“Son vaxtlar Avropa Birliyinin dövlətlərin ərazi bütövlüyü prinsipinə dəstəyi diqqəti cəlb edir" Siyasət

“Son vaxtlar Avropa Birliyinin dövlətlərin ərazi bütövlüyü prinsipinə dəstəyi diqqəti cəlb edir"

Komitə sədri: “Avropa Parlamentinin son bəyanatı Avropa Şurası üçün də örnək olmalıdır”

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku və Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurandun yaydığı “Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə Bəyanat”a dair açıqlama yayıb.
Həmin açıqlamada deyilir:“Avropa Parlamenti adından Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə edən və öz zamanlaması, formatı, mövzusu və obyektivliyi baxımından bir ilk olan belə bir mühüm sənədin imzalanması diqqətə və təqdirəlayiq hadisədir. Öncə qısaca xatırlatma edək ki, Avropa Birliyinə üzv dövlətlərin milli parlamentləriylə oxşar haqlara sahib olan Avropa Parlamenti, Avropa Birliyinə üzv ölkə xalqlarının demokratik siyasi iradəsini təmsil edir. Parlament Avropa Birliyinin üç vacib qurumundan biridir. 1979-cu ilə qədər onun üzvlərini dövlətlər təyin edirdi. Həmin il verilən qərarla üzvlər birbaşa seçkilərdə seçilir. Parlamentin üç vacib funksiyası var:

a) Avropa qanunlarını elan etmək;
b) Avropa qurumlarına demokratik nəzarət etmək;
c) Şura ilə birlikdə büdcəyə dair qərarlar vermək.


1952-ci ildə qurulmuş Avropa Parlamenti öz iclaslarını Brüsseldə və Strasburqda keçirir. Və 10 iyun 2020-ci ildə qəbul edilmiş, Ermənistanın işğalçı siyasətinə qarşı ədalətli və mühüm sənəd də Brüsseldə verilib. Parlamentin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku və Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsi Nümayəndəliyinin sədri Mariya Kalyurand Ermənistanı Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsi ilə birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə etiraz bəyanatı yayıb. İctimaiyyətimizin ictimai fəal kəsiminə bəlli olduğu kimi, Bəyanatda deyilir:
“Yaxın vaxtlarda Ermənistan və Dağlıq Qarabağı birləşdirən üçüncü avtomobil yolunun inşasının tezliklə başlayacağı elan edilmişdi. Bu yeni yol infrastrukturu, həmçinin işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarından keçərək, Ermənistanın Qafan rayonunu Dağlıq Qarabağın Hadrut rayonu ilə birləşdirəcək. Prinsip etibarı ilə biz Şərq Qonşuluğundakı regional əməkdaşlığı, əlaqələri və insanlar arasındakı əlaqələri inkişaf etdirən layihələri dəstəkləyirik. Lakin bu magistralın inşası qərarı Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan qəbul edilib və beynəlxalq hüquq pozulub. Bundan əlavə, bu addım Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edə bilər. Buna görə də bu təşəbbüsdən çox təəssüflənirik, çünki bu, etimad, sülh və barışıq mühiti yaratmağa kömək etmir. Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərinə və onların 2009-cu ildə təsdiqlənən Əsas Prinsiplərinə dəstəyimizi bir daha bəyan edirik. Bu vasitəçiliyin uğur qazanması üçün biz Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində münaqişənin sülh yolu ilə həllinə dair öz öhdəliklərini gücləndirməyə çağırırıq”.

Bəs bu Bəyanatda ifadə edilən müddəalar çərçivəsində nələri özəlliklə fərqləndirə, vurğulaya bilərik?

