Azərbaycanın bir qarış torpağını da kimsəyə güzəştə getmək olmaz Siyasət

Azərbaycanın bir qarış torpağını da kimsəyə güzəştə getmək olmaz

Tərtər Olimpiya İdman Kompleksinin açılışında Azərbaycan Prezidenti İlham Əliyevin nitqində yer alan fikirlər tarixi həqiqətlərin olduğu kimi ictimaiyyətə təqdim olunması ilə yanaşı, ermənilərin tarix boyu azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətinin mahiyyətini və bu siyasətin gerçəkləşdirildiyi böyük bir ərazinin sərhədlərini ortaya qoyur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.
O qeyd edib ki, Azərbaycan Prezidenti məhz bu səbəbdən, öz nitqində xüsusi olaraq Ermənistanın terror dövləti olduğunu vurğuladı. Ermənilər öz siyasi məqsədlərinə çatmaq, əsassız iddialarını təmin etmək, başqa xalqların torpaqlarını, mədəni irsini mənimsəmək üçün tarix boyu siyasətlə terroru iç-içə saxlayıblar. Onun sözlərinə görə, dünyada mənfur faşizm ideologiyası üzərində formalaşan siyasi partiya və hərəkatlardan başqa elə bir siyasi təşkilat nümunəsi yoxdur ki, o, öz təməl ideoloji prinsiplərində başqa millətlərə nifrət aşılasın, onları məhv etməyə, yer üzündən silməyə çağırışlar etsin.
Ekspert əlavə edib ki, siyasətin terrorla çuğlaşması faktının qədimliyinə görə, hətta alman faşizm ideologiyasının baniləri belə ermənilərə həsəd apara bilərlər. Belə ki, siyasi faşizmin əsasını qoyan Almaniya Milli Sosialist Fəhlə partiyasının ilkin yaranma mərhələsi 1919-cu ilin yanvarına təsadüf etsə də, ermənilər mahiyyət etibarilə eyni prinsipləri təbliğ edən “Armenakan” partiyasını 1885-ci ildə yaradıblar və bu partiya Türkiyənin Van, Muş, Bitlis, Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları həyata keçirib. Tarixdə ilk dəfə olaraq, siyasi partiya proqramında terrora açıq şəkildə çağırış edilməsi ilə bağlı xüsusi müddəanın yer alması faktı da, yenə də ermənilərə məxsusdur. E.Mirzəbəyli vurğulayıb ki, ermənilərin 1987-ci ildə Cenevrədə yaratdıqları "Hnçak" partiyasının proqramının 4-cü bəndində qeyd olunur ki, "Qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir".
Siyasi ekspert bildirib ki, bu siyahıya 1890-cı ildə yaranan, əsas qayəsi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında "böyük Ermənistan" dövləti qurmaq olan "Daşnaksütyun" - erməni federativ inqilab partiyasının məramını və fəaliyyətini də əlavə etsək, mübaliğəsiz olaraq, erməni siyasi-terror təşkilatlarının faşizmin “ataları” olduğunu deyə bilərik.
