Parlamentin növbəti plenar iclası keçirilib Siyasət

Parlamentin növbəti plenar iclası keçirilib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib. İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, bir neçə gündən sonra xalqımız tariximizə qızıl hərflərlə yazılmış 15 iyun – Milli Qurtuluş Gününü qeyd edəcək. Bu, bizim üçün sadəcə təqvim bayramı deyil. Onun ictimai, siyasi və tarixi əhəmiyyəti olduqca böyükdür. Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin dönüş nöqtəsidir, xalqımızın, Azərbaycan dövlətçiliyinin sözün həqiqi mənasında xilası tarixidir. Bu tarixi yaradan, yazan isə milli, müstəqil dövlətçiliyimizin banisi Ulu Öndər Heydər Əliyevdir.
Spiker qeyd edib ki, müstəqilliyin ilk illərində dövlətimizin üzləşdiyi təhdidlərin, xalqımızın yaşadığı faciələrin bu gün bu zalda əyləşən bir çoxları canlı şahidi olublar. Həmin dövrdə müşahidə olunan siyasi xaos və anarxiya, dərin iqtisadi tənəzzül, separatizm meylləri yenicə əldə olunmuş müstəqilliyimizi itirmək təhlükəsi yaratmışdı.
Belə bir zamanda, xalqımızın dəstəyi, etimadı və tələbi ilə ölkəmizdə hakimiyyətə gələn Heydər Əliyevin yüksək səriştəsi, liderlik bacarığı, zəngin dövlətçilik təcrübəsi Azərbaycanı siyasi təlatümlərdən, beynəlxalq təcriddən xilas etdi. Ölkəmizdə hökm sürən özbaşınalıq aradan qaldırıldı və ictimai-siyasi sabitlik təmin olundu. Qısa müddət ərzində Ümummilli Liderin rəhbərliyi ilə köklü islahatlar başlandı, dövlətçiliyin əsasları yaradıldı. Buna paralel olaraq, cəmiyyətimizin ideoloji əsasları formalaşdırıldı, azərbaycançılıq məfkurəsi dövlət ideologiyası kimi qəbul edildi. Demokratik inkişaf, insan hüquqları ilə bağlı çox ciddi islahatlara start verildi. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədi, sarsılmaz və dönməz xarakter almasına nail oldu.
Parlamentin Sədri daha sonra belə bir fikri vurğulayıb ki, 15 iyunun bizim üçün müstəsna əhəmiyyəti həm də onunla əlaqədardır ki, möhtəşəm qurtuluş tarixi məhz bu binada – Milli Məclisdə yazılmağa başlanmışdır. Ulu Öndərin parlamentimizə rəhbərlik etməsi Azərbaycan parlamentarizm tarixinin parlaq bir səhifəsini təşkil edir. O vaxta qədər siyasi çaxnaşmaların, marginal qrupların mübarizəsinin mərkəzi olan Azərbaycan parlamenti Heydər Əliyevin rəhbərliyi ilə demokratiya məbədinə, Azərbaycanın gələcək inkişaf yolunun müəyyən olunduğu strateji bir mərkəzə çevrildi. Ulu Öndər məhz parlamentin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi.
Spiker deyib ki, xalqımız haqlı olaraq ölkəmizin bugünkü uğurlarını, sabitlik və firavanlığı məhz Heydər Əliyevin tarixi qayıdışı ilə bilavasitə əlaqələndirir. Ölkəmizin inkişafı ilə bağlı fundamental istiqamətlər Ulu Öndər tərəfindən müəyyən edilib. Çox sevindirici haldır ki, Qurtuluşdan başlanan tarixi yol bu gün də uğurla davam etdirilir. Ölkəmizin bugünkü yüksək inkişafı və tərəqqisi Heydər Əliyev ideyalarından güc alır, qurtuluş məfkurəsinə istinad edir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli siyasət sayəsində Azərbaycan Respublikası inkişaf edir, dövlət quruculuğu istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilir. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində də etibarlı tərəfdaş kimi tanınır. Bu gün tam əminliklə deyə bilərik ki, Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan ən yüksək zirvələri fəth edir.