1) Avropa Birliyi Dağlıq Qarabağ məsələsində (başqa sözlə, Azərbaycan torpaqlarının işğalı faktına münasibətdə; rəsmi istilahla, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində) prinsipial mövqeyini öncələr də ortaya qoyub, respublikamızın ərazi bütövlüyü və suverenliyinə birmənalı dəstək ifadə edib;
2) Avropa Parlamentinin Azərbaycan və Ermənistan üzrə məruzəçiləri, həmçinin Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Ermənistana, onun işğalçılıq siyasətinə qarşı ilk dəfədir ki, ortaq bəyanat qəbul edir;
3) Bəyanatın mətni Ermənistana münasibətdə olduqca sərtdir və Avropa Parlamenti Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini açıq şəkildə bəyan edir, bəyanatda ikibaşlı məna daşıyan və yarımçıq ifadələr işlədilməyib;
4) Yetərincə təcrübəli və nüfuzlu məsul şəxslər – üç tanınmış siyasətçi tərəfindən belə bir Bəyanatın verilməsi Avropa Parlamentinin bütün spektrlərində mövzuya dair vahid yanaşmanın mövcud olduğunun ifadəsidir;
5) Sənəddə önəmli məqamlardan biri də açıq kontekstdə Ermənistanın beynəlxalq hüquq normalarını pozduğunun vurğulanmasıdır;
6) Ətraf rayonlarla yanaşı, Dağlıq Qarabağın da qanunsuz olaraq işğal olunması faktı tanınır – bu da çox önəmli məqamdır;
7) Qeyri-qanuni magistral yolun tikintisi ilə bağlı Avropa Parlamenti öz narahatlığını ifadə edir. Yəni Avropa Parlamenti anlayır ki, Ermənistanın bu avantürist siyasəti güvən, sabitlik və barış mühiti yaratmağa kömək etmir; yolun çəkilməsi pislənilir;
8)Avropa Parlamentinin bu Bəyanatında işğal altındakı Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyət də öz əksini tapıb və buna etiraz edilir;
9) Ermənistanın münaqişənin Azərbaycanla qondarma rejim arasında olduğunu iddia edərək, işğalçılıq siyasətini gizlətməyə cəhd etməsi Avropa Parlamentinin bu Bəyanatında açıqca ifşa olunur. Belə ki, Avropa Parlamenti münaqişənin məhz Azərbaycan və Ermənistan arasında olduğunu bildirir, həll yolunu sülh zəminində axtarmağa çağırır;
10) Bəyanatda 2009-cu ildə qəbul edilmiş “Baza prinsipləri”nə istinad edilməsi ilə münaqişənin həllində Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etməsinə də eyham vurulur.
Bəllidir ki, Ermənistanın demokrat libaslı, amma işğalçı zehniyyətli yeni hakimiyyəti sözügedən prinsipləri qəbul etmək istəmir, mümkün çərçivədə özünü prosesdən qıraqda saxlamağa çalışır və s.
Ümumiyyətlə, son vaxtlar Avropa Birliyinin dövlətlərin ərazi bütövlüyü prinsipinə dəstəyi diqqəti cəlb edir. Çox təqdirəlayiq haldır ki, Avropa Birliyi Xarici İşlər Nazirləri Şurasının keçən ay qəbul etdiyi “Şərq Tərəfdaşlığının gələcəyi üzrə Yekunlar Sənədi”ndə Avropa Birliyinin ərazi bütövlüyü, müstəqillik və suverenlik daxil olmaqla, dünyəvi qaydalara əsaslanan beynəlxalq nizama və hüquqa sadiqliyi yer alıb. Avropa Birliyinin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Borrell bugünlərdə BMT Təhlükəsizlik Şurasının virtual iclasında bildirmişdi ki, suverenliyə və ərazi bütövlüyünə sayğı Avropa Birliyinin Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərində əsas elementlərdən biri olacaq. Beləliklə, Avropa Parlamentinin qətiyyətli mövqeyini bir daha alqışlayarkən və onun önəmini etiraf edərkən, onu da qeyd edirik ki, bu təqdirəlayiq sənəd yalnız Brüsseldə, yaxud necə deyərlər, Avropa Parlamentinin öz divarları içində qalmamalı, məsələn, ATƏT-in Minsk Qrupu həmsədrləri üçün örnək olmalı və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair aydın mövqe ortaya qoyulmalıdır.
