunlara görə ekoloqların əməyi çox qiymətlidir, bəhrə verəndir.
Ölkədə ekoloji məsələlərə, ətraf mühitin qorunmasına o qədər diqqət yetirilir ki, demək olar ki, hər gün gündəlik mediada da, sosial şəbəkələrdə də bu barədə məlumatlara, müzakirələrə rast gəlirik. Bilirsiz ki, ötən ilin sonunda Birinci vitse-prezident. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanın filosof şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanda bir gündə 650 min ağac əkildi. Elə bu fakt kifayət edir ki, görülən işlərə, göstərilən ciddi səylərə müsbət qiymət verilsin.
Ermənistanın Azərbaycana olan işğalçılıq siyasətindən Azərbaycan təbiəti də əziyyət çəkir. İşğal olunmuş rayonlarda 247352 hektar meşə sahəsi, o cümlədən 13197,5 hektar qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi və 5 ədəd geoloji obyekt qalıb. Azərbaycan rəhbərliyi bu açı həqiqəti bütün dünya ictimaiyyətinə çatdırmaq üçün bütün beynəlxalq təşkilatlarının tribunalarından istifadə edir, bu fakt qəbul olunan beynəlxalq sənədlərdə əks olunur.
Azərbaycanın xüsusi mühafizə olunan təbiət əraziləri - Milli parklar, Dövlət təbiət qoruqları və Dövlət təbiət yasaqlıqlarının sayı ildən ilə artır. Hazırda 10 milli park, 11 dövlət təbiət qoruğu, 24 dövlət təbiət yasağı mövcuddur. Bu təbiət ərazilərini qorumaq, ölkədə yaşıllıqların sayını artırmaq işində böyüməkdə olan nəslin iştirakı çox vacibdir. Biz gənçlərimizə ekoloji mədəniyyəti aşılamalıyıq, onları Azərbaycanın zəngin təbiəti, flora və faunası barədə məlumatlandırmalıyıq, təbiəti qorumaq, təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadə etməyi, həmçinin gənclərə vəhşi təbiətdə düzgün davranışı, ətraf mühitə ziyan vermədən düzgün istirahət etməyi öyrətməliyik.
Ekoloji təhlükəsizliyin təmin edilməsi, bioloji müxtəlifliyin qorunub saxlanılması, atmosfer havasının və su ehtiyatlarının çirklənməsinin, torpaqların deqradasiyasının qarşısının alınması ölkədə aparılan ekoloji siyasətin əsas prioritetlərindəndir. Su ehtiyatlarının azalması bütün dünya miqyasında getdikcə narahatlıq doğurur. Ölkəmizin ekoloq və mütəxəssisləri də bu sahədə həyəcan təbili çalır və istər kənd təsərrüfatında, istərsə də məişətdə sudan qənaətlə istifadə etməyi məsləhət görürlər. Ötən ay Prezident İlham Əliyev “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Komissiya yaradılıb.
Azərbaycanda su hövzələrinin bioresurslarının mühafizəsi və bərpasına da yönəlmiş genişmiqyaslı layihələr icra olunur. Özümün də iştirak etdiyim bir tədbirə də diqqət çəkmək istəyirəm. Ekologiya nazirliyi IDEA İctimai Birliyi ilə birgə qərb zonasında Kür çayına, balıqartırma müəssisələrində yetişdirilən balıq körpələrini buraxdı. Bu aksiya ardıcıl olaraq həyata keçirilir. Bu günlərdə Qəbələ rayonunda da həyata keçirilib. Deməli, ölkəmizdə ekoloji məsələlər bütün istiqamətlər üzrə diqqət mərkəzindədir və bütün bunlara görə ekoloqların əməyi çox qiymətlidir, bəhrə verəndir.
Amma hesab edirəm ki, hamımızı əhatə edən təbii mühitimizin problemləri tək ekoloqların, dövlət qurumlarınım, ictimai təşkilatların üzərində qalmamalıdır. Bu işdə də bir ümumxalq birliyi lazımdır. Çünki baxın, öz içərimizdən olan brakonyerlərin qəddar münasibəti sayəsində dənizi, çayları olan bir ölkədə balıq məhsulu olduqca azdır yaxud da yoxdur, xaricdən gətirilir. Niyə? Ona görə ki, istafçılıq, dağıdıcı və məhvedici üsullarla ovlanma balıqların kökünü demək olar ki, kəsib. Və ya biriləri dayanmadan ağac əkir, digəri, ağac əkmədiyi bir yana, xəcalət çəkmədən ağac kəsir...
Bunları deməkdə məqsədim odur ki, biz də təbiətimizə xor baxanları rahat buraxmamalıyıq, aramızda onları əməllərinə görə utandırmalıyıq...
Bizim varlığımızı qoruyan təbiətdir, biz də onun qayğısına qalmalıyıq, hesab edirəm ki, başqa yanaşma mövcud ola bilməz!