Sonra parlamentin iclas zalında Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar hazırladığı video-material nümayiş olunub.
Tədbirdə çıxış edən komitə sədrləri Sadiq Qurbanov, Musa Quliyev, Zahid Oruc, Səməd Seyidov, deputatlardan Elşən Musayev, Ramil Həsən, Tural Gəncəliyev, Azay Quliyev, Ceyhun Məmmədov, İlham Məmmədov, Cavid Osmanov, Fəzail Ağamalı qarşıdan gələn 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar fikirlərini bölüşüblər, bu günün Milli tariximizdəki rolunu və əhəmiyyətini xüsusi vurğulayıblar, seçiciləri maraqlandıran məsələlərdən söhbət açıblar. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev Avropa Parlamentinin Ermənistanın Dağlıq Qarabağa üçüncü yol çəkməsi əleyhinə verdiyi bəyanatı Azərbaycan diplomatiyasının uğuru və Avropa Parlamentinin obyektiv qərarı kimi dəyərləndiriblər.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıb.
Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, gündəliyə 7 məsələ daxil edilib.
“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarliq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, layihənin birinci oxunuşda Milli Məclisdə müzakirəsi zamanı layihə barədə ətraflı məlumat verilib. Müzakirələr zamanı 17 deputat çıxış ediv, qeyd və təkliflərini verib, bir sıra məsələlərə maliyyə naziri Samir Şərifov tərəfindən aydınlıq gətirilib.
Komitə sədri bildirdi ki, 2019-cu il Azərbaycanda ən sürətli, əhatəli islahatlar ili kimi yadda qalıb. Aparılan iqtisadi islahatlar sürətli və inklüziv iqtisadi inkişafla nəticələnib.
2019-cu ilin Dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri və sosial-iqtisadi siyasət istiqamətləri ilə uzlaşdırılaraq qlobal iqtisadiyyatda gedən proseslərin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla icra olunub. Bütün sosial proqramlar və xüsusilə də iki böyük sosial paket icra olunmuş, nəzərdə tutulan hədəflərə nail olunub.
Dövlət və İcmal büdcələrinin gəlirləri proqnozla nəzərdə tutulduğundan artıq, xərcləri isə təsdiq edilmiş büdcə ayırmaları həddini aşmadan icra olunub. Xərclərin az icrası heç bir sosial layihənin prioritet xərclərinin ixtisar olunmaması təqdirəlayiq haldır. Dövlət büdcəsinin kəsiri proqnoza nisbətən qat-qat az olub, onun Ümumi Daxili Məhsulda xüsusi çəkisi isə cəmi 0,3 faiz olub. 2019-cu ilin Dövlət Büdcəsinin icrası Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf kursunun ardıcıl surətdə davam etdirilməsində öz müsbət rolunu oynayıb.
Müzakirələr zamanı çıxış edən Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, komitə sədrləri Bəxtiyar Əliyev, Zahid Oruc, Siyavuş Novruzov, deputatlar Jalə Əliyeva, Erkin Qədirli, Məlahət İbrahimqızı, Fazil Mustafa, Emin Hacıyev, Malik Həsənov, Razi Nurullayev, İltizam Yusifov, Əziz Ələkbərov, Səttar Möhbalıyev, Sevinc Fətəliyeva, Elman Məmmədov, Rauf Əliyev 2019-cu ilin dövlət büdcəsinin icrasını yüksək qiymətləndirdilər, qeyd və təkliflərini verdilər.
Müzakirələrdən sonra “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Məhkəmə-Hüquq Şurası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə təklif olunan dəyişiklikləri ikinci oxunuşda diqqətə çatdırıb. Bildirilib ki, layihə barədə birinci oxunuşda ətraflı məlumat verilib. Bu dəyişiklik ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması sahəsində görülən tədbirlər çərçivəsində məhkəmələrin fəaliyyətinin monitorinq sisteminin təkmilləşdirilməsi məqsədini daşıyır. Qanun layihəsi ətrafında müzakirələr zamanı Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev, komitə sədrləri Musa Quliyev, Siyavuş Novruzovun fikirləri dinlənildikdən sonra layihə səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda təqdim olunub. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə bildirib ki, bu dəyişikliklər ölkə Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə əlaqədardır. Belə ki, ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə məcəlləyə bir sıra dəyişikliklər təklif olunur. Bu dəyişikliklər “Elektron məhkəmə” informasiya sisteminin tətbiqini, müasir informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə edilməklə, xüsusi hallarda cinayət prosesinin videokonfrans vasitəsilə davam etdirilməsini təmin edən yeni maddələrin əlavə edilməsini, həmçinin bu sahədə müasir informasiya vasitələrinin tətbiqini nəzərdə tutur.
