Qubad İbadoğlu Arif Hacılı ilə “haqq-hesab”a hazırlaşır Siyasət

Qubad İbadoğlu Arif Hacılı ilə “haqq-hesab”a hazırlaşır

Müsavat başqanlığına sabiq namizəd Məclis sədrliyi təklifindən imtina edib

"İsa Qəmbərin iştirakı ilə keçirilən toplantıda mənə Müsavat Məclisinin sədri olmaq təklif edildi, amma imtina etdim". Müsavat başqanlığa keçmiş namizəd, iqtisadçı Qubad İbadoğlu açıqlamasında belə deyib.
Qubad İbadoğlu qeyd edib ki, Müsavat Partiyasının seçkili orqanlarında boş qalan yerlərə keçiriləcək seçkilərdə iştirak etməyəcək: "Müsavatın seçkili orqanlarında təmsil olunmaq və ya təyinat almaq niyyətində deyiləm. Bununla bağlı mövqeyimi açıqlamışam və mövqeyimdən geri çəkilən deyiləm".
Qubad İbadoğlu oktyabrın 6-na təyin etdiyi toplantı haqda geniş danışmaq istəməyib: "Çünki görüşdə hansı qərarın qəbul ediləcəyi yalnız məndən asılı deyil. Toplantıya qədər məsləhətləşmələrimiz olacaq. Qərarımız da bir olacaq. Müsavatda fəaliyyətimiz davam edir. Bundan sonrakı mərhələdə də ümumi qərarımız olacaq və buna uyğun addımlar atacağıq".
Sabiq namizəd qeyd edib ki, elmi-pedaqoji fəaliyyətini davam etdirəcək: "QHT sektorundakı fəaliyyətimi isə Müsavat Partiyasının qurultayına və başqanlığa namizəd olduğuma görə müvəqqəti dondurmuşdum. Elan etmişdim ki, Müsavatın qurultayı və başqanlıq yarışı yekunlaşanadək fəaliyyətimi dondururam və əgər başqan seçilsəm, QHT sektorundan istefa verəcəm. Amma indi İqtisadi Tədqiqatlar Mərkəzi bağlanıb, işləmir. Avqustun 28-dən mərkəzin fəaliyyəti dayandırılıb. Həm mərkəzin bank hesabları, həm də mənim şəxsi bank hesablarım həbs altındadır. Hazırda yeganə fəaliyyətim elmi-pedaqoji fəaliyyətdir, Dövlət İqtisad Universitetində dərs deyirəm".
Qeyd edək ki, sentyabrın 27-də Müsavat Partiyasının 8-ci qurultayı keçirilib. Qurultayda Müsavat başqanı İsa Qəmbərin səlahiyyət müddəti başa çatıb və partiyaya yeni başqan seçilib, Arif Hacılı qalib gəlib.
Qubad İbadoğlu dünən özünün "Facebook" səhifəsində yazdığı statusunda da bir suallar səsləndirərək, əslində müsavatçılarla 3 gün sonrakı toplantıda müzakirə olunacaq məsələlərin anonsunu verib.
Qubad İbadoğlu belə yazıb: "Heç kənarda qalanlarla Məclisə düşənlər arasında paralellər aparmısınızmı? Necə ola bilər ki, orta savadı olanlar Məclisə düşür, alimlər və ziyalılar kənarda qalır? Bu, sizi düşündürürmü? Düşünürsünüzmü partiyanın İqtisadiyyat, Təhsil, Tibb, Təhlükəsizlik, Qarabağ komissiyalarına kimlər rəhbərlik edəcək.
Məclisdəkilərin orta yaşına nəzər salmısınızmı? Hazırkı tərkibdə cəmiyyətə təqdim olunacaq yeni simalar gördünüzmü? Məsləhətim odur ki, bir-birinizi aşağılayan yazılara son qoyasınız, Məclis barədə təhlillər aparasınız, layiqli namizədləri təqdim edəsiniz və onlara yol açasınız".