Avropa Parlamentinin son Bəyanatı Avropa Şurası üçün də örnək olmalıdır. Adi məişət məsələsinə dərhal reaksiya verən Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçilərinin, Ermənistan tərəfindən işğal altında saxlanan ərazilərimizdə keçirilmiş və təlxək oyunlarına bənzəyən qondarma “seçki” şousuna münasibətdə “görmürəm, eşitmirəm, danışmıram” modunda davranması ancaq təəssüf doğurur. Bəyanat Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin davamının parlamentarizm əməkdaşlığı çərçivəsində həyata keçirilməsinin parlaq örnəyini təşkil edir. Avropa Parlamenti ilə uğurlu əməkdaşlıq çərçivəsində ölkəmizin haqq səsinin yüksək tribunalardan səsləndirilməsi, əlbəttə, bundan sonra da davam və inkişaf etdiriləcəkdir.
Bu Bəyanat onu göstərir ki, Azərbaycanın uğurlu xarici siyasəti gözlənilən məntiqi nəticələri doğurmaqdadır. Bəyanatda ifadə edilən mühüm fikirlər, respublikamızın ərazi bütövlüyünü təsdiq etdiyi kimi, Ermənistanın işğalçılıq siyasətini də xüsusi olaraq pisləyir. Ermənistan özünü gülünc vəziyyətə qoyaraq, Avropa Parlamentinin yaydığı bu Bəyanatın əhəmiyyətsiz bir sənəd olduğunu iddia edir. Halbuki erməni siyasətçiləri, mediası və politoloqları bu sənədi Azərbaycanın böyük diplomatik uğuru olmaqla yanaşı, rəsmi Bakıya antiterror əməliyyatı fürsəti verdiyini də gizlətmirlər. Bu mötəbər qurumda münaqişənin həllinin əsas şərti kimi Azərbaycanın ərazi bütövlüyünün önə çəkilməsi, Ermənistanın işğalçı siyasətindən narahatlığın yüksək səslə ifadə edilməsi, danışıqlar prosesindəki mövcud gerçəkliklərin Avropada necə qəbul edilməsinin göstəricisidir. Biz böyük bir məsələnin, Ermənistanın öz havadarlarının dəstəyi ilə həyata keçirdiyi işğalın və işğaldan irəli gələn problemlərin bir bəyanatla həll olunmadğını başa düşürük, lakin hər belə bəyanatın, haqlı mövqeyin, beynəlxalq çağırışın düşmənə zərbə olduğu da danılmazdır.
Bu planda bir daha xatırlatmaq və vurğulamaq istərdik ki, yeni yol infrastrukturunun inşası qərarının Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan alındığının ifadə edilməsi, özəlliklə, habelə Dağlıq Qarabağ və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edə biləcəyinin, bir sözlə, beynəlxalq hüququn pozulduğunun vurğulanması yetərincə ciddi mövqedir. Bu çağırışlar işğal zonasında bütün qanunsuz hərəkətlərin dayandırılmasına, sonucda, işğalın bitməsinə gətirib çıxaranadək gur səslə təkrarlanmalı, inkişaf etdirilməlidir.
Yuxarıda da vurğuladığımız kimi, Avropada, sülhyaratma mandatına sahib qurumlarda, ilk növbədə Ermənistanın özündə anlamalıdırlar ki, sülh çağırışlarına qulaq asmamaq, beynəlxalq çağırışların məntiqi sonluğa bağlanmasına mane olmaq, müharibə alternativinə aparır. Əslində, hamının bildiyi bir həqiqət var: sülh – alternativlərin ən yaxşısıdır. Ən yaxşı alternativ üçün ən pis mövqe (mövqesizlik) isə Ermənistan dövlətinin hakimiyyətlər dəyişsə də, dəyişməyən işğalçılıq zehniyyətindən qidalanır...”