Müzakirələr zamanı çıxış edən komitə sədrləri Bəxtiyar Əliyev, Hicran Hüseynova, Zahid Oruc, deputatlardan Razi Nurullayev, Tahir Kərimli, Fazil Mustafa, Erkin Qədirli, Kamal Cəfərov, Arzu Nağıyev qanun layihəsi barədə öz fikirlərini açıqladılar, təklif olunan dəyişiklikləri məqsədəmüvafiq hesab etdilər. Sonra layihə səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumatı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çatdırıb. Bildirib ki, layihəyə əsasən Muxtar Respublikanın Babək qəsəbəsinə şəhər statusunun verilməsi, Cəhri və Nehrəm kəndlərinə qəsəbə statusu verilməsi nəzərdə tutulub. Ümummilli lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında günbəgün inkişaf edir. Həm iqtisadi islahatlar, həm sosial problemlərin həll olunması regionların da inkişafında özünü büruzə verir. Son illər Babək rayonunda geniş abadlıq, quruculuq tədbirləri həyata keçirilib, onlarla inzibati bina, məktəb və xəstəxanalar, sənaye müəssisələri, park və xiyabanlar salınıb. Rayonun Cəhri və Nehrəm kəndlərinə göstərilən dövlət qayğısı nəticəsində əhalinin sayı artmaqla bərabər, sosial-iqtisadi inkişaf və məşğulluq səviyyəsi də yaxşılaşmış, yeni istehsal və sosial-mədəni obyektlər qurulmaqla hər iki kənd müasir tipli qəsəbəyə çevrilmişdir. Siyavuş Novruzov Naxçıvanın bu yaşayış məntəqələrinin əhalisinin tarixən göstərdikləri qəhrəmanlıqlar, onların dövlətçiliyimizə sadiqliyi, ümummilli lider Heydər Əliyevə verdiyi dəstək barədə fikirlərini və xatirələrini bölüşdü. Qanun layihəsi barədə deputat Fəzail Ağamalının fikirləri dinlənildikdən sonra layihə səsə qoyularaq təsdiqlənib.
Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim ediblər. Bildirilib ki, təklif olunan bu dəyişikliklər ekoloji təhlükəsizliyin qorunması məqsədi daşıyır. Sənəd səsə qoyularaq qəbul edilib.
Mülki Məcəllədə, Şəhərsalma və Tikinti Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədləri Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib. Bildirib ki, bu dəyişikliklər tikinti sahəsində səlahiyyətləri həyata keçirən qurumların dəqiqləşdirilməsi üçün hazırlanıb. Layihə barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev də fikirlərini bildirib.
Sonra sənəd səsə qoyularaq qəbul edilib.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) məlumat verib. Bildirib ki, layihə tibb müəssisələrinin akkreditasiyasının keçirilməsi qaydalarını və buna görə tutulan dövlət rüsumunun dərəcələrini müəyyən edəcək. Məsələ barədə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov da fikirlərini bildirib, layihəni yüksək qiymətləndirib.
Sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
İclasın gündəliyindəki məsələlərin müzakirəsi başa çatdıqdan sonra Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev, Milli Məclis Sədrinin müavini Adil Əliyev, komitə sədri Sadiq Qurbanov, deputatlar Fazil Mustafa, Tahir Kərimli, Əli Məsimli, Aqil Abbas cari məsələlər barədə fikirlərini bildiriblər.
Bununla da Milli Məclisin iclası başa çatıb.

Əli Zülfüqaroğlu