"Məhz bu baxımdan, Azərbaycan torpaqlarında yaradılmış Ermənistan adlı dövlətdə faşistlərə abidə ucaldılması təsadüfi sayılmamalıdır. Ermənistanın Tərtər şəhərini, Ağdamın kəndlərini bombalaması, mülki əhalini hədəfə alması da, məhz faşizmin təzahürüdür. Prezidentin də qeyd etdiyi kimi erməni terrorizminin sərhədi, miqyası yoxdur və işğalçı-terrorçu Ermənistan bütün vasitələrdən istifadə edərək, 1918-ci ildən başlayaraq qəsb və işğal edilmiş tarixi Azərbaycan torpaqlarından bu torpaqların tarixi və hüquqi sahiblərinin izini silmək üçün bütün vasitələrə əl atır, hətta ekoloji terror törətməkdən belə çəkinmir" , - deyə Elçin Mirzəbəyli qeyd edib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin öz nitqində qeyd etdiyi kimi, “Sərsəng su anbarının inşası Azərbaycan Respublikası tərəfindən, respublika büdcəsi hesabına həyata keçirilib. İndi isə mənfur qonşular bizim suyumuzu kəsiblər. Bu, ekoloji terrordur”. Xatırladıb ki, 2016-cı il yanvarın 26-da Avropa Şurası Parlament Assambleyası tərəfindən “Azərbaycanın sərhəd rayonlarının sakinləri qəsdən sudan məhrum edilib” adlı qətnamə qəbul olunub. Qətnamədə qeyd olunur ki, “qəsdən süni ətraf mühit böhranı yaratmaq “ekoloji təcavüz” kimi qəbul edilməli və ekoloji fəlakət zonaları yaratmaq, həmçinin aidiyyəti əhalinin normal yaşamını çətinləşdirmək məqsədilə bir dövlətin digərinə qarşı düşmənçilik hərəkəti kimi qiymətləndirilməlidir”. Sənəddə, həmçinin “Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması və Ermənistan hakimiyyəti su resurslarından siyasi təsir və ya təzyiq vasitəsi kimi istifadə etməyi dayandırması” tələb olunur. Göründüyü kimi, bu qətnamənin qəbul edilməsindən 4 ildən çox vaxt keçməsinə baxmayaraq, Ermənistan Azərbaycana qarşı ekoloji terror siyasətini də davam etdirməkdədir. Amma bütün vasitələrlə Azərbaycanı ləkələməyə, ölkəmizi gözdən salmağa, ölkəmiz haqqında uydurmalar yaymağa, saxta məruzələr qəbul etdirməyə çalışan AŞPA özünün qəbul etdiyi qətnamənin icrasını belə işğalçı Ermənistandan tələb etmir, yaxud ortaq maraqlar səbəbindən edə bilmir.
"Bu isə AŞPA-nın bir təşkilat olaraq, öz nüfuzunu tamamilə itirdiyini, qəbul etdiyi sənədlərin isə kağız parçası olduğunu bir daha təsdiqləyir. Lakin buna baxmayaraq, Azərbaycan Prezidentinin səyləri və şəxsi nüfuzu sayəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların və bir çox ölkələrin yanaşmaları ölkəmizin mövqelərini də gücləndirir" , - deyə siyasi ekspert vurğulayıb.
O deyib: “Azərbaycan Prezidentinin tarixi hadisələri olduğu kimi dilə gətirməsi ötən əsrin əvvəllərində buraxılan yanlışlıqların bir daha təkrarlanmaması, tarixdən ibrətamiz nəticələr çıxarılması olduqca mühüm əhəmiyyətə malikdir.
Prezident İlham Əliyevin də öz nitqində qeyd etdiyi kimi, İndiki Ermənistan respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələr göstərir ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. İrəvan qədim Azərbaycan şəhəridir.
Təəssüf adlarını tarixçi qoyan bəzi radikal müxalifət düşərgəsinin avantürist, maraq ovçusu olan təmsilçiləri, İrəvanın Azərbaycanlıların tarixi torpağı olduğu barədə həqiqətlərin üzərinə kölgə salmağa çalışırlar. O zaman sual olunur, əgər İrəvan Azərbaycan torpağı deyildisə, o zaman Azərbaycan Xalq Cümhuriyyəti hansı əsaslarla İrəvanın Ermənistana verilməsi ilə bağlı qərar qəbul etmişdi?
Ötən əsrin əvvəllərində Azərbaycan üçün torpaq itkisi ilə nəticələnən bu faktın olduğu kimi və ən yüksək səviyyədə Azərbaycan cəmiyyətinə təqdim olunmasının əsas səbəblərindən biri İrəvanın Azərbaycan torpağı olduğunu hüquqi və siyasi baxımdan əsaslandırmaqdır. Ortalıqda sənədlərlə təsdiqlənən təkzibolunmaz faktların olduğu halda bəzi “tarixçilərin” absurd iddialarla çıxış etməsini və tarixi hadisələrə erməni məntiqi ilə yanaşmalarını başa düşmək olmur.
Tarix sübuta yetirdi ki, ermənilər heç zaman torpaq iddialarından əl çəkməyəcəklər. Məhz bu baxımdan da, istənilən tarixi şəraitdə və vəziyyətdə Azərbaycanın bir qarış torpağını da kimsəyə güzəştə getmək olmaz. Tarixi, mədəniyyəti, potensialı, dövlətçilik ənənəsi olan bir xalq tarixin ən müxtəlif dönəmlərində özünə yeni dövlətlər yarada bilər, amma yeni torpaq yarada bilməz”.