Parlament işlər planını təsdiqləyib Siyasət

Parlament işlər planını təsdiqləyib

"Elm haqqında" qanun layihəsi də payız sessiyasının müzakirəsinə çıxarılacaq

Milli Məclisin ötən gün keçirilən payız sessiyasının ilk plenar iclasında sessiyanın işlər planı səsverməyə çıxarılıb. Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov işlər planını elan edib.
Payız sessiyasının işlər planına Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri, "Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında" qanun layihəsi, "Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsi, "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi, "Kənd təsərrüfatında informasiya - məsləhət vermə xidməti haqqında" qanun layihəsi, "Elm haqqında" qanun layihəsi, "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanun layihələri və Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələri daxildir.
Sonra deputatlar qanunvericlik işləri planı ilə bağlı müzakirə aparıblar. Deputat Elmira Axundova parlamentin dünənki iclasında çıxışı zamanı qeyd edib ki, qəbiristanlıqlardakı yarıtmaz vəziyyət narahatlıq doğurur.
Onun sözlərinə görə, mərasimlər haqqındakı qanunvericiliyə təkcə yas məclisləri ilə bağlı müddəalar salınmalı deyil. Deputatın fikrincə, qəbiristanlıqlardakı durumla bağlı məqamlar da nəzərə alınmalıdır: "Qanunların icrası ilə əlaqədar ictimai dinləmələrin keçirilməsi vacibdir. Deputatlar icra hakimiyyətləri ilə birgə ictimai dinləmələr aparmalıdır".
Əli Məsimli isə təhsil haqları ilə bağlı dəyişiklik təklif edib. Deputat Rəqabət Məcəlləsinin qəbul edilməsinin əhəmiyyətindən, "Reklam haqqında" və "Təhsil haqqında" qanunlardan danışıb.
Onun fikrincə, Milli Məclis "Təhsil haqqında" qanuna təhsil haqları ilə bağlı dəyişiklik etməlidir. "Reklam haqqında" qanunda da ana dilinin istifadəsi ilə əlaqədar dəyişikliklərin vacibliyindən söz açan Əli Məsimli diqqəti Bakıdakı reklam lövhələrinə yönəldib: "Reklamlar xarici dillərdədir. Ana dilimizə hörmət olunmur".
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov isə çıxışında parlament seçkilərində 3 faizlik səddi aşan partiya olmadığı halda, onlara veriləcək vəsaitin parlamentdə təmsil olunan partiyalar arasında bölünməsini təklif edib. O, bunun üçün "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər olunmasını təklif edib.
S.Novruzov deyib ki, "Siyasi partiyalar haqqında" Qanunun mövcud variantında qeyd olunur ki, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür: "Hazırda parlament seçkilərində 3 faiz səs alan partiyalara büdcədən maliyyə ayrılması nəzərdə tutulur. Amma belə partiya yoxdur. Təklif edirəm ki, bu maliyyə parlamentdə təmsil olunan siyasi partiyalar arasında bölüşdürülsün".
O, bildirib ki, həmin vəsait büdcədə qalıb və bu barədə qanun olmadığına görə, hansı formada xərclənməsinə sərəncam verilə bilmir.
Qeyd edək ki, "Siyasi partiyalar haqqında" mövcud qanunda göstərilir ki, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.
Bundan əlavə, Seçki Məcəlləsinə də dəyişiklik edilməsini istəyən S.Novruzov bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi zamanı qeydiyyatın sadələşdirilməsinı təklif edib: "Təklif edirəm ki, bələdiyyə seçkiləri zamanı namizədliyini irəli sürən şəxslərin qeydiyyat prosedurası sadələşdirilsin. Hazırda bələdiyyəyə namizədlə prezidentliyə namizədin qeydiyyata alınması üçün eyni sənədlər tələb olunur".
Səsvermə nəticəsində Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü il payız sessiyasının qanunvericilik işləri planı qəbul olunub.

Cavanşir Həsənli