O, son vaxtlar müsavatçıların bir-birini ittiham etməsinə münasibət bildirərək, onları konkret məsələlər ətrafında mübarizə aparmağa çağırıb. Q. İbadoğlu qeyd edib ki, əsas müzakirələr Müsavat Məclisinə keçirilən seçkilərin nəticələri ilə bağlı olmalıdır: "Son günlər sizlər arasında gedən müzakirələri izləyir və bölüşdüyünüz mövqelərə, səsləndirdiyiniz fikirlərə və eyni zamanda bir-birinizə qarşı olan münasibətlərin şiddətinə görə narahatlıq keçirirəm. Əgər Müsavatın güclənməsini və inkişafını istəyirsinizsə, müzakirələrin yönünü dəyişin, onu elə aparın ki, ondan partiyanın gələcəyinə töhfə olsun. Siz nədən bu müzakirələrinizi Məclis seçkilərinin nəticələri üzərində qurub növbəti seçki üçün layiqli namizədlərinizi müəyyənləşdirmirsiniz? Məclis Müsavatın vitrinidir, ora ağılı, zəkası və intellekti olanların meydanıdır. Amma son seçkilər göstərdi ki, sizlər Azərbaycanda konfliktlərin həlli, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert olan ABŞ-ın Duke Universitetinin məzunu Elxan Mehdiyevin, tanınmış iqtisadçı, vergi mütəxəssisi, keçmiş vergi naziri İsa Bağırovun, pedoqika üzrə fəlsəfə elmlər doktoru, Azad Müəllimlər Birliyinin sərdi Məlahət Mürşüdlünün, tanınmış jurnalist Elşad Paşasoyun, insan haqları müdafiəçisi Sədaqət Paşayevanın, Böyük Britaniyanın Nyukasl Universitetində beynəlxalq iqtisadiyyat üzrə magistr dərəcəsini almış Müsavat Gənclər təşkilatının sədri Əhliman Abbasın, başqanlığa namizəd Tural Abbaslının və digər fədakar gənclərin və müsavatçıların Məclisə seçilməsinə nail ola bilmədiniz?"
Yeri gəlmişkən, Qubad İbadoğlu ilə bir çox məsələlərdə həmfikir olan Vurğun Əyyub da Arif Hacılıya qarşı cəbhədə yer alıb. Müsavat başqanının sabiq 1-ci müavini Arif Hacılının qardaşına qarşı sərt ittihamlar yağdırıb. O bildirib ki, Arif hacılının qardaşı, "Əhrar" Partiyasının sədri Vaqif Hacıbəylinin tərbiyəsində ciddi problemlər var.
Xatırladaq ki, Qubad İbadoğlunun "Əhrar partiyasında cəmi bir nəfər var" açıqlaması bütün Hacılı ailəsini ayağa qaldırıb. Vaqif Hacıbəyli facebookda yazdığı statusla Qubad İbadoğluya belə cavab vermişdi: "Tutaq ki, Əhrar partiyasında bir nəfər var. Nə olsun? Harada tapsan ki, mən iki nəfərin olduğunu demişəm, onda deyərsən ki, yalan demişəm. Əhrar partiyası ümumiyyətlə yoxdu, heç kağız üzərində də yoxdu. Başqa partiyaların möhürü var, bunun heç möhürü də yoxdur. Oldumu? Bitdimi? Rahatlanın".
Vaqif Hacıbəyli təkcə Qubad İbadoğlunu deyil, Vurğun Əyyubu da hədəfə alıb. İsa Qəmbərin keçmiş müavinini "ələkçinin qılverəni" adlandıran Vaqif Hacıbəyli iddia edib ki, 2003-cü ilin oktyabrında, "hamının pərən-pərən düşdüyü o günlərdə" Müsavatı məhkəmədə təmsil edəndə, İsa Qəmbərin seçki qərargahına rəhbərlik edəndə, "hücumlara qarşı sipər olanda" nə Qubad İbadoğlu, nə də Vurğun Əyyub üzə çıxmırdı, "qınlarına girmişdi".
Vurğun Əyyub isə mətbuatan açıqlamasında Vaqif Hacıbəylinin xəstə olduğunu bildirib: "Vaqif Hacıbəyli xəstə adamdır. Tərbiyəsində ciddi problemləri var. Xəstə olduğundan dediyi yalanları bağışlayıram. Onunla şəxsi münasibətimizdə heç bir problem olmayıb. Əgər başqanlıqda Arif Hacılını dəstəkləsəydim, indi Vaqif Hacıbəylinin dilindən tamam başqa sözlər eşidərdiniz".
Vurğun Əyyub Müsavat Partiyasından səs-külyü istefaların olacağı və hətta özünün də bu təşkilatı tərk edəcəyi ilə bağlı məlumatlara da aydınlıq gətirib: "Nə qərar verdiyimizi hər kəs görəcək".

CƏMİL